Bunu yazmamaq mümkün deyildi. Əslində başqa yazılarda mövzuya dəfələrlə toxunmuşuq, amma sanki kimsə məsələyə nöqtə qoymağa imkan vermir. Əlbəttə, siyasi tarix, xüsusən də yaxın, daim müzakirələr-mübahisələr doğurur, amma onu tamam “siyasiləşdirmək”, az qala, kiçik siyasi intiriqa predmetinə çevirmək də düzgün deyil axı.
“Əbülfəz bəyə xəyanət”dən çox danışırlar. Bir neçə ildir bu mövzu ortaya atılıb, az qala, “siyasi saqqız”a çevrilibdir. Əvvəlcə, çox kiçikcik, hətta zarafatyana bir qeyd etmək istərdik.
Düşünürük buna görə Əbülfəz bəyin ruhu inciməz bizdən və keçmiş “hərəkatçılar” da narazı qalmazlar; çox xahiş edirəm, bir az səbrli olun, hər şeyi izah edəcəm.
Bəli, bircə anlığa bir az “sərt” olmaq istəyirik, amma yalnız bir anlığa: qardaşlar, Cinayət Məcəlləsində belə maddə yoxdur, olsa-olsa, “mənəvi məcəllə”də belə şey olar, amma bu da daha çox zarafatdır, nəinki ciddi bir söhbət. Odur ki, bunu qapatmaq daha məntiqli olmazmı?..
Ona görə ki, insanlar hansısa siyasi təşkilata üzv olanda onunla “nigah” (sözə görə dəfələrlə üzr istəyirəm) bağlamırlar. Siyasi təşkilatda olmaq könüllülük əsasında qurulur: siyasətdir, bir də görürsən ki, hətta ən yaxın müttəfiqlərin, hətta silahdaşların da yolu ayrıla bilir. Burada nə var ki?..
Həm də səhv bir şeydir, “xəyanət”sə tamamilə başqa. Elə ona görə də daha çox səhvlərdən bəhs edərdik, ya da xəyanət sözünü yalnız dırnaqda yazardıq və lap əvvəlcə də bir detalı qeyd edərdik.
Əbülfəz bəy dünyasını dəyişəndən, AXCP parçalanandan bu günədək görün, nə qədər adam bu və ya digər formada qarşı siyasi tərəfə, keçmiş siyasi rəqiblər tərəfə keçibdir. İndi nə edək?
Durub onların hamısını cinayətkar və ya xəyanətkar elan edək? Axı özüylə bağlı qərarı ən birinci növbədə adam özü verir, indi “təhkimçilik” dövrü deyil ki!..
Bəli, insanların öz siyasi əqidəsini, prinsiplərini dəyişməsi xoşagələn hadisə deyil. Amma belə məsələlərdə heç də həmişə “xəyanət”dən, əsas da “cinayət”dən danışmaq olmur.
İndi istiqlalçılıq ümummilli bir məfkurəyə çevrilib. Deyə bilərikmi ki, YAP-çılar, tutaq, “cəbhəçi”lərdən, ya da “müsavatçı”lardan daha az istiqlalçıdırlar? Axı 93-cü ildən sonra da müstəqillik-istiqlalçılıqla bağlı da çox kritik məqamlar yaşadıq, amma bunlar vaxtında çox məharətlə dəf olundu. Mərhum Heydər Əliyev Azərbaycanı müstəqil saxlamaq üçün nə qədər çalışdı! Və yaxud da prezident İlham Əliyevin bilavasitə rəhbərliyilə Qarabağ qaytarılmadımı?
Kimsə bunları inkar edə bilərmi? Kiminsə heç belə bir niyyəti varmı?..
Sözsüz, bəzən hamımızı bir insan kimi müəyyən detallar incidir, hətta ağrıdır. Amma bütün hallarda, biri-birimizə siyasi düşmən kimi də baxmamalıyıq, çünki daha birimiz keçmiş AXC, digərimizsə sovet-kommunist partiyası deyilik! Xeyli birləşdirici məqamlar var, hamımız bir ölkənin, dövlətin insanlarıyıq.
Çalışmalıyıq ki, birləşdirici məqamlar çoxalsın. Buna çalışsaq, inanın, hər şey yaxşı olacaq, yox, tərslik etsək, bəzi məmurlar kimi siyasətə yalnız sərvət və qazanc mənbəyi kimi baxsaq, yenə də nə vaxtsa, ciddi problemlər yaşayacağıq-tarix də sanki “presedent hüququ” kimi şeydir, eyni hərəkətlərə görə onun da qərarları eyni olur, istisnasız - filansız...
İndi azı formal baxımdan heç kim hətta demokratiyaya qarşı da açıq şəkildə çıxmır, formal olsa da, hamı demokratiyadan elə bəlağətlə danışır ki, çaşıb qalır, az qala, həsəd də aparırsan ki, kaş, mən də belə bəlağətlə danışaydım. Odur, məsələ göründüyündən qat-qat qəlizdir, lap qeyri-səlis məntiqilə yanaşmağı tələb edir. Hamını birmənalı şəkildə hətta anti-demokrata və demokrata da bölmək olmur, bir də görürsən ki, necə deyərlər, “oğru” bəzən elə bağırır ki, “doğru”nun lap bağrı yarılır...
Həm də insanların heç də hamısı siyasətə sırf romantik və ya idealist motivlərdən gəlmir, onların çoxu karyera haqqında fikirləşir və bu da təbiidir. AXC - AXCP bir yana, YAP hakimiyyətə gələndən sonra nə qədər insan, məsələn, AMİP-dən (özləri deyirdi!), qeyri partiyalardan YAP-a keçdilər! Əlbəttə ki, bu, da səmimiyyətlə, halallıqla olmalıdır, yoxsa bir partiyada oturub başqasına “işləmək” olmaz ki! Ona görə də bunları da normal qarşılamalıyıq.
Çörçill kimi adam iki dəfə partiyasını dəyişmişdi! Əsas odur, millətinə, dövlətinə xəyanət etməyəsən, insanın hətta siyasi baxışlarında da dəyişiklik ola bilər. Burada nə var ki?..
Bizim keçmiş düşərgənin səhvlərinə gələndə, lap 92-ci ildən başlamaq lazımdır. Həmin il AXC-nin həm təntənəsi oldu, həm də böyük qürubunun başlanğıcı. Qərəz, hakimiyyətə gələn təşkilat heç beşcə ay da keçmədi ki, böyük “problem” yaşadı: ona hansı stastus verilsin?
Onda o, ictimai-siyasi institut hesab olunurdu. Guya bu, kimin üçünsə əngəl-problem yaradırdı. Halbuki deyilirdi ki, ACX-ni bu statusda saxlasaq heç bir dövlət bizə nota verməyəcək, müharibə elan etməyəcək. Hər ölkənin öz siyasi ənənələri, təcrübəsi var, dünyadakı dövlətlərin sayı qədər də partiya, siyasi tşkilat modelləri var.
Belə götürəndə, partiyalar, siyasi təsisatlar nəyə lazımdır? Seçkidə iştirak etmək, “kadr bankı” yaratmaq və gələcək hakimiyyətin ideoloji konsepsiyasını hazıralamaqçün! Bəzi hallarda liderlər, prezidentliyə namizədlər də kənardan cəlb olunur, hətta partiyaların “beyin mərkəzləri” belə bilavasitə onların iiçndə olmur, kənarda fəaliyyət göstərirlər və s. Bunları rəngarəngliyiə diqqət çəkməkçün deyirik...
Bəs bizdə proseslər necə oldu? Pis–yaxşı, təşkilatın liderləri sayılan adamlar hakimiyyətə gələndə onu verdilər “uşaqların” (əsasən!) əlinə. Hamısı çantasını götürüb qaçdı vəzifəyə. Bu, da günah deyildi, insanlar vəzifəyə getməlidi.
Amma lap elə ilk gündən məlum oldu ki, bunlar həm özlərini hakimiyyətə gətirən təşkilatdan qaçmaq istəyir, həm də hamısı “məxsusi partiya”sını yaratmağa çalışırlar.
Bəli, bütün böyük məmurlar başladılar öz “məxsusi partiya”larını yaratmağa, özü də əsasən AXC-nin bazasında. Amma bir hakimiyyətdə neçə “lider” olardı? Anlamırdılar ki, AXC hakimiyyətdə olan bir təşkilatıdır və bu, böyük məsuliyyətdir. Yox, bunların məntiqinə görə hakimiyyət təkcə rəhmətlik Əbülfəz bəydən və “uşaqların” idarə etdyi AXC-dən ibarət idi!
Təşkilatın hakimiyyətdən getdiyi ilk aylarda yazmışdıq ki, hakimiyyət “yetim uşaq” kimi küçəyə atılmışdı, kimsə yaxın durmurdu: biri deyirdi hakimiyyətdə AXC-dir, digəri ərz edirdi ki, yox, Müsavatdır! Onda bir nəfər ağzı sulana - sulana özünü çatdırmışdı ki, bəs bu, nədir yazmısan?
Amma anlayanlar da çox idi; deyirdilər ki, çox düzgün yazmısan...
İkinci “xəyanət”- səhv bu idi ki, Əbülfəz bəyə özünün peşəkar-intellektual siyasi komandasını formalaşdırmağa şərait yaratmadılar, çox təəssüf, onda “cəbhəçilər” ambisiyalarını cilovlaya bilmədilər, kimsə demədi ki, bu vəzifəni bacarmıram, əksinə vəzifə üstündə qırğın gedirdi.
Əlbəttə ki, AXC də kadrlarını vəzifələrə yerləşdirməlidi ki, öz proqramını (ümumi şəkildə olsa da, belə məqsədlər, planlar var idi axı!) həyata keçirə bilsin. Həm də çox təəssüf ki, keçmiş məmurların böyük qismi dövlətin, hökumətin işini açıq şəkildə sabotaj, iflic edirdi!
Amma burada bir məsələ də vardı. AXC-nin özünün kadr potensialı çox məhdud idi, yeni insanlar cəlb edilməlidilər hakimiyyətə və onların “cəbhəçi”-“meydançı” stajının olub-olmamasına baxmaq lazım deyildli, pis-yaxşı, mütəxəssislər lazım idi.
Bilirsniz, birinci adam–prezident Reyqan kimi artist, Valensa kimi elektrik də ola bilər. Amma onun güclü ətrafı olmalıdır. Valensa “montyor” idi, amma iqtisadi islahatları Mozavetski, Baltseroviç kimi az qala, Harvard məktəbindən çıxmış iqtisadçılar aparırdı. Reyqan özü iqtisadiyyat bilirdi? Amma hələ də “reyqanomika” termini qalır! Polşada o vaxtkı iqtisadi islahatlar ( “Polşa şok terapiyası” adı ilə indi az qala, dərsliklərə salınır) “montyor” Valelsanın beyninin məhsulu idi?..
Amma onda “cəbhəçi”lər nə tələb edirdilər? Təşkilata yeni üzvlərin qəbulu dayandırılsın! Heç kim fərqində deyildi ki, hakimiyyətdə olan partiyanın funksioneri də böyük vəzifə və hətta məsuliyyətdir: hamı zorla məmur, diplomat və yaxud deputat olmalı deyil ki! Bunu da gərək bacarasan! Üstəgəl, partiya funksionerlərinin də ağılı, təcrübəsi olmalıdı, durub öyünməmlidirlər ki, filan səfiri partiyaya dəvət edib qarşısına “konyaklı şokalad” qoyduq və ya digər səfiri belə danladıq! Yox, onlar da hakimiyyətdəki insanlarla sinxron işləməlidi. Başqa necə ola bilərdi?
Baxın, Dünyada bir məmurun, diplomatın, bəzən hətta deputatın da sıyasi ömrü beş -on il ola, ya olmaya! Amma görün siyasi partiyalarnın ömrü nə qədərdir? ABŞ-da Demokratlar da, Respublikaçılar da iki yüz ildən çox mövcuddu. Görün, onların əlindən nə qədər prezident, deputat, diplomat gəlib keçib! Qardaş Türkiyənin Cümhuriyyət Xalq Partiyasını götürün. Səhv etmirəmsə, onu Atatürük özü yaradıb. Bir görün, nə qədər adam keçibdir onların əlindən...
Hələ heç onu da demirəm ki, bütün dünyada böyük siyasi məsələləri həll edən siyasi texnoloqlar, ideoloqlar var, onların böyük əksəriyyəti kölgədə qalır, insanların çoxu heç tanımr da onları, amma bu adamlar nə qədər böyük iş görürlər! Hamı lider olmaz ki...
Amma bütün bunlara rəğmən, o vaxtki AXC-nin daha bir rolunu-missiyasını da qeyd edək. O dövrdə müxalifət tərəfdən daim çağırışlar gəlirdi ki, bəs Əbülfəz bəy AXC-dən istefa verməlidir. Guya bu, onun “ümummilli lider” olması üçün lazımdır!
Əslindəsə, məqsəd tamam başqaydı. Dünyanın hansı ölkəsində “tənha siyasi liderlər” görmüsünüz? Hər yerdə siyasi liderin arxasında ğüclü siyasi təşkilatlar, hətta başqa institutlar dayanır. Üstəlik, mən burada bir misal çəkərəm və dərhal mənimlə razılaşarsınız, həm də o çağırışların nə məqsədlə edildiyini başa düşərsiniz, amma təəssüf ki, hər şeyi açıq və ya konkret yazmaq olmur bəzən.
Burada bir detalı da qeyd etməmək olmur. Əbülfəz bəy hakimiyyətdən gedəndən sonra bəlkə yüzlərlə müsahibə vermişdi. Bunların heç birində o, öz siyasi komandası, silahdaşları ilə bağlı hansısa giley bildirməmişdi, əksinə komandasının sədaqətindən daim razılıq edirdi. Bunu niyə nəzərə almamalıyıq? Əlbəttə, səhvlər çox idi, özü də böyük idi. Amma neyləmək olardı? Bir ölülər, bir də dəlilər səhv etmir. Hamı, xüsusən gənclər (onda hərəkatda çoxu gənclər idi!) səhv edə edə öyrənmirlərmi?
Bəziləri Əbülfəz bəyi aciz, hətta “əfəl” adam kimi təqdim etməyə çalışırlar. Qətiyyən belə deyildi. Bəy çox güclü adam idi, ən azı müxalifət sferasında heç kim onunla bacarmazdı, ondan qala, AXC-AXCP-də ola! Olurdu, onda bəzi gənc “siyasətçi”lər özlərini daha böyük siyasətçi hesab edirdilər. Amma nə oldu? Əbülfəz bəy dünyasını dəyişən kimi AXCP azı, on yerə parçalandı, hərə bir yana “qaçdı”!..
Bilirsiniz, bunu da başa düşməyə çalışmaq lazımdır. Yenə deyirik ki, səhv etmək də gənclərin bir növ, imtiyazıdır: əlbəttə ki, onlar nə vaxtsa, səhvlərini başa düşürsə...
Əbülfəz bəyi az qala, “savadsız” adam kimi də təqdim edirlər bəzən. Əsla belə deyildi. Əbülfəz bəy dərin adam idi, tipik şərq intellektualı idi. Onun kimi Quranı, Məhəmməd peyğəmbəri duyan ikinci adam görməmişik siyasətçilərimiz arasında! Gözəl ədəbi zövqü də vardı. Kiçik detal deyəcəm. Bir dəfə “Azadlıq” qəzetinin foyesində bir cəbhəçi, universitet müəllimilə 20 - ci əsrdə Azərbaycan poeziyasında kimin ən böyük sima olduğu haqda söhbət edirdik. İkimiz də Hadinin və Cavidin üzərində dayandıq. Bir müddət sonra Əbülfəz bəyin məşhur müsahibəsi oldu və məlum oldu, o, da Hadini çox dəyərləndirir və hətta yaxşı bilir! Və ya kim “Sakarya şərqisi”ni xatırlamır? Açığı, özüm də bir gün qərara gəldim ki, tapıb oxuyum və görüm, axı bu, nə şeirdir? Oxudum. Düzdür, Türkiyə türkcəsini o qədər də yaxşı bilmirəm, ammma dərhal gördüm ki, həqiqətən gözəl şeir, poeziya nümunəsidir...
Eləcə də sufizmi götürün. Bunu geniş auditoriyaya çıxaran Əbülfəz bəy olmadımı?
Aspiranturada təhsil alanda Zakir Məmmədov soyadlı bir filosof bizə Şərq-islam fəlsəfəsindən mühazirə oxuyurdu. İlk dəfə ondan Sührəverdi, “emanasiya nəzəriyyəsi”, “işraqilik”, hətta Bəhmənyar haqda daha ətraflı eşitdik. Amma illər sonra bunu xatırlayanda gördüm ki, hətta Zakir müəllim də sufizm kəlməsini işlətmirdi və mən bunu daha çox Əbülfəz bəydən eşitmişdim. Hətta bir dəfə də yazdım ki, bəydə siyasətin özünə də sufiyanə münasibət vardı, məhz buna görə hamımzdan fərqli olaraq, hər kiçik şeydən ötrü özündən çıxmırdı, asıb -kəsmirdi, daha təmkinli və daha müdrik idi.
Daha maraqılısısa bilirsiniz, nədir? İllər sonra məlum oldu ki, həmin filosof Zakir müəllim də Əbülfəz bəyin tələbə yoldaşı olubmuş – mən belə eşitmişdim...
O ki qaldı Əbülfəz bəyin siyasət adamı kimi başqa özəl keyfiyyətlərinə, əlbəttə, o, çox da siyasi protokol adamı deyildi, bəzən çərçivələrdən çox çıxırdı, bizim hamımızın haqqında oxuduğu, eşitdiyi, hətta gördüyü ənənəvi siyasət adamlarına qəti bənzəmirdi. Amma “siyasətin filosofu” sayılan Mahatma Qandi bənzəyirdimi belələrinə? Onu, məsələn, Çörçillə müqayisə etmək olardımı? Yox, bunlar tamam fərqli siyasətçi tipləridi..
Əbülfəz bəy də belə idi. “Cəbhəçi”lərə deyirdi ki, bir hissəniz məmurlaşsın, digərlərinizsə inqilabçılığını saxlasın, amma özü də çox vaxt məmurluqla inqilabçılıq arasında seçim edə bilmirdi. Onun daha bir xüsusiyyəti də bu idi ki, Əbülfəz bəy siyasətdə də müəllim kimi qaldı, onun gənclərə özəl münasibəti vardı.
Daha nə deyim? Gəlin RƏHMƏT diləyək bu adama və onu “cəbhəçi”lərin, keçmiş “hərəkatçı”ların “əlindən almağa” çalışmayaq: Əbülfəz bəy onları, onlar da Əbülfəz bəyi çox sevirdilər! Həm də bu ölkədə onların qismətinə xatirələrdən savayı bir şey düşmədi, heç olmasa, bunu onlardan almayaq! Həm də təəssüf, hər şeyi daha konkret yazmaq olmur hələ...




