Bir şəkil var, hərdən orada-burada görəndə rəhmətlik Elmar Hüseynov düşür yadıma və bir də ayılıb görürəm ki, öz-özümə qeyri-ixtiyari “Allah sənə rəhmət eləsin, Elmar!” deyirəm.
Belədəsə, bir cümləlik “nəsimivari” haşiyədən sonra bilirsinizmi, nə demək istəyirəm? Ən birincisi, insanın əxlaqı, vicdanı olmasa da heç olmasa, həyası olmalıdır.
İnsanın hətta, türkiyəlilər demiş, kəndi savadsızlığını da başa düşməsi üçün də savadı olmalıdır. Təəssüf, bəzilərimizdə hətta bu keyfiyyət də çatışmır. Nəticədə nə alınır? Rusların məşhur məsəli var: axmaq hələ qorxulu deyil, ən qorxulusu, hətta təhlükəlisi, təşəbbüskar axmaqlardır, Tanrı onlardan qorusun...
Vaxtilə müxalifət düşərgəsində də belələri vardı: hansı məsələni deyirdin, ertəsi gün “50-60 səhifə” yazıb gətirərdi! Ən dəhşətlisisə bilirsiniz, nə idi? Bunu qiymətləndirənlər də vardı, hətta onlar da başa düşmək istəmirdilər ki, adətən heç bir sahə üzrə mütəxəssis olmayanlar bir qayda olaraq sonda dönüb bütün sahələr üzrə “mütəxəssis” olurlar!
Ədalətsiz yanaşma olsa da elə siyasət haqqında da deyilir ki, özlərini bütün sahələrdə sınayıb heç nəyə nail olmayanlar axırda “siyasətçi” olur!
Əlbəttə, tamamilə ədalətsiz yanaşmadır, siyasətin və siyasətçinin missiyası tam başqadır, yükü də hamınınkından çoxdur: biz seçkilərdə kimlərisə harasa seçəndə Elmlər Akademiyasına seçki keçirmirik, ölkəni idarə etmək üçün prezident və ya deputatları seçirik!
Amma bir azacıq “həqiqət” var burada; siyasətdə klassik mənada intellektuallara az təsadüf olunur. Böyük problem deyil bu, hər işin öz dahisi olur, bir də görürsən, böyük bir alim–intellektual öz siyasi sadəlövhlüyü və hətta savadsızlığı ilə camaatı məəttəl qoyur! Kiçik detal deyəcəm. İsrail dövlətinin ilk prezidenti yetərincə böyük alim-kimyaçı olub. Onun digər qurucusu, uzağı, jurnalist sayıla biləcək Ben-Qurion olub. Amma bir görün, tarixçilər nə yazır? Deyirlər ki, birinci prezident Veysman yalnız öz işinə başlayandan sonra anlayıbdır ki, ona baş nazir, siyasətçi-jurnalist Ben-Qurion necə bir kələk gəlibdir!..
Hətta bu, da narahat etmir. Bilirsiz, daha dəhşətlisi nədir? Anormal ölkələrdə bəzilərinin siyasətə gələndən sonra “intellekt ulduzu” parlayır!
Adicə misal. Stalin heç bir vaxt, hətta əvvəllər də ağılsız-savadsız bir adam olmayıb, deyilənə görə, 300-400 səhifə oxuyurmuş gündə! Sonra da bütün oxuduqlarını yazıq sovet xalqının başında çatladırmış...
Adam nələrə qarışmırmış? Fəlsəfədən girib iqtisadiyyatdan çıxırmış, hətta dilçiliyə qarışır, özünü “millətlər və milli münasibətlər” üzrə ən böyük mütəxəssis hesab edirmiş! Aristotel yalan olubmuş, Leonardo da Vinçi kimi universallar tamamilə əfsanəymiş bunun yanında! Moskvada müəllimimiz deyirdi ki, adam hətta “Murzilka”nı oxuyurmuş – bu haqda bir dəfə də yazmışam...
Niyə deyirəm bunları? Təəssüf ki, bizdə də belə “potensial siyasi dühalar” bir “nüsxə” deyil, çoxdur, “defisit” ağıllı insanlardır, hansıların ki, yoxluğunu bundan sonra hiss edəcəyik, çünki istedadlı gənclər həyatlarını, karyeralarını böyük, inkişaf etmiş ölkələrdə qurmağa cəhd edirlər, buralardasa qalır “ortabab”lar, necə deyər, “baş girələyənlər” və “folklor üzrə nəhəng alimlər”...
Bir də ayılıb görəcəyik ki, millətin intellektual elitası deyilən şey tamamilə yoxdur və çevriləcəyik “orda-burda” cızılan “instruksiya”larla yaşamağa! Məqsədi pul və sərvət toplamaq olan “milli burjuaziyamız”, yəni böyük məmurlarımız üçün elə də təhlükə deyil bu, amma heç kim nəzərə almır ki, suverenliyi itirməyin siyasi, iqtisadi üsullarından savayı qeyri yolları da var...
Ona görə də intellektual elita lazımdır bizə. Amma burada vəziyyət gündən-günə bərbadlaşmaqdadır. Az-çox qandığım sferalardan çox yox, bir-iki misal çəkəcəm.
Kimin haqqında internetdəki məlumatlara baxırsan, məlum olur ki, bəs adam hansısa yaradıcı birliyin üzvüdür. Nə olsun? Adam, məsələn, Yazıçılar Birliyinin üzvü olmaqla yazıçı olur? Böyük Nizamidən bu tərəfə sadalasaq bəlkə 50-60 ədibimiz ola, ya olmaya! Amma yaradıcı birliklər statistikalarını açıqlayanda məlum olur ki, minlərlə yazıçı, şair, rəssam və daha nə bilim, kimlərimiz var!..
Füzuli hansı birliyin üzvü idi? Olubsa da güman, hansısa bir elitar, məhdud çevrəli ədəbi məclisin, ya da yarımleqal sufi dərnəyinin üzvü olubdur. Üzeyir bəy ilk operanı, ilk klassik musiqini yaradanda hansısa yaradıcı ittifaq-filan vardımı? Sovet vaxtı yaradıcı ittifaqlarda çox böyük post tutanlar vardı. Demirəm ki, bunların arasında istedadlı adamlar yox idi. Əsla! Amma V.Mustafazadə indi onların çoxundan daha artıq anılır!
Hansısa siyasi partiya, təşkilat kütləvi olar və ya buna can ata bilər, hərçənd, bəzi ölkələrdə heç daha belə də olmur: partiyaların çox məhdud aparatları və yüz minlərlə - milyonlarla tərəfdarı olur! Səhv etmirəmsə, əvvəllər bunlara daha çox “kadr partiyaları” deyilirdi və artıq dünyada ən çox belələrinə təsadüf olunur, çünki siyasi partiyaların üzvlərinin sonsuz sayda artırmasına ehtiyac yoxdur; adi üzvlük haqlarından daha möhtəşəm maliyyə mənbələri var partiyaların, onların üzvlük haqqına nə ehtiyacı?..
Həm də yaradıcı birliklər prinsipcə, kütləvi ola bilməzlər də axı! Nə olsun ki, indi bəzi imkanlar genişlənibdir? Məsələn, sovet vaxtı kitab çap etmək elə də asan məsələ deyildi. Söhbət tək senzuradan-filandan da getmir. İndi nə baş verir? Pulun var, get “kitab”ını çap et! Bu kitabların redaktoru da, korrektoru da, az qala, rəssamı, hətta oxucusu da müəllifin özü və bir-iki dost–tanışı olur...
Ötən yay həyətdə təsadüfən bir qonşuyla söhbət edirdik. Dedi ki, öz “nəsil - şəcərəsi” haqqında “kitab” buraxdırıb və xeyli xərcə düşübdür! İnanın, elə ədəd dedi ki, şəxsən mənim o qədər pulum olsaydı təzədən “Kapital” yazardım.
Özüm də bir ara, qısa müddətdə bir nəşriyyatda iləmişdim. Bir nəfər rayonlu “kitab” əlyazması gətirmişdi. Bəli, kompüterdə yığıldı və mən baxdım. İnanın, dəhşətə gəldim! Tez-tez qaçdım nəşriyyatın rəhbərinin yanına ki, nəşriyyatın adının belə “kitabı”ın üstünə yazılması əsl biabırçılıqdır! Nəşriyyatın rəhbərisə qayıtdı ki, bəs, nə edək, acından öləkmi? Bu, da haqlı sual idi, amma belə şeylərə görə biz beş-on manat irəli düşürük, amma itirən yenə millət olur, çünki ən azı standartlar ölür!
Yenə qayıdıram söhbətimin əvvəlinə. Elm, sənət kütləvi ola bilməz, bunlar təbiətən elitar sahələrdir. Hər adam Akademiyanıın üzvü ola bilərmi? Böyük hesabla götürəndə, qəti olmamalıdır, hərçənd, biz bu tabunu da çoxdan ayaqlamışıq. Hər adam yazıçı, şair, rəssam, daha nə bilim kim, olarmı? Bunlar da elitar sahələr olublar, belə də qalmalıdır...
Kiçik haşiyə olsa da, bir dəfə bir əcnəbi politoloqun da yazısından oxudum ki, ən demokratik ölkədə belə ordu avtoritar institut olaraq qalır və qalmalıdır. Həqiqətən, ordu nədir, demokratiya nədir? Bəli, parlament, cəmiyyət ordu üzərində məhdud nəzarəti həyat keçirə bilər, amma bütün zamanlarda, bütün dövlətlərdə ordunun birinci qanunu bu, olub ki, əmr müzakirə olunmur...
Belə götürəndə guya elmdə, yaxud da sənətdə demokratiya var? Yüzlərlə alim səhv edər, bir alimsə doğru, haqlı çıxa bilər! Tarixdə azmı olub? Elmdə, sənətdə yaradıcı məsələlər adi səsverməylə həll olunurmu?
Hər yerdə yaradıcı sahələr tamam elitar, individual sahələrdir. Aşıq bildiyini çağırar, mən də azacıq elmi sahəni bilirəm. 21 yaşında ölən riyaziyyatçı Evarist Qalua neçə dəfə cəhd etsə də ali məktəbə qəbul ola bilməyib. Amma yaratdığı qruplar nəzəriyyəsi nəinki riyaziyyatın, hətta nəzəri fizikanın fundamenti sayılır! Bəs onu imtahanda kəsən müəllimlər haradadır? Onları heç xatırlayan varmı?..
İsveçli Nobel laureatı Alvenin məqalələriini heç bir ciddi jurnal qəbul etmirmiş, adam üçüncü-dördüncü dərəcəli nəşrlərdə çap etdirirmiş yazılarını! Bir azca bizə yaxın dövrdə, səhv etmirəmsə, kvazi-kristalları kəşf edən alimin də heç kim məqalələrini qəbul etmirmiş ki, belə bir şey ola bilməz! Amma sonradan Nobel aldı! O ki qaldı ədəbiyyatın mətbəxinə, mənə elə gəlir ki, bunu hamıdan yaxşı Cek London “Martin İden”də təsvir edibdir.
Burada öz həyatımızdan da kiçik bir detal yadıma düşür. Keçmiş dostlardan birinə başa sala bilmədim ki, əsl fəlsəfə heç vaxt kütlə üçün olmayıb, olmayacaq da.
Hətta dərinə varanda Popper də kütlə üçün deyil, onun da təlimi daha hazırlıqlı insanlar və cəmiyyətlər üçündür: Popper özü də kütləviləşəndə dönüb olur “Soros” təşkilatı!..
Ən azı formal baxımdan da hər yazılan şey fəlsəfə deyil, o, konkret predmetləri və metodologiyası olan elmdir. Amma burada üzdə olmayan məqamlar var, bəzən quru sxemlər də çox çaşdırır bizi: Rassel bütün kütləvi yazılarından imtina etmişdi, hətta Kamyu da heç vaxt jurnalistika fəaliyyətini qabartmırdı...
Amma bir daha deyirəm, bunlar üzdə olanlardır, şəxsən mən hətta keçmiş Dobrolyubov kimi publisisti bəzi yüz “filosofa” dəyişmərəm. Söhbət nəyin harada çap olunmasından, artıq- əskikliyindən getmir, yox, bunlar ikinci dərəcəli məsələlərdir: vaxtilə dünya intellektualları da bəzi qəzetlərin və nəşrlərin ətrafında birləşərdi.
Qədimləri bilmirəm, yeni dövrlərdə bizim klassik mənada böyük filosofumuz olmadı, amma təsəllimiz budur ki, Mirzə Cəlil kimi həm də çox böyük publisistimiz var. Eləcə birmənalı demək mümkündürmü ki, Volter və onun bənzəri – bizim Axundzadə kim olubdur: filosof, fəlsəfi publisist, yoxsa ədib, hətta komediant? Üstəlik, sual olunur ki, bizimçün qəliblər, sxemlər önəmlidir, yoxsa mahiyyət?..
Bir dəfə bir “elmlər doktoru filosofa” əsəbiləşib demişdim ki, cəmiyyətin bəzən yanlışlığı onda olur ki, böyük jurnalistdə-publisistdə, yazıçıda real filosofu, hətta psixoloqu görmür, şərtliklərin, sxemlərin əsiri olur, hələ qeyri şeyləri demirəm. Belədəsə, Dostoyevski kim idi? Ruslar niyə daim deyir ki, rus fəlsəfəsi ilk növbədə rus ədəbiyyatıdır? Kamyu daha çox ədəbi əsərlərində, yoxsa fəlsəfi esselərində filosof idi? Sartra niyə filosoflar yazıçı, yazıçılar - ədiblər isə filosof deyirdi? Odur, gəlin sizli-bizli razılaşaq ki, bütün sxemlər şərtidir, mahiyyət heç vaxt üzdə olmur, daim dərindədir və əsas odur ki, necə adlanmasından asılı olmayaraq ortada YAZI olsun. Biz əksər hallarda bunu edə bilmirik və cəmiyyətə az qala, “konfet kağızında” daha çox zir-zibil dürtüşdürürük.
Sovetin vaxtında yaradıcı sferada da məsələlər “səsvermə”ylə həll olunurdu, Cavidlər “səsvermə”ylə Sibirə göndərilirdi, Əhməd Cavadlar “səsvermə” ilə güllələnirdilər! Dəhşətlisisə bilirsiniz, nə idi? O yerdə ki, həqiqətən səsverməyə ehtiyac vardı, o yerdə ki, demokratiya lazım idi, oralarda bunu etmirdilər: yetmiş il sovet camaatı zurna-qavalla seçkiyə getdi. Amma kağızda cəmi bir nəfərin adı olardı, məlum deyildi ki, kim seçilir, necə seçilir və hara seçilir?..
Həmişə doğru-yalan, səhv-düz, təklifimizi də etmişik. Çıxış yolu nədədir? Ən birincisi, biz daha SSRİ deyilik və bizim elmi potensialımız da o dövrdəki kimi ola bilməz.
“Amma kasıb olanından untanmaz”– deyib babalarımız. Beş-üç elmi institut qalıb. Heç olmasa, nəzərə alaq ki, onların xərcini vergi ödəyərək bu yazıq millət çəkir. Bu institutları köhnə məmurlar üçün sanatoriyaya çevirməyək, qoy, burada həqiqətən işi-gücü elm olan alimlər çalışsın: az olsun, eybi yoxdur, amma yüzlərlə yalançı alimdənsə beşcə həqiqi alim saxlamaq daha yaxşıdır...
Birliklərə gələndə, hətta sovetin vaxtında belə insanlar, məsələn, alim kimi tanınandan, özlərini təsdiq edəndən sonra Akademiyaya seçilirdilər.
Eyni prinsip bütün yaradıcı birliklərə tətbiq olunmalıdır: yazıçılığa, rəssamlığa, nə bilim, bəstəkarlığa təzəcə başlayanları, ilk addımlarını atanları yox, artıq özünü təsdiq etmiş insanları qəbul etmək lazımdır.
Belələri də az deyil, bütün sahələr üzrə 80 - 90-ci illər nəslinin, bizim şair və yazıçıların, bəstəkar və rəssamların yaradıcılığını bir növ “təftiş edib”, süzgəcdən keçirib, qiymətləndirməyin vaxtıdır..




