Nəinki uzaq-yad adamlar, hətta “yaxınlarımız” ilk fürsətdə bizi sancmağı daim özlərinə borc biliblər, sanki həzz alırlar bundan.
Çox yox, iki-üç ayın söhbətidir. Rayonumuzdaydım. Biri məni görən kimi qayıtdı ki, bəs, xəbərin var, filankəs doktor olub! Dedim ki, vallah, filankəs akademik olsa da qəti təəccüblənmərəm, çünki dövran onlarındır və əlavə etdim ki, az qala, akademiyanı da zarafata çeviriblər, bu gün qəbul edir, sabahsa qovurlar...
Belədəsə, elə həmin məkandan illər öncəki bir tanışımdan deyim sizə. Bəli, adam on il məktəb oxudu, amma “üç”dən artıq qiymət görmədi. Onu da müəllimlər “tula payı” kimi yazırdılar. Hətta bir fəndən onuncu sinifdə müəllim rüblükdə də, illikdə də “iki” yazmışdı buna, attestat da ala bilməyəcəkdi.
Qohumu vəzifəlidi, birtəhər düzəltdi. Həm də onda ən küt şagirdə belə “üç” yazırdılar ki, rədd olub attestatını alsın: sinifdə saxlamaq - filan yox idi, çox nadir hallarda olardı, şəxsən xatırlamıram.
Qərəz, məktəb-filan bitdi, bir-iki ildən sonra eşitdim ki, adam ali məktəbə qəbul olub, özü də texniki institutların birinə. Humanitar ixtisas olsaydı başa düşərdim, fikirləşərdim ki, nəyisə əzbərləyib gedib! Amma riyaziyyatdan, fizikadan necə imtahan verdi? İndinin özündə anlaya bilmirəm! Anlamıram təhsilini necə başa vura bildi?..
Nə isə! Bir-iki il əvvəlsə təsadüfən xəbər tutdum ki, böyük vəzifə veriblər buna, “böyük naçalnik” olub! Doğrusu, daha təəccüblənmədim, çünki “böyük naçalnik”lərin arasında indiyədək heç olmasa, beş-üç həqiqətən də savadlısını görsəydim, bəlkə də təəccüblənərdim...
Bu da məsələnin yalnız bir tərəfidir. İllər öncə bir jurnalist dostum yazısında bir neçə çox yüksək vəzifəli adamın adını çəkmişdi və məlum olmuşdu ki, bunlar vaxtında Azərbaycanın Müstəqillik Aktının əleyhinə səs veriblər!..
Yenə də deyirəm: təəccüblənməyə dəyərmi? Bu yaşımda bilirsiniz, nə düşünürəm? Lap tutaq, bəndələr nadandır, qəddardırlar, ona görə belə edirlər. Bəs Allahın-Tanrının özünün insafına nə gəlibdi? Bəs özü bu cür ədalətsizlikləri, haqsızlıqları necə götürür?..
Vaxtında ağlıma gəlməzdi ki, jurnalistikayla, siyasətlə bağlı olacam, yox, elmi işçi idim. Amma bilirsiniz, mənim gördüyüm ilk “siyasətçilər” kimlər oldu? O dövrdəki “alimlərimiz”! Onlar bizim kimilərə ilk fürsətdəcə “Bura Moskva deyil!” xatırlatmaqdan xüsusi həzz alardılar.
Hətta “ürəyiyananlar”, guya “insaflı”ları bizim kimi gənc elmi işçilərə bilirsiz, nə “məsləhət” görürdülər? Deyirdilər ki, burada elm-filan yoxdur, hamımız birtəhər müdafiə etmişik, çalışın bir yolla müdafiə edin ki, heç olmasa, maaşınız beş-on manat artsın!
Ona görə deyiləndə ki, guya vaxtında çox böyük alimlərimiz olub, az qalıram, dəli olam! Axı mən də onların çoxunu görmüşəm! Demirəm, tək-tükü vardı, amma onlar da “fluktasiya” idi, “normal alimlər” onlara anormal adamlar kimi baxır, dəli sayırdılar, qeyri-praktik, əfəl bir adam hesab edirdilər.
İndinin özündə, neçə illər elmdən uzaq düşsəm də bir-iki həqiqi alim tanıyıram, amma onları bizim “akademik”lərimizin sırasında görmürəm. Çoxluq yenə də “siyasətçi – alimlər”dir, “səmimi məqamlar”da özlərinin də etiraf etdiyi kimi, “birtəhər müdafiə edənlər”dir.
Bilsəydiniz özümçün vaxtında elmimiz, hətta ədəbiyyatımız və sənətimizlə bağlı nələri araşdırmışam! Heç birini yazmamışam, indi də yazmıram. Bilirsiniz, niyə? Qorxuram! İnanın, bizim tanıdığımız ənənəvi siyasət adamları bəzi siyasətçi “sənət adamları”ndan, siyasətçi “elm adamları”ndan, hətta bəzi siyasətçi “din adamları”ndan dəfələrlə ziyansız, kinsiz adamlardır. İnanın, hətta siyasətdən də heç bildiyimin on faizini yazmamışam.
Bu xüsusda bircə detal deyəcəm. Bütün dünyada insanlar elmdən-sənətdən siyasətə gəlirlər. Amma əks proseslər yalnız bizim kimi anormal ölkələrdə olur: bəli, bir də görürsən, bəs adam məmur və yaxud da deputat olandan sonra “istedadı” fontan vurur! Adamı üzən budur...
Bir detal da deyim. Buralarda adama bilirsiz, niyə nifrət edirlər? Hətta vaxtında əsl elm-alim gördüyünə, əsl böyük ədəbiyyatın, ya sənətin nə olduğunu anladığına görə! “Bizi bəyənmirsən, “priznavat” eləmirsən? Onda biz də sənin həyatını cəhənnəmə çevirəcəyik!”
Bəli, sanki belə deyir, istəyəndə çevirirlər də! Belə götürəndə, çoxumuz nə gün yaşadıq, nə gördük bu ölkədə?..
Heç özümüzü də nəzərdə tutmuruq, bəlkə də vaxtında yüzlərlə gənc insan bu taleyi yaşadı. Ona görə ki, çoxluqla “həmrəng” deyildilər, başqa cür yazmaq, başqa cür müdafiə etmək, hətta başqa cür yaşamaq, işləmək istəyirdilər! Amma buranın bir “qızıl qaydası” vardır ki, heç bir vaxt dəyişməyib: Ya “hamı kimi” olmalısan, ya da...
Yenə də çoxdanın, neçə ilin söhbətidir. Bir kənddəydim. Bir qoca baxıcıdan o qədər danışdılar ki, maraq götürdü və dedim ki, ona baş çəkəcəm. Getdim. Baxıcıları bilirsiniz də: bir “kitabı” qoyub, o birisini götürdü, bir “dəftəri” açıb, digərini örtdü!..
Nə başınızı ağrıdım, bir xeyli danışdı, amma ikisi yadımda qaldı. Birini indi deyəcəm, amma o birisi, qoy, ürəyimdə qalsın, onu hələ də gözləyirəm! Qərəz, baxıcı dedi ki, oturub - durduğun adamlardan qorun, çoxu sənə düşmən kimi baxır.
Onda hələ uzaq doxsanıncı illər idi, mən də az qala, Göylərdəydim, amma hər “yüksəlişin” enişi də olurmuş və oldu da! Və mən həyatımda bəlkə yüz dəfə o qoca baxıcını xatırlamalı oldum...
Bilirsiniz, bunu niyə deyirəm? Yox, gileylənmək, şikayətlənmək fikrim yoxdur, həm də bundan sonra nəyi dəyişəcək bunlar?
Daim deyirlər ki, məsələn, burada anti-semitizm olmayıb. Həqiqətən elədir, Azərbaycanda heç vaxt nəniki anti-semitizm, anti-rusizm, hətta anti-ermənizm də olmayıb! Əvəzində başqa şeylər olub: bəli, “hamı kimi”sənsə, “qayda”larımızı qəbul edirsənsə, əzimizsən, keç, lap yuxarı başa! Yox, “bizim kimi” deyilsənsə, istəyirsən, əstəğfürüllah, Allahın lap bacısı oğulu ol, xeyiri yoxdur...
Aydınlıqçün “semit məsələsi”lə bağlı da bir detal deyim. İnstitutda çalışarkən bir yəhudi elmlər namizədi vardı, savadlı adam idi və bir ara adam ayrıca sektor yaratmaq fikrinə düşdü. Bizim azərbaycanlılar dərhal birləşib imkan vermədilər!
Yox, məsələ onun yəhudi–filan olmasıyla da bağlı deyildi, əgər buna “yuxarı”dan tapşırılmayan, “yuxarıda adamı” olmayan azərbaycanlı alim də cəhd etsəydi ona da imkan verməyəcəkdilər! Halbuki həmin azərbaycanlı “alimlər” özləri də daim gileylənirdi ki, hər gün naharadək aclıqla, nahardan sonrasa yuxuyla mübarizə aparırıq.
İnanın, çoxumuz darıxdığımızdan bütün iş gününü elmi kitabları-monoqrafiyaları, xüsusən də “pererestroyka” vaxtı yenicə çap olunan bədii ədəbiyyatı - romanları və s. oxumaqla keçirərdik. Amma heç kim vəziyyəti nəniki özü dəyişmək istəmir, başqasına da imkan vermirdi, halbuki həqiqətən də “perestroyka”ydı və bəzi təşəbbüslərə arabir “yaşıl işıq” da yandırılırdı...
İndi də baxanda görürsən ki, çox az şey dəyişibdir, hətta bəzi sahələrdə itirdiklərimiz daha çoxdur, nəinki qazandıqlarımız, çünki indi Azərbaycan büsbütün bizimkidir, başına açmadığımız oyun qalmayıbdır!
Bilirsiniz, səbəbi daha çox nədir? Başqa yazılarda da qeyd etmişdim bunu. Adətən əvvəlcə xalq-millət formalaşır, sonrasa onun dövləti. Amma bəzən elə olur, təsadüf elə gətirir, əvvəlcə dövlət yaranır, bundan sonra onun milləti formalaşmağa başlayır! Deyəsən, bizim də bəxtimizə məhz ikinci senari yazıldı.
Odur ki, böyük ümid də yoxdur, ən azı bizim nəsil üçün. O gün həmkarlardan biri yazısında Folknerdən bircə cümlə gətirmişdi: “Sabah da elə bu gündür, sabah da bu günün başqa adıdır!”...
Mənsə cəsarət edib bu cümləyə cəmi bircə “cümlə” əlavə edərdim: qardaşlar, əsl böyük ədəbiyyat da budur, bir cümlə də toxunur “sarı sim”ə, bilmirsən, bu bir cümlənin əlindən hara baş götürüb qaçasan?..
Belədəsə, bu yazıya bilirsiz, niyə təkrar qayıtdım? 62-nin içindəyəm və görünür, bundan sonra hər BİR ili qənimət saymaq lazım gələcək!..
Ona görə də özümə “ithaflar” yazmaq qərarına gəldim. Ərk edib vaxtınızı aldığımçün üzürlü sayın. Mən də bir dəfə “ərköyünlük” edə bilərəm, ya yox?..




