Свобода людям, независимость нациям!

İranda “islahatçı” ovuna start verildi: kütləvi həbslər! SEPAH niyə indi hərəkətə keçdi?

864 10.02.2026 20:21 Колумнисты A A

İranda “islahat” cəbhəsinə mənsub siyasi fəalların həbsləri davam edir. Ən son olaraq polis parlamentin keçmiş sədri, “Yaşıl Hərəkatın” lideri Mehdi Kərrubinin oğlu, Milli Etimad Partiyası Mərkəzi Şurasının üzvü Hüseyn Kərrubini saxlayıb.

İki gün əvvəl isə “İslahat Cəbhəsi” və İran İslam Xalq Birliyinin baş katibi Azər Mənsuri, keçmiş deputat və məmur İbrahim Əsgərzadə, həmçinin Məhəmməd Xatəmi hökuməti zamanı xarici işlər nazirinin müavini postunu tutmuş Möhsün Əminzadə saxlanılıb. Dünən isə “İslahat Cəbhəsinin” mətbuat katibi Cavad Emam saxlanılıb.

CROSSMEDIA - XİN rəhbərinin sabiq müavini HƏBS EDİLDİ

Həbsləri İnqilab Keşikçiləri Korpusu (Sepah) Kəşfiyyat Xidməti həyata keçirib. Rəsmi açıqlamada qeyd olunur ki, saxlanılan şəxslərə “milli birliyi hədəfə almaq, ölkənin siyasi-ictimai nizamını pozmaq, konstitusiyaya zidd davranış, təslimçiliyi təşviq, siyasi qrupları sabitsizləşdirmək və gizli təxribat mexanizmləri yaratmaq” kimi ittihamlar irəli sürülüb.

Hələlik həbslərin əsl səbəbləri ilə bağlı geniş məlumat yoxdur. Lakin ortada bir neçə versiya dolaşır ki, bunlara əsasən baş verənlərlə bağlı müəyyən fikir yürütmək olar.

Əlbəttə, dekabr–yanvar aylarında davam edən iğtişaşlar zamanı mühafizəkar mediada çox dərinə getmədən hadisələrdə “islahat” camiəsinə yönəlmiş ittihamlar da var idi. Ancaq bu cür ittihamlar çox dərinə getmirdi. Yanvarın əvvəlində isə mediada eks-prezident Həsən Ruhani və xarici işlər naziri, Pezeşkian hökumətində vitse-prezident postunu tutmuş Cavad Zərifin həbs olunduğu haqda xəbərlər yayıldı. Hərçənd bu xəbər yayılandan bir neçə gün sonra onlar ictimaiyyət arasında göründü.

Məsud Pezeşkian

Lakin bu dəfə “islahat” cəbhəsinin şəriksiz lideri, eks-prezident Məhəmməd Xatəmi sistemin islahatlara getməsini tövsiyə edən bəyanat yaydı. Bundan az sonra isə Həsən Ruhaninin eyni tərzdə, ancaq nisbətən daha sərt açıqlaması yayıldı. Hərçənd “islahat” qanadında sistemin daxilində islahatlara gedilməsi barədə çağırış yeni deyil, amma seçilən zaman elə həssas bir dövr idi ki, çox sərt reaksiya doğurdu.

Üstəlik, həmin vaxt xüsusi xidmət orqanları etirazlara dəstək verməkdə ittiham olunan bir neçə iş adamını həbs etdi. Bu da İranda nisbətən varlı təbəqə içərisində aksiyaları dəstəkləyənlərin olması ilə bağlı fikirlərə səbəb oldu.

Bu həm də o zaman idi ki, Qərb ekspertləri İranda hakimiyyətin möhkəm olduğu, rejim dəyişikliyinin haradasa qeyri-mümkün olduğu, yalnız daxildən islahatlara getməklə hazırkı sistemi dəyişmək barədə fikirlər irəli sürürdü. Bir çoxları isə İsrailin dəstəklədiyi oğul Pəhləvi variantının uğursuz olduğu, İranda mövcud hakimiyyəti dəyişməyin qeyri-mümkün olduğu, yalnız islahat qanadı vasitəsilə yumşalmaya nail olmaqdan danışırdı. Və tezliklə Pəhləvi arxa plana keçdi.

CROSSMEDIA - Rza Pəhləvi: Molla rejiminin çökməsi zaman məsələsidir

Ötən həftə isə “The National” nəşri ABŞ administrasiyasının iranlı iş adamları ilə İranda hakimiyyət dəyişikliyi mövzusunda əməkdaşlıq etdiyini yazdı. Layihəni isə ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin əlaqələndirdiyi bildirildi.

Başqa sözlə, Qərbin İranda taktika dəyişikliyinə gedərək hakimiyyətin içindən olan, yəni “islahat” qrupu ilə əməkdaşlığa getməsi ilə bağlı həm xaricdə, həm də İran daxilində ciddi şübhələrin ortaya çıxdığı bir vaxtda bu həbslər baş verir. Təbii ki, indiki şəraitdə bu barədə dəqiq nəsə demək olmaz.

İslahatçılar nəzəri olaraq İran hakimiyyətinin “liberal” qanadını təmsil edir və Qərblə əməkdaşlığa müsbət yanaşırlar. Lakin “islahat” liderlərinin son hadisələrlə həqiqətən xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi və ya etirazlara gizli dəstək verdiyini demək çətindir. Bu mənada indi baş verənlərin nə qədər həqiqət olmasından daha çox, onun təsirlərinə baxmaq lazım gələcək.

İranda etirazlar şiddətlənir: Dövlət bayraqları yandırılır, polis maşınları  alovlanır

İstənilən halda, yəni ittihamların gerçək olub-olmamasından asılı olmayaraq, bu həbslər “islahat” cəbhəsini zəiflədir, onun əl-qolunu bağlayır. Nüfuzlu islahat liderləri həbs olunub və güman ki, bir çoxu da xüsusi nəzarətə götürüləcək, bütün hərəkətləri nəzarət altında olacaq, fəaliyyətləri müxtəlif vasitələrlə məhdudlaşdırılacaq.

Həbslərin daha “yuxarı” doğru gedib Həsən Ruhani və ya Xatəmi kimi liderləri əhatə edəcəyi ehtimalı azdır. Çünki bu, ölkədə təşviş və narahatlığa səbəb ola bilər. Lakin böyük ehtimalla bu prosesin sonunda daha nüfuzlu “islahatçı” liderlər xüsusi nəzarət altına və ya ev həbsinə məhkum edilə bilər.

Sepah – Light in Action

İkinci mühüm amil odur ki, daxildə təhlükəsizlik tədbirləri gücləndiriləcək, ən əsası isə “Sepah”ın dövlət üzərində təsiri artacaq. Hərbçilər dövlət qurumlarının fəaliyyətinə daha çox müdaxilə etməyə və bütün sahələrdə diktə edən gücə çevriləcək. Üstəlik, ABŞ-la hərbi qarşıdurma riskinin gücləndiyi dövrdə bu, artıq təbii bir prosesə çevriləcək və çox ciddi etiraz və narazılıq doğurmayacaq.

Nəticə etibarilə İran getdikcə daha çox hərbiləşmiş dövlətə çevriləcək ki, bu da Qərblə dialoq və anlaşma qapılarını daha da daraldacaq. Nəzərə almaq lazımdır ki, İran hərbi elitası, xüsusən də “İnqilab Keşikçiləri”, anti-Qərb, avrasiyaçı siyasi-ideoloji xəttə daha yaxındır. Yəni islahatçıların zəifləməsi fonunda İran Çin və Rusiya ilə daha da yaxınlaşacaq. Bu sistemi isə hələlik balanslaşdıran ali dini lider – Vəliyyi-fəqih və onun nüfuzudur.

Xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости