Sekulyarizm, dünyəvi siyasət də cəmi insanlıq üçün mühüm addımlardan sayılır. Amma nə qədər deyilsə, nə qədər yazılsa da kimsə yüz faiz iddia edə bilmir ki, din adamları günlərini Tanrıya ibadət etməklə, dünyəvi siyasət adamları isə fani Dünyanın problemlərini həll etməklə məşğuldur – yox, böyük siyasətin hansı guşəsini “işıqlandırırsan” orada keşişlərin, ravvinlərin və hətta bəzi hallarda, mollaların izi görünür.
Bircə detalı qeyd edəcəm: əgər belə deyildisə, niyə bir neçə il əvvəl Birləşmiş Avropanın liderləri növbəti yubileylərini qeyd etmək üçün Vatikana, artıq dünyadan köçmüş Papa Fransiskin hüzuruna yollandılar? Sonra da deyirik ki, niyə Türkiyəni Avropa İttifaqına qəbul etmirlər?..
Belədəsə, belə misallar bilirsiniz, nə qədərdir? Bu günlərdə devrilmiş Maduronun problemi məlum olur ki, tək ABŞ, hətta onu prezident kimi tanımayan 60-dan çox dövlət də deyilmiş, adamın katolik kilsəsilə, hətta Vatikanın özü ilə ciddi problemləri varmış!..
İndi çatdıq məsələnin mübtədasına: niyə yazırıq bunları? Tramp özünün növbəti ideyasının təqdimatını keçirir, Qəzzada özü üçün Sülh, ya da çoxu deyən kimi, yeni “Təhlükəsizlik Şurası” yaradır, ora-bura ismarışlar göndərir, üzvləri seçir. Hətta dünən yeni Şuranın təsis edildiyi də bildirildi.
Bakıya da, hətta İrəvana da dəvət göndərilmişdi. Öncə buna görə böyük təşəkkürlər! Amma İrəvan hətta üç ilə olsa belə, ora 1 milyard dolları köçürə biləcəkmi? Düzü, özümüzə də aiddır bu! Bir milyard dollar az pul deyil, Bakının bütün kommunal - təsərrüfat - texniki problemlərini birdəfəlik həll etmək olardı buna.
Eləcə də daha bir neçə ölkənin də adını çəkmək olardı ki, Ermənistanın günündə olmasalar da milyard dollar onlarçün də az pul deyil. Məsələnin bir tərəfidir bu.
İnanın, Zəngəzur məsələsində, Mərkəzi Asiya ölkələrinə münasibətdə və eləcə də digər məsələlərə baxışda Trampın öz sələfindən xeyli fərqlənəcəyini dəfələrlə yazanlardan olmuşam, hətta Mərkəzi Asiyanın bəzi avrtoritar liderlərinə neçə dəfə xitab etmişik ki, Putindən üzlüşün, Trampın sizinlə işi yoxdur, əksinə sizin regionda da marağı var adamın...
Amma Sülh Şurasıyla bağlı bəzi məqamları, daha çox da qlobal Dünya üçün müəyyən nəticələri ola biləcək detalları qeyd etmək istərdik burada. Kremlin qərarı hələ bəlli olmasa da, V.Putin niyə ora dəvət alımalıdır? Adamın əlindən Rusiyanın çevrəsində olan xalqlar dinclik-rahatlıq bilmir, o, sülh yaradandısa qoy, əvvəl onu post-sovet məkanında etsin!
Düzdür, artıq Mahmud Abbasa dedi ki, ölkəsinin dondurulmuş aktivlərindən bir milyrad dollar ayırmağa hazırdır. Amma Putin kimdir? Beynəlxalq Məhkəmənin elan etdiyi hərbi cani! Görən, niyə cənab Tramp daim bunu unudur?
Netahyahu niyə orada oturmalıdır? Başa düşürük, adam əsas “aktor” ölkələrdən birinin - İsrailin başçısıdır. Amma kimsə bəndənizi inandıra bilməz ki, Netahyahunun iştirakıyla Yaxın Şərqdə, xüsusən Fələstində sülh bərqərar olacaq! Adam indiyədək bu məsələylə bağlı qəbul olunmuş bütün qərarları rədd edir, “Heç bir Fələstin dövləti olmayacaq” deyir!
Bunu hətta Tramp da başa düşür və ondan canını qurtarmaq üçün cəhdlər edir. Mənim oxuduğum sonuncu statistikaya görə Qəzzada 100 minə yaxın adam həlak olub! Onların arasında minlərlə müsəlman uşağı olubdur! Bunların hesabını kim verəcək? Axı İsrail daha az itkiylə lokal anti-terror əməliiyatı keçirə bilərdi! Gör, bunlar Qəzzadakı müharibəyə nə ad qoyublar? Səhv etmirəmsə, “Dirçəliş”!..
Beynəlxalq Cinayət Məhkəməsində kimin qərar verdiyini bilmirik, amma o hakimlər çox obyektiv qərar verdi: Netanyahu hərbi canidir! HƏMAS-ı da qırağa qoymuruq, onun da lideri cani elan olunub!..
İnanın, ərəblərin az qala, 20 dövləti var və düşünmürük ki, daha bir dövlət yaratmaqla onlar aydınlığa çıxacaq. Yox, gec-tez, onun da başında hansısa çalmalı oturacaq! Amma “cin butulkadan çıxıbdır”, az qala, bir əsr bundan əvvəl Fələstin dövlətinin yaranması haqqında qərar verilib. İnsanlara bunu unutdurmaq mümkün olmayacaq.
Yəhudilər çox ağıllı millətdirlər və çoxu dərk edir ki, Netanyahu Qəzzadakı “qələbəsilə” gələcəkdə baş verəcək daha böyük müharibə üçün zəmin yaradır. Kim istəmir Yaxın Şərqdə sülh olsun? Amma o sülhü nə Netanyahu kimi “müharibə qartalları”, nə də hər şeyi öz kürsülərindən ötrü bazara çıxarmağa hazır olan çalmalı ərəb şeyxləri gətirməyəcək, bunların “sülhü” ərəblərin və yəhudilərin qəlbində təəssüf ki, əsl sevgi yaratmayacaq...
Odur ki, sual yaranır: Bəs niyə prezident Tramp Putin və Netanyahu kimi cinayətkaları, onların cinayətlərini malalamaqla məşğuldur? Bu adamlar bir gün axır rədd olub hakimiyyətdən gedəcəklər və onlardan bütün bunlar hansısa formada soruşulacaq. Hələlik karlarına çatan budur ki, nə Rusiya, nə İsrail Beynəlxalq Məhkəmənin yurisdiksiyasnı qəbul eyməyibdir...
Qərəz, hələ suallardan başqa heç nə yoxdur, heç nə dəqiq bilinmir, amma hər yerdən xəbərlər gəlir ki: Tramp “öz BMT”-i yaradır! Ən gülməlisi budur ki, bugünlərdə əsl BMT-nin Baş katibinin də dərdi açıldı: adam özü ilk dəfə BMT-nin, onun TŞ-nın effektivsizliyindən danışdı! Bu vaxta qədər bundan böyük politoloqlar, siyasət adamları danışırdılar, indisə BMT-nin özünün ən böyük məmuru sükutu pozdu! Səbəb? Bəlkə Qutteriş də “Trampın BMT”-də hansısa posta göz dikib, axı deyilənə görə, onun da “sroku” başa çatır!
Bütün bunlar nə qədər maraqlı olsa da, dərində olan başqa məqamlar var. Siyasətlə dinin sintezindən əvvəldə bir-iki cümlə yazdıq. Bilirsiniz, çox təəssüf ki, iudaizm, xristianlıq və ya islam üzrə mütəxəssis deyilik. Amma deyəcəklərimizi illahiyyatçılar özləri də bilmir.
Müasir dünyada dinlə geopolitikanın sintezindən çoxlu “doktrinalar” yaranıb: bunlar yarı teoloji, yarı geosiyasi konsepsiyalardır.
İudaizmdən xəbəri olan Sion, “Siona qayıdış”, “Tanrınn seçdiyi xalq”, “Vəd olunmuş torpaqlar” kimi ifadələri güman, dəfələrlə eşidiblər. Belə “doktrinalardan” bir guya yəhudilərlə protestantların birliyinə söykənən geosiyasi “doktrinadır”.
Belə “mülahizələr” var ki, guya protestantlar da özlərini yəhudilər kimi “seçilmiş xalq” sayır, düşünürlər ki, yəhudilərlə birlikdə İlahi Səltənəti bərqərar edəcəklər Yer üzündə!..
Trampın da Yaxın Şərq “çabalarını-vurnuxmalarını” çoxdan izləyirik. Onun Qəzza planları yadımıza məşhur bir ifadəni saldı: “Siona qayıdış” və yarızarafat-yarıciddi düşündük ki, əcəba, Məhşər yaxınlaşmır görən? Bəlkə Tramp haradansa “siqnal” alıb? Axı bir ara bəzi fantastlar iddia edirdi ki, guya yadplanetlilərlə ABŞ prezidentləri arasında kontakt var!..
Tramp özü də protestant kilsəsinə aid olub. İndi hansı sektada qərarlaşdığından xəbərsizik. Amma belə məlum olur ki, ABŞ prezidenti əsas yəhudi mistikasını – Kabbalanı öyrənməklə məşğul olub. Burada elə də təəccüblü bir şey yoxdur, dahi Eynşteyn də Kabbalanı öyrənirdi!
Siyasətçilərə gələndə, vaxtilə kiçik Buş da özünün “xristian mistikası” ilə çox qorxudurdu, adam az qala, yuxuda İsa peyğəmbəri gördüyünü, onunla danışdığını deyirdi! Səddam diktator idi, cəzalanmalıydı, amma onun edamı az qala, dini ritula çevrildi! Belə şeylərdən qorxur adam!..
Odur, indi Trampın Yaxın Şərq çabalarını seyr edəndə qeyri-ixtiyari, yarıciddi-yarızarafat yəhudi-xristian mistikasından eşitdiyin məqamlar haqda düşünürsən: bəlkə doğrudan “Siona növbəti qayıdış” başlayır?..
Sonda vacib detalı qeyd etmək istəyirik. Bəli, Dünyada təzə nəsə baş verən kimi, dərhal başlanır ki, guya “yeni dünya nizamı” yaranır! Tələsməyin, qardaşlar! Dünyada yeni, daha pozitiv nizam yaratmağa kimsə cəhd etmir, əks proses baş verir: hətta mövcud nizam artıq bəzilərinin xoşuna gəlmir, onun yerində hərə öz “nizamını” yaratmaq istəyir! Bəlkə nə vaxtsa, hamı ötən 20-ci əsr üçün nostalji keçirəcək, çünki onda Dünyada az da olsa, qayda vardı, indiki bespredel yox idi...
Odur ki, nəticələrlə tələsməyin. Şəxsən daim düşünürəm ki, şükür, Türkiyə var! Hər şey yana, biz hələ çox təcrübəsizik, oradakılar bizim əvəzimizə də düşünər lazım gəlsə. Amma baxıb görürsən ki, yox, hətta onların da “bicliyi” dünyadakı bütün geosiyasi fırıldaqları qiymətləndirməkçün hələ yetərli deyil, çünki hətta qardaşımız Türkiyə də yalnız bizə baxanda, bizimlə müqayisədə böyük dövlət kimi görünür.




