Свобода людям, независимость нациям!

Vaşinqtonun saatları nə göstərir?..

749 23.12.2025 12:20 Колумнисты A A

ABŞ Prezidenti Donald Trampın da daxili reytinqi kəskin azalıbdır deyirlər. Guya cəmi 39 faiz təşkil edir. Bununla bağlı xeyli “ürək sözlərimiz”- təsəllilərimiz olacaq, amma bəri başdan bir etirafımız var. 

Nə qədər zəhləmiz getsə də, planetin və xüsusən Cənubi Qafqazın adi sakini kimi onun hələ hakimiyyətdə qalmasının (getmək fikri, xüsusən də bunun üçün əsas da yoxdur) tərəfdarıyıq. Qoy, bəzi məsələlər həll olunsun, Zəngəzur dəhlizi reallığa çevrilsin, Paşinyan da gələn seçkiləri udub Moskvadan uzaqlaşsın, sonrasına baxarıq: Tramp Nobel alar, qoy, alsın, almazsa da cəhənnəmə, gora alsın... 

Belədəsə, bu xəbərlər yadıma başqa detalı saldı. Bizim birillik AXC hakimiyyətinin (Allah özü xeyrə calasın, axır vaxtlar yaman tez-tez xatırlayıram onu!) obyektiv-subyektiv səbəblərdən “fatihəsi” veriləndə o dövrdəki politoloqlarımızdan biri maraqlı şərh vermişdi. Demişdi ki, AXC hakmiyyəti reytinqi çox düşdüyünə görə artıq legitim deyildi!..

Onda da məəttəl qalıb soruşmuşduq ki: hansı beynəlxalq sənəddə, ya milli qanunvericilik aktında, hətta hansı kitabda-dərslikdə yazılıbdı bu?..

Birinicisi, sorğu reytinqi elə bir ciddi şey deyil və onun heç bir hüquqi nəticələri olmur, çünki ən peşəkar sosioloq belə sosioloji sorğuların nəticələrini yüz faizlik həqiqət kimi qəbul etmir, ən yaxşı halda, bu, kiçik statisikadır, yalnız ehtimal kimi nəyəsə işarə ola, diqqət çəkə bilər. 

Ona görə ki, sorğular uzağı, 5-10 min, lap fantastik halda, 50 min respondenti əhatə edir və onun reprezentativliyi daim mübahisəli olur, çünki bu, hələ milyonlarla seçici demək deyil. 

İkincisi, 90-cı illərdə bizdə də “reytinq sorğuları” çox dəbdə idi. Ona görə dırnaqda yazıram ki, bunu da jurnalistlər “ulduz falları” kimi özləri yazırdı. Bu, bir yana, ən əsası odur ki, həmin “sorğu”larda “it dəftəri”ndə adı olmayan cırtdan partiyaların cırtdan “lider”lərinin adını az qala, birinci yazırdılar. Bu məntiqlə gərək həmin cırtdan “liderləri” prezident elan edəydik! Etmədik axı...

Üçüncüsü, hansısa bir “sorğunun” legitimliyə nə dəxli? Qanunla seçilmiş prezidenti müstəsna hallarda, dünyasını dəyişəndə, şəxsi istəyi ilə əlaqədar (sağlamlıq və s.) və bir də ona hansısa səbəblərdən impiçment elan olunanda vəzifəsinin icrasından uzaqlaşdırırlar. 

Belədəsə, reytinq azalar-artar, hətta kəskin də düşər, amma əksər hallarda bunların nəticəsi özünü əsasən növbəti seçkilərdə göstərər. 

Keçmiş AXC-nin məsələsinə gələndə, hakimiyyətə qarşı hərbi qiyam (necə deyər, ya vəlvələdən, ya da zəlzələdən!) baş verdi və onlar məğlub oldu. Əsas səbəb bu idi. Bunun hüquqi yekunu kimi də insanlar referendumda onlara “yox” dedi və bu da impiçment kimi bir şey oldu.   

Bunları niyə təkrar deyirik bizdən də çoxbilmiş sayğılı vətəndaşlarımıza? Artıq tamam tarixə çevrilmiş bir məsələnin içində eşələnməyin nə mənası?  

Yox, bir də görürsən ki, hansısa telekanal durub anons edir: Trampın reytinqi aşağı düşüb, bu gün-sabah gedəcək! Belə şey yoxdur, ola da bilməz! Bir daha deyirik ki, reytinq hüquqi nəticələri olmayan bir şeydir, olsa-olsa, siyasət adamları üçün bir “sosial-siyasi termometrdir”. 

Nəzəri cəhətdən impiçment olar, amma bunun üçün ciddi əsaslar olmalıdır, üstəlik, çox çətin və mürəkkəb prosedurdur bu. 

Yazını da belə səs-küyə bir növ son qoymaq üçün yazırıq. Hələ ən böyük sorğu xidmətinin belə araşdırması kiminsə istefasına gətirib çıxarmayıb.  

Maraq kəsb edənsə başqa bir detaldır. Deyilirdi ki, guya Trampın siyasətinin bünövrəsində “Amerika eqoizmi” dayanır, axı adam “Hər şeydən əvvəl Amerika və amerikalılar!” deyir. Bəs onda niyə görə daxili reytinqi qalxmaq əvəzinə düşür?.. 

Hərdən ABŞ prezidentlərinin dünya üzrə də reytinqləri öyrənilir. Trampı İsraildən başqa heç yerdə sevmirlər və onun beynəlxalq reytinqinin kəskin şəkildə düşdüyü deyilsəydi, biz buna qətiyyən təəccüblənməzdik.

Ümumiyyətlə, Tramp çox da sevilən prezident deyil: şou xarakterli qərarlar, mübahisəli layihələr və s.! Bunları yazanda bəlli oldu ki, adam BBC-yə qarşı 10 milyardlıq iddia qaldırıb! 

BBC üçün lap fantastik ədəd olmasa da adam yenə özündən soruşur ki, görən, bunun psixologiyasında problem yoxdur ki?.. 

Bilirsinizmi, niyə deyirəm bunu? 90-cı illərdə, Yeltsin dövründə Rusiyada bir general Lebed vardı, üz-gözündən yalnız rus-sovet generallarına xas olan kütlük, əsl zəhrimar yağırdı! Amma adam bir neçə çox mühüm mülki-siyasi post tutmuşdu. 

Hətta bu da bizim üçün elə önəmli deyidil. Maraqlısı bu idi ki, general Lebed bir qəzetdən şikayət vermiş və tələb kimi də təkzib və cəmi bir rubl cərimə tələb etmişdi. Bəli, cəmi bir rubl! İnanın, bu sətirləri yazıram və qulaqlarımda hələ də bizim keçmiş “deputat”lardan birinin səsi cingildəyir: “Niyə vermirsiniz bunları məhkəməyə? Verin məhkəməyə, qoy, hamısı bağlansın!”

Cənab Trampın da motivləri aydın deyil: adama həqiqət lazımdı, yoxsa hansısa media strukturunu çökdürmək? Belədəsə, məsələ ilə bağlı artıq neçə adam istefa da veribdir. Bir məqam da var. 

ABŞ daha bütün postsovet ölkələrinin həyatında əvvəlki siyasi rola malik deyil. Üstəlik, oriyentirlər də çox dəyişib, daha heç kim saatını “Vaşinqton saatı” ilə tutuşdurmur. 

Amma hələ də nəzəri cəhətdən ABŞ-də baş verənlər bəzən müəyyən “assosiasiya”lar yarada bilir. Təəssüflə “Bu da ABŞ” - deyənlər də olur, okeanın o tayından nümunə götürüb, “O da sizin ABŞ!”, - deyə hamımıza barmaq silkələyənlər də. 

BBC bir tərəfə, Trampın keçmiş idarəçiliyi dövründə axır məlum da olmadı ki, o boyda ərəb jurnalisti “kislota”da əritdlər, yoxsa başına başqa oyunu açdlar?

Bütün hallarda, bunun Donald müəllimin çalmalı ərəb şeyxləri ilə dostluğuna təsiri də olmadı. Ona görə postsovet məkanının bəzi “xəlifə”lərinə, xüsusən Mərkəzi Asiyadakı yeni “türk xaqanları”na  deyirik: qardaşlar, əlinizi Putinin ətəyindən çəkin, vallah, Trampın  sizinlə işi yoxdur, əksinə, bəlkə sizə də “Mənim dostum, çox mərhəmətli, hörmətli Şeyx Əbdürrəhman ibn Xottabıç” deyə müraciət edəcəkdir...

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости