Свобода людям, независимость нациям!

İranlı Doktorun ikinci dönəmi: çıxış tapılacaqmı?..

1158 03.01.2026 12:36 Колумнисты A A

Bir neçə il əvvəl də, təxminən elə bu soyuq dekabr-yanvar aylarında İranda böyük etiraz dalğaları başlamışdı. Hətta düşünülürdü ki, deyəsən,  nəsə ciddi hadisə baş verəcək.

Çox təəssüf ki, alınmadı. İndi də ümid var, diqqət yenə qonşu ölkəyə dikilib: manşetlərdə birinci yerdə Tehrandan gələn xəbərlər, təhlillərdir.

Əvvəl bir detalı deyim. Həmişə düşünürdüm ki, yəqin dünyada keçmiş sovet məmurlarından “taxtabaş”, “dəmir–beton qafalı” insanlar tapılmaz. Amma dəhşətlisi demə, iranlı mollalar imiş.

Bəzən “molla” sözünü tez-tez hallandırmağa görə qınayanlar da olur. Başa düşürəm, bütün ümumiləşmələr qüsurludur, həmişə kənara çıxmalar olur.

Üstəlik, dini ayinləri icra etməsəm də heç vaxt hansısa “ateistik fikirlərə” düşməmişəm. Əstəğfürullah! Hətta sosioloji tədqiqatlar da göstərir ki, dünyada mənim kimi dindarlar daha çoxdur, nəinki sistemli şəkildə ayinləri və ritualları icra edənlər.

Tanıyanlar bilir ki, daha çox Qərb düşüncəli adamam. Amma yaşa dolduqca məni şərq-müsəlman intellektualları daha çox cəlb edir, inanın, maqnit kimi çəkir: Məhfuz Hüqodan, Seyid Hüseyn Nəsr isə Hegeldən heç də maraqsız görünmür, bəlkə də əksinə...

Bir dəfə Polşada maraqlı detal diqqətimi çəkdi: kilsənin qapısının ağzında qəbirlər-məzarlar vardı. Soruşdum ki, bunlar nədir? Dedilər ki, Polşa uğrunda həlak olmuş din adamlarının - keşişlərin məzarlarıdır...                     

Düşünürəm, özünüz müəyyən qənaətlər edəcəksiniz. Amma bilirsiniz, bunu daha çox niyə görə deyirəm? İndi İranda baş verən prosesləri hərə bir tərəfdən təhlil edir. Maraqlı və diqqətçəkən detallar çoxdur bu təhlillərdə. Amma etirazların dönməz xarakter almamasının məncə, başqa, özü də ciddi səbəbi var: qonşu ölkədə etirazlar o vaxt tamam məcradan çıxacaq ki, ölkənin ruhani elitasında ciddi və dərin parçalanma olacaq, nüfuzlu ruhanilər əzilən, hüquqları tapdanan insanların tərəfinə keçəcək. Hər yerdə, həmişə belə olub: “yuxarılar”da parçalanma olmasa, “aşağılar”ın işi alınmır...

Bir daha deyirəm ki, “molla söhbəti”ni də daha çox buna görə qabardıram, yoxsa mənim mollalarla nə işim? Hətta deyim ki, beş-üç həftə əvvəl rayonda yasda bir molla ilə söhbətimiz oldu. İnanın, çoxdan idi kiminləsə danışmaqdan belə həzz almamışdım.

Bu insanlar da yeni şeylər eşitmək arzusundadırlar. Hətta şəhərə qayıdandan sonra dini islahatlarla bağlı yazı da yazdım. Məqsədim də insanlara çatdırmaq idi ki, bəzən mollardan çox şey tələb edirik, amma hər molla ilahiyyat alimi, akademik Vasim Məmmədəliyev deyil və ola da bilməz, necə ki, hər həkim, mühəndis, ya müəllim professor olmur!..

Sizə akademiklər, professorlar lazımdırsa, gedin universitetlərə, Akademiyaya, ilahiyyat alimlərinin yanına. Mollalarasa bizin dini ənənələri yaşatdıqlarına, millətin xeyir-şərini yola verdiklərinə görə minnətdar olmalı, hətta bacardığımız dəstəyi verməliyik. Ona görə də İrandan danışanda “molla” sözünü çox işlətməyimiz, bəzən də neqativ mənalarda hallandırmağımız xatirlərinə dəyməməlidir.

Qonşu İranda etirazların vüsət almamasının bir səbəbi budur ki, Təbriz hələ fəallıq göstərmir. Neçə il əvvəl də belə olmuşdu və iranlı fəallar daim qeyd edirdi ki, Təbriz qalxmayınca rejim çökməyəcək. Təbrizin və ümumilikdə Cənubun passivlik göstərməsinin məncə, psixoloji tərəfləri var: İranın dini rəhbəri də, siyasi rəhbəri də cənublu türklərdir.

Dəfələrlə qeyd etmişəm ki, mənim siyasi müşahidəçi kimi doktor Pezeşkiana simpatiyam və hətta ümidlərim var. Zaman göstərəcək. Deyim ki, bir vaxt doktor Çöhrəqanilə də bağlı xeyli ümidlərimiz vardı və onda “Azadlıq” radiosunun bu adama nə qədər dəstək verdiyini kim bilməsə də, bəndəniz bilir.

Problem ondaydı ki, cənublu siyasi fəallar onu sevmirdi, deyirdilər ki, adam millətçi deyil! Nə isə! Bunlar artıq keçmişdir...

Pezeşkiana ümidlərimiz hələ sarsılmayıb, necə deyər, ümid edir və gözləyirik. Doktor çox incə siyasət aparır. Açıq sezilməsə də hiss olunur ki, adamla ruhani elitası arasında ciddi siyasi “çatlar” var. Hətta bu günlərdə də Doktor daha çox etiraz edənlərə yaxın olmağa çalışır və bu, çox düzgündür, bunu azca ehtiyatla davam etdirmək lazımdır.   

Başa düşürük, çətindir, hətta çox risklidir, çünki mühafizəkarlar da fürsət və məqam gözləyirlər. Amma vaxt da çox deyil, doktor Pezeşkian dairəsini genişləndirməyə çalışmalıdır. İfrat dərəcədə ehtiyatlı olmaq da bir şey deyil, siyasətdir, hər şey ola bilər...

Dini lider Xameniyə gəldikdə, inanmıram onun cənublu insanlarımız üçün faydası olsun. Dəqiq müəyyən edə bilmirəm, amma mənə elə gəlir adam nəinki qatı irançı, hətta anti-türkçüdür, odur ki, cənubluları bəzi məqamlar çaşdırmamalıdır.

Bəlkə yerinə düşməyəcək, amma müşahidəmizi deyirik: bizin tanıdığımız, söhbət etdiyimiz gürcülərin çoxu Stalini sevmirdi! İndinin özündə də onun yalnız Qoridə büstü qalıb, ona görə ki, orada doğulub.

Belədəsə, gürcülər bilirsiz, nə deyirlər? Söyləyirdilər ki: “Nə olsun, Stalin gürcü olubdur? Adam Gürcüstan və gürcülər üçün nə edib? Hətta bəzi gürcü ərazilərini Rusiyanın tərkibinə veribdir!”. 

Aydınlıqçün deyək ki, gürcülərin iddiasına görə bir neçə kurort şəhəri (Kislovodsk, Soçi və s.) guya vaxtilə onların olubdur.   

Mənc, haqlı iraddır. Müsəlmanlarda sadəlövhlük var: haradasa bir müsəlman, xüsusən də azərbaycanlı başa çıxanda o saat başlayırıq ki,  fəxrimizdir-filandır! Düşünmürük ki, onlar özlərinin azəri, türk və ya  müsəlman olmasından fəxr nədir, məmnunluq duyurlarmu? Bilirsiniz, onların arasında sözün əsl mənasında, nə qədər “manqurt” var? Mən buna “bioloji millətçilik”deyirdim və yazmışdım da! Təsəvvür edin, 26-lar tam inkar olunmuşdu, bir Əzizbəyovun adı hər yerdə qalırdı! Başa düşmək olmurdu bunu: 26-ların hamısı pisdir, tək Əzizbəyov yaxşıdır?..   

Bizə elə gəlir, Seyyid Əli Xameneyiə də münasibət adekvat olmalıdır. İndi nə edək, durub fəxr edək ki, bizim belə “soydaşımız” var? Halbuki son vaxtlarda İran məsələsinə, Cənub probleminə hətta Şimali Azərbaycanda baxış bir az dəyişib. Bu məsələdə də daha əvvəlki radikallıq sezilmir, əksinə problemə daha praqmatik yanaşılır: İnşallah, elə yol taparıq ki, bundan sonra İran yenə də həm də türk dövləti olar!

O gün Hindistanla bağlı məlumatlara baxırdım  Demə, bu ölkənin 20 –dən çox rəsmi dili var! Düzdür, daha çox iki dil – hindi və ingilis işlənir, amma bir daha deyirik ki, 20-dən çox dil də belə statusa malikdir! Niyə İranda türk dilinə ikinci rəsmi dil statusu verilmir?..

Cənublu soydaşlarımız Şəhəriyardan nəsə oxuyanda hamımız çox kövrəlirik, amma başqa düşüncələrə də sövq etməlidir bu cür detallar bizi: yeni Şəhriyarlar görünmür axı! Yeni Səməd Bethrəngilər haqqında eşitmirik axı! Düzdür, hamımız rejissor Cəfər Pənahilə iftixar duyuruq, amma proses davamlı olmalıdır! Özümüzün də pul yığmaqdan başımız ayrılsa, çox yaxşı olar...  

İstisna etmirik ki, iranlı türklər arasında da yeni ədəbi istedadlar var ki, onları sadəcə, tanımırıq. Yenə də “Azadlıq” radiosunun yaxın keçmişindən bir detal demək istəyirik. Hekayələr toplusu buraxılmışdı və hamının xoşuna daha çox bir cənublunun İran məhbəslərindən bəhs edən hekayəsi gəlmişdi...

İran məsələsində daha bir detal da var ki, həm prosesləri sürətləndirir, həm də tormozlayır. Bu da ABŞ və eləcə də İsraildir. Ötən etirazlarda Vaşinqton tələsik keçmiş şahın sağ oğlunu atdı ortaya! Düzdür, adam deyirdi ki, özünün heç bir siyasi marağı-məqsədi yoxdur, sadəcə, İran xalqına kömək edir! Amma insanlar, bütün fəal iranlılar keçmiş şahın  şəcərəsini sevmirlər, keçmişə qayıtmaq istəmirlər! Vaşinqton niyə bunu anlamaq istəmir! Axı niyə bədbəxt müsəlmanlara dünyanın ən iyrənc siyasi modellərini sırımaq istəyirlər? Niyə cəmi insanlıq monarxiyalardan imtina etdiyi halda müsəlmanlar keçmişə qayıtmalıdı?

Ona görə də şəxsən bəndəniz yalnız doktor Pezeşkiana ümid edir; görək, adam nəsə edə biləcəkmi? Əlbəttə, hər şeydən–İranın dini, hətta intellektual elitasının parçalanmasından, eləcə də beynəlxalq faktorlardan faydalanmaq lazımdır, amma sonunculardan bir az ehtiyatla istifadə etmək lazımdır, çünki insanlarda qıcıq yaranır, ona görə ki, onlar nə Pəhləvilərin, nə də ABŞ imperializminin qayıtmasını istəmirlər..

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости