Свобода людям, независимость нациям!

Rəsulzadə üçün “spravka”nı haradan alaq?

2579 21.01.2026 12:00 Колумнисты A A

Rəsulzadənin doğum gününə həftədən bir az artıq qalıb. Bilirsiz, siyasətçi olur, hesablaşırsan, siyasətçi də olur ki, sevirsən, özü də yaşa dolduqca, ağlın kəsdikcə: sanki təzədən anlamağa başlayırsan adamı...

Ötən ildi deyəsən. Nərimanov haqqında yazmışdım, bizim azərbaycandilli, rusdilli saytlarımızda çox yayıldı.

Sözümün canı? Qeyd etmişdim ki, indiki Azərbaycan Nərimanovun və qeyri kommunistlərin yaratdığı sovet Azərbaycanının yox, Rəsulzadənin və digərlərinin qurduğu ADR-in varisidir. Üstəgəl, Azərbaycanda Nərimanovun və digərlərinin kommunist-bolşevik ideyaları yox, ən azı formal baxımdan Rəsulzadənin və qeyrilərinin başlatdıqları istiqlaliyyət və demokratiya kimi ideallar yaşamaqdadır.

Problem olduqca çoxdur, amma yəqindir ki, müasir Azərbaycan nə kommunist - sovet respublikasıdır, nə də hansısa imperiyanın tərkib hissəsi və yaxud da satelliti: təkrar deyirik ki, problem çoxdur, hətta qədərsizdir, amma, pis-yaxşı, Azərbaycan daha nə rusundur, nə də qeyrisinin, özümüzünküdür və ümid var ki, bəlkə gənclər, gənc siyasi nəsil nə vaxtsa, onu normal ölkəyə çevirə biləcək.
“Bunları niyə deyirsən?” soruşacaq oxucu yəqin. Böyük adam–Rəsulzadə haqda bir-iki kəlmə demək istəyirəm. Məncə, əvvəldə söylədiklərimə rəğmən, adam hələ halal haqqını almayıb, ictimai–siyasi ehtiram baxımından hətta Nərimanovun mərtəbəsinə yüksəlməyibdir.

Düzdür, xatirəsi Sovetin dövründəki qısqanclığı, özgəliyi, yasağı yaşamır, amma tamam “özümüzünkü” də sayılmır, hələ yaddır-özgədir sanki.

Bəhanə edirlər ki, adam guya ADR-də aparıcı siyasi fiqur olmayıb, ondan böyük vəzifə tutanlar da olub, o, isə sadəcə, parlamentin ən böyük fraksiyasının lideri olubdur.

Formal baxımdan düzdür, amma Mahatma Qandi Hindistanda hansı postu-vəzifəni tuturdu? Adam Hindistan milli hərəkatının lideri və Milli Konqressin rəhbəri deyildimi?

Üstəlik, yazılanlara, deyilənə görə, ona prezidentlik təklif olunubmuş, razılaşmayıb. Qonşu Gürcüstanda deyəsən, prezident də vardı, Jordaniya! Di gəl, nə dəyişdi? Gürcü Respublikası da bizimkindən cəmi bir neçə ay çox yaşadı.
Həm də Rəsulzadənin bir böyük xidməti də olub ki, nədənsə tarixçilərimiz onun üstündən daim sükutla keçirlər və özümüzdə şübhə də yaranır ki, bəlkə hər dəfə bunu yazmaqla səhv edirik? Söhbət ondan gedir ki, Məhəmməd Əmin Azərbaycan istiqlaliyyəti ideyasını gündəmə gətirən ilk adam olub: tarixdə coğrafi anlamda Azərbaycan olub, amma, səhv etmirəmsə, siyasi anlamda heç vaxt bu ad hallanmayıb, Azərbaycan adlı dövlət olmayıb.
Daha doğrusunu tarixçilər bilir, amma çox təəssüf, bizdə hələ siyasi tarixlə məşğul olan tarixçilərdən çox siyasətlə məşğul olan tarixçilər var.
Xoyski Gürcüstanda güllələndi, Topçubaşov sağ qala bildi və ağır mühacirət həyatı yaşamalı oldu. Düşünmək olardı ki, Azərbaycan Demokratik Respublikasını bu adam ideya kimi yaşatmalı olacaq, amma bu yükü də Rəsulzadə götürdü. Kimsə buna görə hansısa iddia nümayiş etdirmədi, çünki başqa kim etməlidi bunu?

Düdənginski də bir ara çalışdı, hətta Almaniyada simvolik milli hökumətə bənzər şey də yaratdı. Amma tarix göstərdi ki, Rəsulzadə haqlıymış. Düdənginski də çox passionar adam olub, dinc durmurmuş, sonradan hətta “Azadlıq” radiosunun Azərbaycan şöbəsini də yaratdı və rəhbəri oldu.
Deyilənlərə-yazılanlara görə, Rəsulzadəylə Düdənginski arasında bununla bağlı bir az soyuqluq da yaşanıbmış. Düdənginski də qatı anti-kommunist, bəy nəslindən olan adam idi, amma Rəsulzadə deyildi.

Bilmirəm, nə qədər doğrudur, söylənilənlərə görə, Düdənginski ilk vaxtlarda təbliğatı düzgün qura bilmirmiş və Məhəmməd Əmin müdaxilə etməli olub, çünki adam 20-ci əsrdə nəinki rus imperiyasında, İrandakı, Osmanlıdakı siyasi proseslərin iştirakçısı olmuşdu, onun siyasi izləri hara aparmırdı? Stalin kimi “allahbəlası” yetənə “dost” deyərdimi?

Düdənginski də çox fədakar adam olub, keçmiş KQB hər adamı hədəf seçərdimi? Bir dəfə bizim tarixçilərdən biri Düdənginski haqqında tədbir keçirmişdi. Rəhmətlik Mirzə Xəzər bir azca ironiyayla demişdi ki, mənə müraciət edəydi, Düdənginski haqda ona ciddi materiallar göndərəydim!
Bunu ona görə deyirik ki, bəzisi jurnalistikayla akademik tarixi ayıra bilmir: ikisi də vacibdir, gərəklidir, amma fərqli sahələrdir. Jurnalistlər də lazım gələndə ciddi tarixi araşdırmalar edir, amma hər işin spesifikası var: jurmalistlərin də istinad etdiyi mənbələr əksər hallarda tarixçilərin tapdığı faktlar, sənədlər olur. Sözümün canı budur ki, hələ çox məsələlər özünün tarixi-akademik araşdırmasını gözləyir...

Təəssüf, ictimai-siyasi həyatda da “xalq yaradıcılığı”na, “folklor”a bənzər, yazılmayan, necə deyərlər, ağızdan–ağıza ötürülən “rəvayətlər” olur. Belə “rəvayətlər” - uydurmalar Rəsulzadə haqqında da var.
Xırdaçılıq olmasın, bu cür söz-söhbətə əslində fikir verməmək də olar, çünki adi adamlar azmı yanlışlıqlara yol verirlər? Amma bir-iki dəfə adi söhbətlərdə eşitmişik ki, guya Rəsulzadə etnik türk olmayıb! Gülməli deyilmi? Üstəlik, anlamaq, başa düşmək olmur ki, “türklük spravkasını” kim verir? Ötən əsrin əvvəlində Əli bəy Hüseynzadədən və Məhəmməd Əmindən böyük türkçümüz olmuşdumu bizim?..

Yəhudiliyi sübut etməkçün xüsusi dini məhkəmələr var. Bəlkə bizdə də belə şey türklüklə bağlı qurulub, xəbərimiz yoxdur? Bir də axı fərqi nədir? Bir dəfə oxumuşdum ki, Türkiyənin prezidentlərinin dördü etnik kürd olub! Dəqiq bilmirik, amma bəzi mənbələr indiki prezident cənab Ərdoğanın da guya etnik laz-gürcü olduğunu iddia edirlər.

Bizimçün bunun qəti önəmi yoxdur, nə fərqi var? Amma bir dəfə prezident Ərdoğan özü dedi: “Gənclikdə atamdan soruşdum ki, lazıq, yoxsa türk? Atam dedi ki, axirətdə bunu soruşmayacaqlar, soruşacaqlar ki, müsəlmansan, ya müsəlman deyilsən?”
Amma bir müddət sonra prezident Ərdoğan başqa yerdə özünün laz köklü olması haqda deyilənləri tamamilə təkzib etdi, sırf türk olduğunu dedi. Olsun! Bir daha deyirik ki, bizimçün zərrə qədər də fərqi yox! Bu məsələdə ən etibarlı mənbə prezident Ərdoğanın özüdür, onun öz sözünü əsas götürməliyik və götürürük də! Həm də əsas odur ki, prezident Ərdoğan, yaxud da etnik kürd olduğunu oxuduğumuz digər prezidentlər nə vaxtsa, qardaşTürkiyənin və türklərin maraqlarını kimdənsə, nədənsə əskik tutublarmı?..

Odur ki, indi neyləməliyik, kimdənsə Rəsulzadəyçün “türklük spravkası” almalıyıq? Təkrar soruşuruq: əsrin əvvəlində bu adamdan böyük türkçü-siyasətçimiz olubmu? Bilirsinizmi, bəzən insanlarımızı (söhbət bir–iki para adi adamlardan gedir, mütəxəssislərdən, məlumatlı insanlardan heç vaxt belə şey eşitməmişik ) “regionçuluq” – “bölgəçilik” kimi primitiv, arxaik hislər elə sərsəm “nəticə”lərə aparıb çıxarır ki, az qala, onların yerinə adam özü xəcalət çəkir.

Tarixçi deyiləm, yanlışlıqlarım ola bilər, üzürlü sayın. Bəli, mən də oxumuşam, hətta eşitmişəm ki, Türkiyədə Rəsulzadəyə qarşı bir az soyuq münasibət olub. Amma məncə, səbəbi başqa idi: Atatürk özü də çox mürəkkəb adam idi. Bu böyük qərbçi-respublikaçı türk reallıqda bir az yarıdemokrat-yarıavtoritar lider olub, həm də Rusiyayla münasibətlərinə görə bir ara bizim istiqlalçılara qarşı soyuq davranıb...
Rəsulzadə haqda “məzəli xalq rəvayətləri” bununla da bitmir. Bir dəfə də biri deyirdi ki, guya adam Polşanın agenti olubdur!

Bəli, o, deyəsən, bir müddət Polşada yaşamışdı, ikinci xanımı da deyəsən, polyak qadını olub. Amma “Polşa agenti” söhbəti bizi xeyli güldürmüşdü: hərdən həmvətənlərimizin fantaziyasına heyran qalırsan! Axı onda Polşa özü nəydi ki, “agenti” də olsun? Həm də “agent” o adama deyilir ki, bir ölkədə yaşayıb digəri üçün məlumatlar toplayır. Heç olmasa, Rusiyanın, İngiltərənin və ya Türkiyənin “agent”i deyin adama ki, bir az “inandırıcı” görünsün!..

Sırf Rəsulzadə-Nərimanov “probleminə” gəldikdə, bəzən adam fikirləşir ki, özümüz də məsələni olduğundan artıq şişirtməyi sevirik, hər iki tərəfdən, əsasən də “nərimanovçular” tərəfindən izafi canfəşanlıq sezilir.

Bir səbəbi budur ki, adi insanlarımızın da çoxu hələ də təəssüf ki, “yarısovet” adamları kimi qalır, onlarçün Nərimanov daha “anlaşıqlıdır”, nəinki, yumşaq şəkildə desək, “varlıların adamı” Rəsulzadə, halbuki sonuncu da sosial-iqtisadi baxışlarına görə müasir sosial-demokratlara yaxın olub, “nə kommunizm, nə vəhşi kapitalizm–milli təsanüd” deyib.

Bir başqası Nərimanova ona görə üstünlük verir ki, demokrat Rəsulzadəni sevmir! Digəri açıq deyə bilıməsə də Moskvanın adamı olmuş Nərimanovu daha çox qəbul edir, nəinki istiqlalçı Rəsulzadəni!
Qeyrisi Rəsulzadəni türklərə və Türkiyəyə yaxın adam, bir digərisə, nə qədər paradoksal olsa da, əksinə guya onu “xalis türk” saymadığına görə xoşlamır! Hətta eləsi də var adama ona görə isti münasibət bəsləmir ki, onun yerlisi deyil...

Qərəz, onlarla belə subyektiv səbəb sadalamaq olar. Hələ demirik ki, adam bizim indiki müxalifətçilərlə daha çox bağlanır, amma Məhəmməd Əminin seçimidirmi bu?..

Həm də yazılanlardan məlum olur ki, bu adamlar şəxsi həyatda da bizim düşündüyümüz kimi düşmən olmayıblar, bəlkə də tam əksinə! Lap əvvəldə qeyd etdiyimiz yazıda da Rəsulzadənin Nərimanov haqqında bir fikirini vermişdik: “Doktor axıra qədər mübarizə apardı!”. Yenə də doğrusunu-dürüstünü sözsüz ki, tarixçilər bilir, amma Məhəmməd Əmin həqiqətən belə deyibsə, bu, Nərimanova verilmiş ən böyük qiymətdir...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости