Əvvəl bir məzəli xatirəmi deyim. Güman, yaşlı adama bağışlanar bu. Təkrarçılıq olsa da ərz edim ki, bir ara gecikmiş “yazıçılıq” həvəsinə də düşmüşdüm.
Səbəbini deyim. 90-cı illər idi, əlimiz hələ hər yerdən üzülməmişdi, müəyyən ümidlərimiz qalırdı.
Bir dəfə rus nəşrlərində avropalı solçunun fikrini oxudum. Deyirdi siyasi, iqtisadi sferada bacarmırsınızsa, mədəniyyəti “götürün”, qalan şey özü gələcək. Yəni məğzi o idi ki, hakimiyyətdən də əvvəl insanların beynini dəyişməyə çalışın.
Onda mən də müxalifətin “ştatdankənar ideoloq”larındandım. Düzü, fikir çox tutdu məni, “ədəbiyyata” baş vurmağımın birinci səbəbi oldu.
İkincisi, eşitmişdim ki, guya jurnalları senzuradan keçirmirlər. “Azadlıq” qəzetində çox dedim bunu, amma ciddi maraqlanmadılar, bəlkə də ona görə ki, imkan, maliyyə yox idi.
Belədəsə, jurnal buraxmaq üçün yaradıcı problemimiz olmamalıydı. Onda köşə-möşə dəbdə deyildi, yazarlarımızın çoxu iri həcmli məqalə müəllifləri idi. Üstəgəl, hətta gənc ədiblərimiz də vardı ki, məndən fərqli, artıq onda ədəbiyyatla bağlı daha ciddi planlar qururdular özləri üçün.
Qərəz, potensial imkanlar olsa da alınmadı. Özümün “ədəbi-bədii cəhd”lərimə gəldikdə, doğrusu, bilmədim, jurnalların senzuradan keçirilməməsi söhbəti nə qədər doğru idi, amma başa düşdüm ki, rəsmi senzorlara ehtiyac yoxdur, demək olar ki, hər jurnalda əməkdaşlar özləri bunu çox diqqətlə, səliqəylə edirdilər.
Qətiyyən qınamıram! Bilirsiniz, bütün senzorlardan daha böyük bir senzor da var, adı da qorxudur. Hər şey bir yana, bəzi siyasi motivləri nəzərə almasaq belə, insanlar azı ehtiyatsızlıqdan, hansısa səhv üzündən, məsələn, işlərini itirməkdən qorxurlar, necə deyər, nə etmək olar, çöldə həqiqətən kapitalizmdir!
Tamam yerinə düşməsə də burada necə böyük Tarkovskinin məşhur bir filmini xatırlamayasan? Belədəsə, inanın, özüm də bir cümləmi az qala, on dəfə yoxlayıram ki, mənə görə hansısa sayt-qəzet, beş-üç nisbətən gənc jurnalist problem yaşamasın, “çörəkpulu”dan məhrum olmasın...
Nə başınızı ağrıdım, “nasirlik karyeram” da belə qurtardı. İndi keçim sözümün ən əsas “mübtəda”sına.
Bir də görürsən, məndən də soruşurlar ki, nə əcəb kitab-filan yazmırsan? Zarafatla deyirəm ki, əsl siyasətçilər yazmağı, xüsusən də siyasətin ən incə mətləbləri-gizlinləri haqda yazmağı çox da sevmirlər, onların hətta yazıları da müəyyən siyasi məqsədlərə xidmət edir.
Əlbəttə, maddi imkan deyilən böyük problem də var. Kitab çap etmək üçün pul lazımdır. Hələ onu demirəm ki, o gün baxıram, yalnız son beş-üç ildə tək bir rusdilli sayt üçün 767 yazı yazmışam! Bunların hamısı 8-10 min işarəlik yazılardır. Neçə kitaba sığışdırım bunları!
Birtəhər çıxmasın, Çörçill kimi bir siyasi nəhəng pul qazanmaqçün yazırdı; onun özünü tarixə salmaq - proyeksiya etmək problemi yox idi. Bizdə də kitablarından, yazılarından pul qazanan varsa, irəli dursun, biz də örnək götürək. Halbuki hərdən çox gözəl şeylər də yazılır, amma hər şeyə pul tapan ulu millətimiz heç vaxt kitaba pul tapmır: təəssüf ki, sovet vaxtı da belə idi, indi də...
Ola bilsin, sözüm qəribə görünəcəkdir sizə, amma yaşamaqçün bəzən yalan da bəs edir. Özümüz də hərdən bir cümləlik həqiqət əvəzinə bir səhifəlik yalan yazırıq ki. insanların sadəcə, yaşamaqçün stimulu olsun.
Belədəsə, həyatın özü ən böyük yalan deyilmi? Böyük avropalı filosoflar-ekzistensialistlər yana, səhv etmirəmsə, bizim öz şairimizin də çox gözəl sözü var. Deyir, dünyaya gəlməzdik, analar aldatdı bizi...
Odur, özümüzün prinsiplərimizin belə davasını-savaşını aparmaq istəmirik. Sovet vaxtı bir roman oxumuşdum, adı maraqlı idi: “Geriyə baxma, qoca”! Deyəsən, rəhmətlik İlyas Əfəndiyevin idi.
Bəli, adam hətta öz keçmişinə baş vurmaq istəmir. Deyirsən, qoy, insanlarımız elə indiki kimi düşünsünlər ki, bəzi məsələlər elə doğrudan onların bildiyi, eşitdiyi kimidir. Hərçənd, bəzi siyasi möhtəkirlər bundan faydalanır, hətta fikirləşirlər ki, bir-iki adam qalıb, çox çəkməz, onların da ürəkləri partlayıb ölərlər və beləcə, hər şey unudular, əvvəl insanların, daha sonra da dəmir kompüterlərin, ya telefonların yaddaşından tamam silinər və qalar yalnız...
Həm də şəxsən özüm də daha uzaq gənclikdəki kimi maksimalist və idealist deyiləm. Hətta özümə də təlqin edirəm ki, 80-90-cı illərin insanları həqiqətən nəsə etdilər, necə deyərlər, bacardıqlarını, mümkün olanı etdilər. Bəlkə daha artıq etmək də olardı, amma neyləmək olar?..
O günlərdə bəzi deputatlarımızı yenə də “avro-isteriya” tutmuşdu. Doğrusu, dəqiq bilmədim ki, Brüsseldə və yaxud da Strasburqda, yumşaq şəkildə desək, bəzi “siyasi lotular” yenə nə oyun çıxardıblar?
Özümüzünküləri dinləyəndə bir vətəndaş sualı keçdi beynimdən: qardaşlar, nolar, bir az səbirli olun, bəlkə doğrudan da müəyyən hüquqlarla, məsələn, yaradıcı-akademik azadlıqlarla bağlı problemimiz var hələ? Niyə hər şey belə qıcıq yaradır sizdə?
Vallah, Avropa hələ çox lazımımız olacaq. Bir-iki il əvvəl çox “Avropa - Qərb qurtardı” deyilirdi. İndi məlum olur ki, Putin “dostumuz” çıxmadı, yenə şükür qardaş Türkiyəyə, Qərbə və ABŞ-a! İndi Zəngəzur layihəsinə “Tramp yolu” deyirik ki, qoy, işimiz alınsın, daha bir regional layihəmiz də baş tutsun. Düz də edirik!
Rəhmətlik prezident Süleyman Dəmirəlin məşhur bir sözü vardı: “siyasət həm də səbr tələb edən işdir”. Hərçənd, rəhmətlik öz şəxsi siyasi planlarına gələndə bir o qədər də böyük səbr sahibi deyildi.
Odur, bir siyasi təhlilçi kimi deyərdim ki, heç Putini də kor-koranə “topa” tutmaq lazım deyil. Kremlə “buynuz” göstərməyə hazır olmalıyıq. Bunun da ən yaxşı yolu onun MDB və qeyri layihələrinə yox deməkdir. Amma məqamnda və anında. Mənə elə gəlir, prezident İlham Əliyev hazırda bunu etməyə çalışır.
Bunu Xəzərin o tayındakı türk qardaşlarımızla birgə etməyə çalışmalıyıq, belə birgəlik alınsa, çox gözəl olar. Eyni geosiyasi aksiyanı Cənubi Qafqaz qonşularımızla da etmək olar və hətta mümkündür, üstəlik, proses buna doğru gedir: İrəvan Qərbə dreyf edir, Tiflis isə başa düşür ki, təkrar Moskvaya qayıtmaq böyük hesabla mənasızdır.
Həm də hamı özünü “qeyri-səlis məntiq”, Lütfü Zadə nəzəriyyələrinin böyük mütəxəssisi sayır, heç olmasa, onu yada salın: həyat, eləcə də siyasət yalnız “ağ” və “qara”dan, dost və düşməndən ibarət deyil. Bu nəzəriyyə ilə bağlı da yazacağıma söz vermişdim, ilk fürsətdəcə edəcəm. Belədəsə deyim ki, universitetdə düz beş il dalbadal müxtəlif riyazi fənlər keçmişdik, riyazi məntiq, hətta fəlsəfi məntiq sözünü kiminsə ağzından eşitməmişəm. Amma məndən Zadənin qeyri-səlis məntiqi haqqında souruşanda deyirəm ki, təsəvvürüm yoxdur. Ona görə ki, bu, riyazi elmdir, bunu yalnız əlində qələmlə bir həftə, bir ay kənara çəkilib öyrənə bilərsən. Belədə, heç elə-belə demək olarmı ki, mən filan məntiqi bilirəm! Adama gülməzlərmi?..
Avropa ilə bağlı oxşar ehtiraslar həm də qonşu Gürcüstana, vaxtilə regionun ən qərbpərəst ölkəsində də müşahidə olunur. Ötən həftələrdə Brüsseldə Gürcüstanla bağlı da müzakirələr oldu. Görün, gürcü parlamentinin spikeri nə deyir? Guya gürcülərin də qurduğu Avropa artıq yoxdur! Amma adam demir ki, avropalılar Tiflisdən Saakaşvilinin azad olmasını tələb edir və onun hələ də həbsdə qalmasını onunla izah edirlər ki, Saakaşvili Putinin şəxsi düşmənidir! Avropa deputatları İvanişvilini birmənalı şəkildə Rusiyanın agenti adlandırırlar. Amma “gürcü arzusu” bütün bunlar haqqında susur...
O ki qaldı bizim avro-isteriyalara, azca səbrinizi basın, bir vətəndaş kimi izah etməyə çalışım.
Düzdür, bizdə alimləri keçmiş katolik kilsəsi kimi tonqalda yandırmır, daha kimisə “Yer fırlanır!”, “Başqa dünyalar da var!” söylədiyinə görə keçmiş Avropadakı kimi təqib etmirlər.
Amma demək olmur ki, məsələn, ictimai elmlərdə, eləcə bədii sənətdə problemlər tamam yoxdur.
Bir də deyirəm ki, daha kvant mexanikasına aid kitabın girişində Lenindən sitat gətirməyi tələb edən yoxdur, amma hazırda ictimai elmlərə bir azca yaxın adam kimi deyirəm: burada müəyyən problemlər qalır, humanitar elmlər, sənətlər hələ də ideologiya əsiri kimi qalırlar...
Sənətçilərimizi də izləməyə çalışıram. Bir dəfə yeni nəsil rejissorlarımızdan biri dedi ki, burada hansı kinodan danışmaq olar, heç adi “sevgi səhnəsi”ni də çəkmək olmur! Çox xahiş edirəm, sözlərimi qeyri səmtə-filana yozmayın, səhv başa düşməyin, məni şəxsən erotika-filan, nə bilim, hansısa filmdə “hansısa səhnələr” heç gənclikdə belə maraqlandırmayıb, ondan qala, indi, 61 yaşımda ola! Sadəcə, yeni nəsil rejissorlarının, mütəxəssis-sənətçinin sözünü deyirəm.
Bir tamaşaçı, oxucu kimi özümün də bir xeyli gileyim var: axı həqiqətən də hər şeyi təbliğata çevirmişik, hər şeyə bir təbliğat kimi baxırıq! Amma kino təbliğat deyil axı! Ədəbiyyat təbliğat üçün deyil axı! Bunlar daha böyük sənətdirlər! Məgər, Fellini İtaliyanı təbliğ etmək üçün çəkirdi filmlərini? Məgər cənublu qardaşımız, böyük rejissor Cəfər Pənahi (layiqli insanlarçün tərifə xəsislik etməyin!) İranı və yaxud onun hakimiyyətini təbliğ etməkçün çəkir filmlərini?..
İllər öncə bir ədəbi oxucu kimi çox ciddi narahatlıqlar yaşadım, heç kimə də sözüm çatmadı. Razılaşın ki, “Əli və Nino” həqiqətən çox gözəl romandır. Amma təbliğat çarxı deyil axı!
Əsərin müəllifi tam dəqiq bilinmir, amma yazıçının məqsədi azərbaycanlıları təbliğ etmək olmayıb. Adam sevgi, Şərq və Qərb mədəniyyəti, mentaliteti haqqında gözəl əsər yazıbdır.
Razılaşın ki, yaradıcı azadlıqlarla bağlı da problemlər var və bunlar əksər halda ona görə səs-küyə çevrilmir ki, hamı özünə senzorluq edir. Nəticəsi də budur ki, gözəl roman, gözəl film, gözəl tamaşa yaranmır, hətta gözəl media alınmır.
Odur, özümüzə də, millətə də nə qədər tez demokratik vərdişlər aşılamağa başlasaq, hamımızçün çox faydası olar.
90-cı illərdə mənə bir keçmiş böyük vəzifəlimizin demokratiya haqqında “yazdığı” kitabı vermişdilər.
Gördüm ancaq yazıb ki, Fales belə gəldi, Demokrit elə oldu, Perikl ora getdi. Onda da yazdım, indi də deyirəm ki, müəllim, bunları sənsiz də bilirik! Sənsə bizə de görək, vaxtilə o boyda vəzifədə olanda demokratiya üçün nə etdin? Hansı qanunu qəbul etdirdin, hansı sənədi ratifikasiya etdirdin, hansı təklifi və düzəlişi irəli sürdün? Yoxsa Fales belə gəldi, Perikl elə getdi! Bəlkə hərdən Xudayarlarla Məmmədhəsənlər haqqında da nəsə yazasan...
Sonda bir detalı qeyd edərdik. Hər dəfə Avropanı “qınamaq” lazım gələndə başlayırıq tez Köhnə Dünyanın öz intellektualarından “misal” gətirməyə.
Qardaşlar, mənə beş klassik filosof göstərin ki, onlar demokratiya, tərəqqi tərəfdarları olsunlar, “kütləyə” nifrət etməsinlər!
İnanın, belələri demək olar, çox azdır və yaxud da tamamilə yoxdur, çünki təkcə filosof Şopenhauer böyük pessimist deyildi, dünyanın əksər intellektualları belədir, onlar daha çox aristokrat düşüncəli, individualist adamlardır, hətta tərəqqiyə belə inanmırlar.
Fəlsəfə tarixçisi deyiləm. Bunun əsl səbəbini bilmirəm. Bəlkə səbəbi budur ki, bu adamlar digər insanlarla müqayisədə az qala, yüz il qabağı görməyə çalışırlar.
Üstəlik, heç yerdə heç bir siyasətçi işini Aristotelin “Metafizika”sı əsasında və ya Şopenhauerin əsərlərinə arxalanaraq qurmur. Bəşəriyyət bir dəfə səhv etdi: bir hissə Marksın, digərisə Nitşenin fəlsəfəsi əsasında siyasət qurdu: düşünürəm bunun nəticəsini xatırlatmağa ehtiyac yoxdur.




