Bir dəfə Polşada bələdiyyələr–yerli idarəetmənin problemlərilə bağlı seminarlarda iştirak edirdim.
Bir böyük məmura sual verdim ki, bu qədər bələdiyyə strukturları yerli idarəetmə prosesini süni şəkildə şişirtmirmi?
Gülümsündü və dedi ki: “ İnsanlar nəyləsə məşğul olmalı, işləməlidirlər, ya yox?”...
Onu başa düşdüm və ürəyimdə razılaşdım. Adam çox düz deyirdi. Həqiqətən də bütün hakimiyyətlərin, hökumətlərin son məqsədi insanlar üçün iş-dolanışıq təmin etmək deyilmi? Belədəsə, götür, onu ixtisar et, bunu ixtisar et, bəs yazıq insanlar nə etsinlər?..
Əlbəttə, zaman-zaman hər şey təkmilləşdirilməlidir, problemlərin effektiv həlli tapılmalıdır. Buna kimsə söz deyə bilməz. Hələ onu demirik ki, liberal düşüncəli adam kimi addım-addım dövlətin müəyyən funksiyalarının məhdudlaşdırılmasının da tərəfdarıyıq.
Amma bir günün, hətta beş-on ilin prosesi deyil bu, bir növ, strateji xətdir, inkişaf etmiş ölkələr buna doğru az qala, yüz illərdir ki, gedirlər və hələ də finişə çox var, hətta bəlli deyil, finiş nə vaxtsa olacaqmı?..
Başqa ənənələr yaşayan ölkələr də çoxdur. Məsələn, Avropa İttifaqının nüvəsi olan Almaniya səhv etmirəmsə, qitənin ən bürokratik ölkəsidir. Nə etmək olar? Tarixən belə olub! Həm də “Prussiya sosializmi” deyilən anlayış da var: almanlar hələ gileylənir ki, guya sosializm onların ideyası olubdur, ruslar bunu oğurlayıb və eybəcər şəklə salıblar!
Əlbəttə, Almaniya üzrə mütəxəssis deyiləm, amma qitənin az qala, mərkəzində olan bu ölkədə səhv etmirəmsə, təhsil də pulsuzdur. Almanlar bundan niyə imtina etmir? Axı hər şeyi, o cümlədən təhsili liberallaşdırmaq üçün onların imkanı daha böyükdür! Amma etmirlər...
O ki qaldı, sırf yerli idarəetməyə, onun bir xüsusiyyətini deyim. Avropada proses “subsidarlıq” prinsipinə söykənir: YERLƏRDƏ HƏLL OLUNA BİLƏN problemlər YERLƏRİN SƏRƏNCAMINA verilir, yəni mərkəzin yükü azaldılır!
Bizdəsə əks proses baş verir: yerlərdəki strukturlar tamam kiçildilir, sanki hər şey MƏRKƏZİN əlində cəmləşdirilir. Düşünürdük ki, yerlərdə idarəetmə nə vaxtsa yaradılacaq meriyalara veriləcəkdir, seçkili meriya institutları yaradılacaqdır, amma...
Yerlərdə prezidentin nümayəndələri də ola bilər. Məsələn, qonşu Rusiyada deyəsən, belə şey var. Onların funksiyalarını hər dövlət özü müəyyən edir və burada da ölkələrin spesifik özəllikləri olur.
Amma yerlərdə əsas idarəçiliyi seçkili meriya institutları həyata keçirməlidir. Onlar başqa cür də adlana bilər, əsas bu, deyil, odur ki, VERTİKAL - ŞAQULİ idarəçilik tədricən zəiflədilir, daha çox HORİZONTAL - ÜFÜQİ idarəetməyə üstünlük verilir: proses bütün dünyada müşahidə olunur və çox labüd məsələdir, çünki cəmiyyətlər və insanlar tədricən özlərini idarəetməyi öyrənməlidirlər.
Bunların konstitusion həlli tapılmalıdır. Birinci Konstitusiyamız qəbul olunanda, 1995-ci ildə, nə qədər böyük maraq vardı prosesə? Hamımız layihəni qələmlə oxuyurduq!
Ona görə ki, müstəqil ölkənin ilk Konstitusiyası idi. Həm də başqa ölkələrin təcrübəsindən də az da olsa, məlumatlı idik və düşünürdük ki, görən, hansı təcrübə əsas götürələcəkdir?
Xahiş edirəm, sözlərimi başqa səmtə yozmayın, adi vətəndaş kimi yazıram. Birinci Konstitusiyamızda böyük qüsurlar vardı, demək olar, heç bir institut mükəmməl işlənilməmişdi, çox şey deklarativ xarakter daşıyırdı.
Hamımız bunu ilk təcrübə kimi qəbul etdik. Çox təəssüf ki, sonrakı dövrlərdə daha da təkmilləşmək və demokratikləşmək əvəzinə tamam əksinə oldu.
1995-ci ildə diqqətimiz daha çox bir institut kimi parlamentə və yerli idarəetmə mexanizmlərinə yönəlmişdi. Amma tamam məyusluq oldu!
Parlamentin səlahiyyətləri, hətta kəmiyyət göstəriciləri çox məhdud oldu. Azərbaycan Cənubi Qafqazın ən böyük dövlətidir, əhalimiz də 10 milyondur! Amma digər Cənubi Qafqaz ölkələrilə müqayisədə də bizim parlamentimiz “cırtdan” qurum təsiri bağışlayır...
Son 20 ildə idarəçilikdə də dəyişikliklər edilib, “asan xidmət” kimi effektiv modellər tapılıb. Amma səhv etmirəmsə, bunlar konstitusion modellər deyillər. Konstitusion mexanizmlərin də inkişaf yollarını aramalıyıq; parlament, yerli idarəetmə, məhkəmələr bir institut kimi tamam təzədən işlənməlidir. Hətta qanunvericilik təşəbbüsünün hansı institutlara verilməsi də ciddi araşdırılmalıdır. Ali icra instituna da bunu vermək olar, belə təcrübə var, amma parlament, deputatlar düyməni basmaq üçün deyil axı! Bir dəfə keçmiş parlament sədrlərindən biri fəxrlə dedi ki, qəbul etdiyimiz qanunların hamısı Prezident Aparatından gəlir! Belə şey olarmı? Hökumət özü-özünə nəzarət edəcəksə, hətta qanunları da özü yazacaqsa bunun nəyi demokratiya oldu? Parlament, ya məhkəmə nəyə lazımdır?
Bir detalı da qeyd edim. Vaxtilə rəhmətlik Tofiq Qasımov Konstitusiyaya və qanunlara istinad edəndə parlament zalında gülüşmə qopurdu! Təsəvvür edirsinizmi? Amma deputat Konstitusiyaya və qanunlara, yerli və beynəlxalq sənədlərə istinad etməyib, nəyə istinad etməlidir?
Bəzisi ən yaxşı halda düşünür ki, guya deputatın da işi “bəlağətli”, “emosional” çıxışlar etməkdir. Vətəndaş kimi deyirik ki, bizə bəlağət-filan lazım deyil, saxlayın “Azadlıq” meydanındakı tədbirləriniz, hansısa “mitinqləriniz”çün! Problemi fiksə edin və təklifinizi verin!
Deputatın ən birinci funksiyası yeni qanun layihələri hazırlamaq, ya köhnələrə düzəlişlər təklif etmək deyilmi? Dərd budur ki, indiyədək parlamentdə yazıçıdan - şairdən tutmuş biznesmənə qədər kim desən olub, amma əsl siyasət adamı, qanun yaza biləcək adamlar demək olar, olmayıb, yaxud da olduqca az olub...
İndi yerli icra hakimiyyətlərilə bağlı aparılan siyasətin detalları bizə məlum deyil. Hiss olunanı budur ki, yerli icra strukturları tamam məhdudlaşdırılır və mərkəzin hüquqsuz əlavəsinə çevrilirlər. Belə şey olarmı? Bəlkə əksinə olmalıdır? Bəlkə tədricən mərkəzin funksiyalarını məhdurlaşdırmaq, onları yerlərə, oradan da əhalinin özünə ötürmək daha düzgün olardı? Dünyada da bu proses getmirmi?
Vətəndaş kimi düşünürük ki, çox ciddi konstitusion islahatlara ehtiyac var. Məsəl var, deyir, Konstitusiyanı göstər, necə ölkə olduğunu deyim!
Bəziləri düşünürlər ki, guya bir-iki hüquqi maddəni sadəcə, deklarasiya etməklə hər şey bitir.
Ciddi tədqiqatçının gözü dərhal bir şeyə yönəlir: görək, deklarasiya olunmuş müddəanın işlək mexanizmə çevrilmə imkanları varmı? Kimə lazımdır şüarlar-deklarasiyalar? Onlar dünyanın ən avtoritar ölkələrinin də konstitusiyalarında var.
Sovet konstitusiyasında hətta ekoloji məsələlər guya nəzərdə tutulurdu, amma ölkə az qala, ekoloji fəlakət həddində idi. Böyrümüzdəki Sumqayıt buna sübut deyildimi: bəli, canlanır hər qarış yer Sumqayıtda! Yadınızdamı?..
Cəmiyyətin, dövlətin hüquqi ekologiyası deyilən bir şey də var. Nə olar, gəlin, heç olmasa, onu çirkləndirməyək!
Hüquqi nihilizm baş alıb gedir, heç bir məsələylə bağlı minimal da olsa, ictimai diskussiya yoxdur.
Hakimiyyət bölgüsü deyilən şey qalmayıb. Bəzi məmurlarımızın sayəsində ölkədən sanki tipik Şərq despotiyası qoxusu gəlir: Avropa institutlarına inteqrasiya azacıq insanlar üçün nəfəslik yaratmışdı. İndi çox şey qapanıb, sərhədləri də bağlayıb oturmuşuq. Axı heç “hindu rezervasiya”larında da belə şey yoxdur!
Bir də görürsən ki, bunu da “əsaslandırmağa” çalışırlar. Necə ki, cəmi beş-üç il əvvəl hətta parlament seçkilərini də yığışdırmağı təklif edirdilər! Neçə ilin söhbətidir, bəzi insanlarımız gileylənirdi ki, deputatlığa namizədlər onlarla görüşdə deyir ki, hətta siz səs verməsəniz də mən deputat olacam! Təsəvvür edirsinizmi?..
Vətəndaş kimi bəlkə on dəfə yazmışam ki, problemlər, o cümlədən təhlükəsizliklə bağlı təhdidlər həmişə olacaq. Harada yoxdur onlar? Hansı millət ondan tamam-kamal sığortalanıbdır? Bununçün sərhədləri bağlamaqmı lazımdı? Bəlkə durub bir sədd də, divar da tikək? Görəsən, bəzi məmurlarımızın belə niyyəti yoxdur ki?..
Təkrar deyirəm ki, başqa səmtə-filana yozmayın, adicə vətəndaşın gileyidir bu! Doğrudanmı, gileylənmək haqqımız da qalmayıb? Ən pisisə budur ki, bütün neqativlər də birinci şəxsin - Prezidentin adına yazılır, əslindəsə bəlkə də çoxu bəzi məmurların, hətta deputatların “beyninin” məhsuludur...




