Ötən dəfə bir yazıda müasir şiəlik haqqında bir-iki sətir yazandan sonra düşündüm ki, buna bir daha qayıtmaq, bir az da aydınlaşdırmaq lazımdır. Bilrinsinizmi, niyə? Şiəlik həm də Azərbaycan-İran türklüyü üçün bir identifikasiya vektoru kimi çıxış edir.
Hazırda türklüyün üç böyük müstəvisi var: Osmanlı-Türkiyə, Azərbaycan-İran və bir də indiki Mərkəzi Asiya-Türküstan. Bunları bir az da personifikasiya etmək olardı: Osmanlı (Osman Qazi və ya İstanbulun fatehi 2-ci Sultan Mehmet), Səfəvilər (Şah İsmayıl) və Teymurilər (Əmir Teymur)...
Azərbaycan–İran türkləri səfəvilərlə, qızılbaşlarla bağlıdır, hərçənd, qızılbaşların etnik və hətta siyasi arealı bir az da geniş olubdur, amma əsas nüvə indiki Azərbaycan-İran coğrafiyasıdır. Odur, bir daha deyim ki, şiəliyə həm də bizim türk kimi məxsusi identifikasiya vektorumuz kimi yanaşanlar da var– bəli, bu, bizi digər türklərdən fərqləndirən və bir böyük etnik qrup kimi səciyyələndirən ciddi amildir.
Amma zamanın da diqtəsi olur. Türklər İslamın az qala, bütün cərəyanlarını özlərində ehtiva edirlər, aralarında nəinki xristianlar (məsələn, qaqauzlar, yakutlar və b.), hətta bildiyimə görə, iudaistlər də var. İndi böyük bir ərazidə (Ön Asiyadan tutmuş Mərkəzi Asiayadək!) bu etnosun ən müxtəlif alt-sistemlərinin yaxınlaşaması və hətta qovuşması prosesi gedir. Odur, dini baxşalar da yaxınlaşacaq və bu, həm bizim etnos, həm də islam qövmü kimi yaxınlaşamağımıza səbəb olacaq və düşünürük, çox yaxşı da olacaqdır...
O ki qaldı keçmiş səfəviliyə-qızılbaşlığa, bunun da daha dərin tarixi- kültürəl cəhətləri qalacaq, qalanlarısa tədircən unudulucaq, hətta ola bilsin, hətta tamam arxa plana keçəcək. Amma düşünürəm ki, qızılbaşlıq tamam tarixə qovuşa da İsmayıl heç vaxt unudulmayacaq, azı bir böyük şair-filosof kimi.
Bilirsiniz, bunu niyə deyirəm? Nə qədər qəribə olsa da, Azərbaycan müstəqil olandan sonra ən çox “təftişə-tənqidə”, hətta çox təəssüf, təhqirə məruz qalanlardan biri də Şah İsmayıl oldu, halbuki daim özümüzdən geri saydığımız özbəklər belə Əmir Teymuru özlərinin dövlətçilik simvollarına çevirdilər. Bizdəsə həmişə bunun əksi olur, kimin əli bir azacıq “yuxarı” çatırsa, başlayır bu xalqı kiçiltməyə...
Mən tarixçi, hətta ədəbiyyat adamı da deyiləm. Amma Dünyaya baxın: tarixdə az sayda hökmdarlar olub ki, bunlar həm də böyük zəka sahibləri hesab ediliblər. Məsələn, Aristotelin şagirdi Böyük İsgəndər və yaxud da Naoleon kimi! Belədəsə, çox hökmdarlar çalışıb ki, təəbələri onları həm də böyük intellektual hesab etsin. Amma alınmayıb! Çoxdan oxumuşam, ona görə də bəlkə unutmuşam, məsələn, yaxın yüz illiklərdə elə Avropada da beləsi olub, səhv etmirəmsə, imperator Fridrix, hansı ki, öz dövrünün bəzi zəkalı insanlarını himayə edirmiş ki, ona elmin, mədəniyyətin hamisi hətta filosof - imperator kimi baxsınlar! Bilmirəm, baxıblar, ya yox, amma bunu ona görə deyirəm ki, şərqdə də hökmdarlar özlərini böyük alimlərlə, filosoflarla, şairlərlə əhatə edərmişlər – məhz elə bir az əvvəldə dediyim səbəbdən! Bunların sırasında Şah İsmayılın xüsusi yeri var: Tanrı onu təkcə hökmdar-sərkərdə kimi yox, yalnız dini-ruhani lider (az qala, şiəliyin banisi, onu səltənətində hakim təriqət edən adam kimi!), həm də böyük şair - filosof kimi yaratmışdı.
Postsovet çağında bu adam haqqında yazılanlardan doğrusu, bir şey anlamadım. Əlbəttə, elmi-akademik dairələrdə belə şey yox idi. Daha çox ondakı populyar dərgilərdə, əsasən də qəzetlərdə adam haqda daha nələr yazmadılar! Halbuki bütün bu tip “yazılan”lara bircə cavab vardı: İsmayıl hər şeydən əvvəl ŞAH idi!
Bilirsinizmi, bu, çox maraqlı psixoloji məqamdır. Fikrimi izah edəcəm. Fransada Napoleonun (oxuduqlarıma görə, bunun ən güclü qvardiyalarından biri türk-məmlüklərdən təşkil olunubmuş!) məşhur “100 günlüy”ündə, imperator çox çətin, böhranlı anlar yaşanda, az qala, bütün Avropa hökmdarlarıyla vuruşmaq ərəfəsində olanda dövrün tanınmış demokratı, ABŞ-ın istiqlaliyyət savaşına ən çox dəstək verən fransalı Lafayet nəhayət, Bonapartla görüşə bilir və ona məsləhət verməyə çalışır. Söyləyir ki, Napoleon xalqa-fransızlara müraciət etsin. Bonapartın cavabı çox qısa olur; “Mən imperatoram!”...
Bilirsiniz, bunu yalnız İMPERATOR deyə bilərdi, hər tula, ayaqda qalmaqçün, nə bilim, nəyin bahasına olursa-olsun, taxt-tacını qorumağa çalışan hər adam bunu söyləyə biıməzdi.
Buna bənzər şeyi vaxtilə Şah İsmayıl haqda da oxumuşdum. Çaldıran döyüşü ərəfəsində ona da çox “məsləhətlər” verən olub, çünki o, silah sarıdan Sultan Səlimdən geri olub. Deyiblər ki, sən gəl, Sultan Səlimin qoşununa gecə, qəfil hücum et! Amma Şah İsamyılın da cavabı qısa olub yazılanlara görə: “Mən şaham, karvan soyan quldur deyiləm!”. Adam beləcə, toplu–tüfəngli Siltan Səlimə qarşı vuruşub və bəlli olduğu kimi, məğub olubdur. Yazılanlara görə, bu, onun sonuncu döyüşü olub və adam bundan “sınaraq”, səhv etmirəmsə, bir neçə ildən sonra dünyasını dəyişibdir...
Bir az əvvəldə üç türk müstəvisində həm də bu müstəviləri az qala, təmsil edən böyük hökmdarların adlarını da çəkməyə çalışdım. Ona görə də bir türk etnosu kimi bizi Şah İsmayıl şiəlikdən daha çox təmsil edir.
Ona görə mədəni-kültürəl şəkildə yenidən Şah İsmayıla qayıtmalıyıq. Eləcə də düşünürəm ki, tarix kimi Nadir şaha: bu insanlar bizim də türk olaraq İrana yönəlik iddialarımıza məzmun verirlər.
Yaxınların söhbətidir. Koroğlunun heykəlinin yanından keçirdim. Bilirsiniz, “Koroğlu” böyük eposdur, böyük dastandır, amma bütün hallarda nağıldır. Üstəlik, bizim bundan da böyük eposumuz-nağılımız olub–Dədə Qorqud!
Çox xalqlar əlifbalarını yardanları hələ xatırlayır, anır, böyük rəğbət bəsləyirlər. Əlifbayla bağlı heç nə deyə bilmərəm, amma elə bir xalq tanımıram ki, kimisə öz dilinin yardıcısı saysın: Dədə Qorqut, səhv etmirəmsə, oğuz türklərinin dilinin yaradıcısı sayılır! Güman, məşhur dördlüyü xatırlayırsız: Gəlinə ayıran demədim, mən də Dədə Qorqud və s. və i. Odur ki, bizim Dədə Qorquda möhtəşəm abidə borcumuz qalıb...
O ki qaldı Koroğluya, olsun, problem deyil, amma mən bilmirəm: məsələn, ingilislər Qobin Quda heykəl qoyublarmı? Siz elə gəlmirmi, şəhərin ən görünən yerində Şah İsmayıla belə böyük abidə qoymalılıyıq? Axı bir xalq kimi yerin dibindən çıxmamışıq, bizim də çox böyük ata -babalarımız, tariximiz olubdur...
Həm də adi bir siyasi yazar kimi mən şərq-müsəlman xalqları haqqında çox fikirləşirəm. Bir neçə dəfə yazmışam ki, Vallah, bu ərəblərə tarixin qarğışı keçib; ona görə ki, bunlar İslama qədərki bütün tarixlərindən tam imtina ediblər, halbuki mənim, bir qeyri-tarixçinin oxuduqlarına görə, bu ərəblərin də hətta İslama qədər də böyük tarixləri olubdur...




