Свобода людям, независимость нациям!

Daha nələrə hazır olmalıyıq?..  

1012 06.12.2025 13:00 Колумнисты A A

Noyabrın sonunun, dekabrın əvvəlinin Ukrayna problemi üçün həlledici olacağı gözlənilirdi. Amma hələ hamı gözləməkdədir.

Prezident Trampın planı işə düşməmiş onun opponentlərinin tərəfdarlarından qat-qat çox olduğu bilindi. Məsələ tək Kiyevin diplomatik müqaviməti ucbatından uzanmır, Avropdakı müttəfiqlər də  Tramp planına ən azı ciddi korrektələr etməyin tərəfdarıdırlar.

Hamıdan çox “sülh” istəyən, hətta müəmmalı dərəcədə tələsən yalnız cənab Trampdır: dəfələrlə soruşmuşuq özümüzdən ki, əcəba, adam niyə belə tələsir? Bəlk doğrudan Nobel üçün? Və ya adam bəlkə həqiqətən də ciddi pasifistdir və Ukraynanın tək coğrafi, maddi-texniki itkiləri yox, daha çox müharibənin humanitar tərəfləri, böyük insan itkiləri və savaşın miqyasının getdikcə böyüməsi narahat edir onu?

Hökm vermək olmur, amma adam dünya siyasətində yeni də deyil və artıq hamı onun siyasi üslubunun bir cəhətini çoxdan hiss edib: Tramp üçün köhnə siyasi stereotiplər, “geosiyasi müttəfiqlər” kimi anlayışlar və digər siyasi motivlər ön sırada deyil və dəfələrlə demişik, bir daha təkrar edirik ki, çox şeylərə iş adamının gözü ilə baxır, sanki ABŞ-ın siyasi lideri yox, daha çox iqtisadi məsələlərlə məhdudlaşan hökumət başçısıdır: hər məsələdə siyasətçün iqtisadi platforma yaratmağa cəhd edir. Anlamaq olmur ki, onun iş adamı kimi təcrübəsindən irəli gəlir bu, yoxsa ona belə daha asandır?..

Tramp Ukraynadakı siyasətinə də iqtisadi məzmun verməyə çalışdı, məşhur “minerallar sazişi”ni imzaladı və yenə deyirik ki, məqsəd bilinmir: orta statistik amerikalı vergi ödəyicisinin gözündə özünün Ukraynadakı səylərinə əsas yaratmağa çalışır, yoxsa ki, keçmiş biznes adamının mentaliteti təqib edir bunu?

İndinin özündə adamın sülh planına tamam fərqli münasibət sərgilənir: nəinki avropalı siyasi analitiklər, eləcə ukraynalı siyasi jurnalistlər sülh planına ABŞ prezidentini “biznes planı” deyirlər.

Amma məsələ təkcə Trampda deyil məncə: “Amerika eqoizmi” daha ciddi şəkildə gündəmə gələ bilər, məsələn, elə Trampdan sonra. Söhbət nədən gedir?

Ölkə “geosiyasi filantrop” statusundan tamamilə imtina edər və ya özünün dar maraqlarını önə çəkər, yəni qəbul etmək lazımdır ki, Vaşinqton artıq kimlərinsə hamisi və ya vəkili olmaq istəmir, kiminləsə özünü geosiyasi müttəfiqlik tellərilə bağlamağı düşünmür, “öz problemlərini hamı özü həll etsin” məntiqilə yaşamağa başlayır. Tramp bu yanaşmanı dəfələrlə sərgiləyibdir, ən müxtəlif müstəvilərdə! Kim bilir, bəlkə bunlar Vaşinqtonun gələcək siyasətinin proloqudur?..

Ona görə də avropalılar deyəndə ki, post-sovet ölkələri öz müstəqillikləri uğrunda Moskva ilə vuruşmağa da hazır olmalıdırlar, bunu təxribat, avantüra kimi qəbul etmək lazım deyil, bu, yeni dövrün acı geosiyasi reallığı ola bilər: daha keçmiş “Sem dayımız” yoxdur və yaxud da olmaya da bilər.

Hamı dərdlərinə özü çarə qılmağa cəhd etməli və ya buna hazır olmalıdır: avropalı strateq və ya siyasət adamlarının əslində xəbərdarlığı budur, çünki Vaşinqton açıq işarə edir ki, sizin probleminiz Rusiyadırsa, mənimki, məsələn, Çindir...

Gələk post-sovet məkanına. Özümüzü Rusiyanın ekspansiyasından müdafiə etməkçün bütün resurslarımızdan istifadə edirikmi? Moskvanın imkanlarını şişirtmirik ki? Zənnimizcə, bunları ciddi düşünməyin vaxtıdır.

Birincisi, Kremlin imkanları hüdudsuz da deyil. Moskvanın bütün post-sovet məkanı boyunca cəbhə açmaq gücü yoxdur: bəli, bir həftəyə Ukraynanı alacaqlarını düşünürdülər, amma üç ildən çox vaxt keçib və nəzərə almaq lazımdır ki, Kiyev və müttəfiqləri hələ Moskvayla bir növ mədəni, məhdud müharibə aparırlar, savaş Rusiyadan kənarlarda gedir.

İkincisi, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri Moskvaya qarşı “siyasi cəbhə” açmaq qərarı versə, KTMT-yə, MDB-yə arxa çevirsə nə olacaq? İnanın, Rusiya çökməsə də möhkəm sarsılacaq, hər şey cəhənnəm olacaq, bəlkə də bu, Kremlin “geosiyasi münəccimlər”i üçün dəhşətli “soyuq duş” olacaq.

Hazırda Cənubi Qafqaz buna daha çox hazır görünür, nəinki Mərkəzi Asiya ölkələri.

Azərbaycan getdikcə Türkiyəyə daha çox bağlanır, hətta Qərblə münasibətlərdə ciddi mülayimləşmə duyulur. Gürcüstan hakimiyyətinin Brüssellə problemləri var və İvanişvili komandası qatı anti-Kreml siyasəti yürütməyə ehtiyat etsə də başa düşür ki, bəxtlərini Moskvada axtarmağa da dəyməz, çünki Kreml onlara heç nə verməyəcək. “Gürcü arzusu” neçə illərdir ki, hakimiyyətdədir və güman, Moskvayla “zond” xarakterli təmaslar, kontaktlar olubdur, amma ki, hələ bir şey yoxdur və böyük ehtimalla olmayacaq da.

Paşinyan da komandası ilə növbəti parlament seçkilərindən keçə bilsə, İrəvanın siyasətində daha ciddi dönəm başlanacaq və hətta mümkündür ki, Kremlə birmənalı şəkildə “qapılar” göstəriləcək.

Hazır olmayanlar bilirsiniz, kimlərdir7 Daha çox Mərkəzi Asiyanın liderləri. Ona görə ki, kreslolarından ehtyat edirlər, bu regionu Moskva ilə bağlayan ən əsas amil budur. Belədəsə, Vaşinqton da, hətta Avropa ölkələri də bunlara dəfələrlə jestlər ediblər.

Həm də sual olunur? Mərkəzi Asiyanın avtoritar liderlərinin təlaşının əsası varmı? Doğrusu, düşünmürük. Blirsiniz, niyə? Trampın dostları ərəb şeyxləri, xüsusən də Səudiyyə krallığı deyilmi? Niyə o, durub Mərkəzi Asiya ölkələrindən demokratiya tələb etsin? Heç onun belə bir planı olubmu və yaxud varmı?

Ən əsası da, Tramp heç idealist demokrata oxşayırmı? Əksinə, adam “siyasi biznesmen”dir və ərəb şeyxlərilə necə davranır, necə dil tapırsa, bunu “Mərkəzi Asiya xanlıqları” ilə də edə bilər.

O ki qaldı Putin cənablarına, ötən dəfələrdə də yazmışıq ki, adam hiyləgər taktika seçib, necə deyərlər, “özünü dəliliyə vurub”. İnanın, dəfələrlə Rusiya politoqlarından eşitmişəm ki, qoy, Dünya bizdən qorxsun, bu, maraqlarımıza cavab verir. İndi bu taktika Kremlin “işçi siyasət”inə çevrilib.  

Yəni düşünülmüş taktikadır bu. O gün deyir ki, Avropa bizimlə vuruşmaq istəsə, sabahdan hazırıq! Özü bir yana, ətrafı da, hətta Kadırov kimiləri də tutuquşu kimi təkrarlayır onu, çünki bunlar artıq adi siyasi vektor olmaqdan daha çox “müharibə partiyası”, hətta siyasi mafiyadır.

Təəssüf ki, avropalılar hamıya ürək-dirək versələr də onların da bəzisinin “müharibə” sözünü eşidəndə başlayır dizləri əsməyə. Hərçənd, boş şeydir bunlar, militarist bəyanatlar Putinin taktikasıdır, ağzından, özü də hamılıqla vurulsa, olacaq “quzu balası”, başını soxmağa yer axtaracaq: əgər Rusiyasız Dünya heç kimə lazım deyilsə, ABŞ-sız, Avropasız, nə bilim, Çinsiz, Yaponsuz, eləcə də Türkiyəsiz, Ukraynasız, o cümlədən də Azərbaycansız Dünya da kiməsə gərək deyil. Hamıya torpağı da, milləti də əzizdir. Yoxsa tək ruslar bəşəriyyətin “gülmə-şəkəri” olublar? Odur ki, nə vaxtsa, bunu Putinə və Kreml əhlinə heç olmasa, mədəni şəkildə qandırmaq lazım gələcək...

O ki qaldı Kadırova, dostum, bu, məhz həmin Putindir ki, həm də Çeçenistanı diz çökdürdüyünə görə prezident ola bildi. Adam, xüsusən siyasətçi düşmənlə hesablaşmalı da olur bəzən, amma düşməni sevmək olmur, ruslar özü demiş, heç kim unudulmur, heç nə də yaddan çıxmır.      

Belədəsə, həqiqətən Dünyanın gərdişindən baş açmaq olmur. Milyon il əvvəllər dinozavrlar qırıldı, kərtənkələlərsə hələ də yaşayır! Səhvləri çox olsa da (əslində qaydasız döyüşdə seçim qalmır) çeçenlərin də Dudayev, Məshədov, Basayev kimi də oğulları vardı və indi onlar nə qədər gərəkli ola bilərdilər...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости