Свобода людям, независимость нациям!

“Kefli İsgəndər”dən kefli İsgəndərə....

1133 10.01.2026 11:57 Колумнисты A A

İllər öncə rəssam dostum vardı. Gələrdi, siyasətdən, sənətdən, hətta fəlsəfədən söhbət edərdik. Bir gün dedilər ki, rəssam dostum müxalifətçilər haqqında şarjlar çəkib. Mənimkini də verdilər və inanın, dəhşətə gəldim!

Bir neçə gün sonra onunla rastlaşanda soruşdum ki, filankəs, doğrudanmı, mənə bu qədər nifrət edirsən? Özünü itirdi, çaşdı və qayıtdı ki, yox, yox, xoşuna gəlmədisə cır, at! Dedim ki, onsuz da atmışam, amma inanmazdım ki, mənə bu qədər nifrət edirsən.

Kinli adam deyiləm. Bir neçə il keçdi, həmin rəssam haqda qəzetlərin birində böyük yazı da yazdım. Bir dəfə yenə də təsadüfən redaksiyaların birində görüşdük.

Növbəti jurnalist mükafatını almışdım. Əvvəl qayıtdı ki, bu mükafatı gərək sənə 20 il əvvəl verəydilər və sonra da mənalı-mənalı əlavə etdi ki, özü onu bir neçə dəfə alıb...

Gördüm ki, adamın məqsədi məni sancmaqdır və ona görə dedim ki, filankəs, qəti umurunda deyiləm, bundansa 100 dollar versəydilər özümü daha xoşbəxt hiss edərdim!..

Burada yadıma düşür ki, mənə ilk jurnalist mükafatını Zərdüşt bəy vermişdi. Mükafatda 200 dollar da vardı. İnanırsınız, bu, mənim  müstəqil Azərbaycanımızda gördüyüm ilk “böyük pul” idi; onu evdə az qala, 200 yerə böldük...

Niyə deyirəm bunları? Biz artıq qocalırıq və nisbətən gənc nəsilsə elə bilir ki, keçmişdə siyasi fəalların, jurnalistlərin hamısı pul içində üzürdü,  qrantı qrantın ardınca alırdı! Belə deyildi. Müxalifətçi gördüm, acından ölməməkçün hətta Sovetdən qalma mənzilini də satdı...  

Problemlər indi var. Görürsən və hiss edirsən ki, çox böyük dəyişikliklərə ehtiyac duyulur. Di gəl, daim bir sual düşündürür məni: məsələn, ziyalılarımız, elm-sənət adamlarımız yenilik istəyirlərmi?

İnanın, təsdiqləyici cavab verməyə çətinlik çəkirəm. Keçmişdə müxalifətə “qaragüruh” deyirdilər və bir az da həqiqət vardı burada. Di gəl, heç kim bir suala cavab vermək istəmir: “Niyə beləydi? Haradaydı onda bizim “ağ güruhumuz?”..     

Əvvəldə elə “rəssam dost məsələsi”ni də buna görə xatırladım: axı siyasətdə dəyişikliklər olsaydı onu da bizim kimi adamlar edəcəkdi, bunların sevimli liderləri özləri etməyəcəkdi ki! Hər yerdə belə olmurmu? Ziyalılar, intellektual adamlar hansısa siyasi liderin ətrafında birləşib nəsə edirlər. Liderlər özləri etmir ki, hər şeyi...  

Daha bir misal da çəkəcəm. Elə bu da illər öncənin söhbətidir. Bir jurnalist dostum vardı: rəhmətlik İbrahim Bayandurlu. Adam deyirdi ki, biz də, yəni jurnalistlər də insanıq, hansısa uğursuzluqlarımız, çətinliklərimiz ola bilər, amma çalışmalıyıq oxucu bunu hiss etməsin.

Prinsipcə, çox düz də deyirdi, rəhmətlik. Fəqət, ən soyuqqanlı siyasi jurnalist də müxtəlif ovqatlarda ola bilir, çünki nəinki siyasətçilər, hətta onlar da dəmirdən tökülməyiblər, ətdən-sümükdən yaranıblar. Həm də təkrar-təkrar keçmişi ona görə “qurdalayırıq” ki, bəlkə kimsə, əsasən də gənclər, bizim səhvlərimizdən müəyyən nəticələr çıxara bildilər...   

Qərəz, necə olmuşdusa, bir dəfə yazmışdım ki, nələrisə dəyişməyə tələsməyin, zamanında hər şey özü dəyişəcək. Az keçmişdi, şəhərdə bir  tanışıma rast gəldim. “Yazım” ləzzət edibmiş!..

Bilirsiz, niyə? Adam özü də heç nəyin dəyişməsini istəmirdi, çünki həyatda çox şeyi “filankəsin oğulu” kimi qazanmışdı və  “qayda”ların dəyişməsini arzulamırdı: atası onunçün, o da sabah oğulu üçün! Beləcə, köhnə dəyirman-çarx fırlanmalıdır...

Ona görə də düşünürəm ki, hələ də sifətimizdən İsgəndərin tüpürcəyini silməmişik. Siləndə başqaları kimi adam olacağıq...

Yenə də illər öncə bir nəfər nəyə görəsə (anlamadım, qulağına nə pıçıldamışdılar, haradan siqnal almışdı?) həm kinayə-acıqla, həm də çox böyük təəccüblə soruşdu ki, sən də siyasətçisən?..

Bir söz demədim, çünki bu yaşa gəlmişəm, məni kimin necə adlandıracağının qəti fərqində olmamışam, uzağı, siyasi fəal demişəm özümə və nə etmişəmsə, ürəyimin hökmü ilə etmişəm, dünyaya təzədən gəlsəydim yenə də edərdim, hətta bir az da fəal olardım.  

Həm də məni daim bir detal düşündürür. O günlərdə bir yazıda da yazmışdım ki, bilirsinizmi, Əbülfəz bəyin digərlərindən fərqi, hətta üstünlüyü nədəydi? O, hətta siyasətə də SUFİYANƏ yanaşa bilirdi...  

Belədəsə, çox yox, bir kəlməylə yumardım həmin adamın ağzını. Deyərdim ki, sən necə “sənət adamı”sansa, mən də elə “siyasət adamı”yam; necə deyərlər, kor atın kor da nalbəndi olar, bizim nəyimiz   adına uyğundur ki?..     

Demədim, çünki müəyyən mənada haqlıydı: siyasət adamının heç olmasa, tikinti şirkəti, olmasa-olmasa, beş-üç apteki, çayxanası-pivəxanası, sexi, böyük “biznes layihələri” olar, qohumları böyük-böyük tenderlər “udarlar”, bahalı maşınlarda gəzərlər, özləri “müxalifətçi” olsalar da qohum-qardaşları böyük vəzifələr tutarlar, hətta ona da dar günçün tədarük yaparlar, övladlarına Dubayda toy edərlər, siyasətçinin arxasında hansısa region dayanar və s. və i...

Pulu, maşını, nə bilim, daha nəyi olmayan, az qala, otuz il cəmi bir otaqda, özü də yataqxanada yaşayan adamı kimsə siyasətçi sayar? Belə adamın siyasətdə nə ölümü?

Özümün də kasıb “siyasətçi” dostum vardı. Bir gün deyirdi ki, bəs filankəsi məhv edəcəm, ertəsi gün də gedirdi həmin filankəsin yanına ki, icazə ver, filan qəzetdə müxbirlik edim!

Çox şükür, belə təzadlar yaşamadıq, nə kimisə öldürmək, nə də diriltmək  fikrimiz-panlarmız yox idi.

Bəlkə istəsəydik bap-balaca siyasətçiklərdən biri də biz olardıq, amma düşünəndə adamın “əti tökülür”, deyilmi?..

Millətimizin tarixində çox böyük kişilər olub. Biri də Əli bəy Hüseynzadə idi. Deyilənə görə, böyük Atatürk özü ona birinci parlamentin üzvü olmağı təklif edibmiş, amma Əli bəy razı olmayıb, deyib ki, təkpartiyalı parlamentin üzvü ola bilmərəm...      

Qayıdaq əvvəldəki söhbətə. Çox təəssüf, cəmi dünyada da belədir: pulsuz, arxasız adamın siyasətdə nə işi? Görün, dünyanın ən demokratik ölkəsi ABŞ-da prezident seçkilərinə nə qədər pullar xərclənir, az qala, Azərbaycan kimi dövlətlərin büdcəsi qədərdir!

Həm də hər bir millətin siyasi tarixində kasıb ziyalılar üçün uzağı bir dəfə şans yaranar, o, da əsasən inqilablar dövründə. Belədəsə, bir daha deyirəm: özüm də razılaşıram ki, KASIB ZİYALININ siyasətdə nə işi?

Haşiyə edim. Yenə də 90-cı illərin söhbətidir. “Azadlıq” qəzetinin redaksiyasından çıxırdım ki, rəhmətlik Hikmət Hacızadə ilə qarşılaşdım. Gördüm çox əsəbidir. Soruşdum nə olub? Qayıtdı: “Görürsən də, filankəs deyir ki, bəs mən elitayam, amma AXC- yə gələndə bir pencəyi vardı, qolları dirsəyinə də çatmırdı!”...

Ona görə də təkrar deyirəm ki, bəli, “pencəyinin qolu dirsəyinə çatmayanlar” hər millətin tarixində bir dəfə, olsa-olsa, iki dəfə siyasətə gəlirlər və onda da təzə, bahalı pencək almaq üçün hər şeyi puç edir və dağıdıb gedirlər.    

“Siyasətçi” sayılmasam da hər halda, bəzisi məni babat siyasi analitik-təhlilçi (buna görə də sağ olsunlar. Bəli, sağ olsunlar ki, hələ ətimizdən “İsgəndər dönəri” çəkməyiblər!) hesab edir. Odur, bir azca maraqlandım. Məlum oldu ki, həmin “sənətkarın” bir yaxını bir dəfə parlament seçkisində iştirak edib...

Odur, adam mənim kimiləri yox, belələrini “siyasətçi” sayır! Olsun! Yenə deyirəm ki, prinsipcə, haqlıdır: dünyada oliqarxiya, plutokratiya, daha nə bilim, başqa bunun kim sözlər-terminlər havadan yaranmayıb!..

O səbəbdən ölkədə adam hətta ölülərə də ehtiram göstərib “Allah, sizə rəhmət eləsin!” deyir, amma dirilərə “Tanrı sizə ömür versin” deyə bilmir, çünki insanlarımızın çoxü üçün dünyaların yeri səhv düşübdür və yəqin edə bilmirsən ki, qəbristanlıq dünyanın bu üzüdür, yoxsa o biri?..  

Amma bir KİŞİ olubdur ki, həmişə rəhmət qazanacaqdır. Odur ki, deyirəm: “Mirzə, sağ ol ki, “Ölülər”i yazmısan, çox sağ ol ki, İsgəndəri yaratmısan! İnan, hələ də çoxu sənin tüpürcəyinçün yerikləyir...”

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости