Свобода людям, независимость нациям!

Zərdüşt bəy, doğrudanmı, 80 il keçdi?..

2192 16.01.2026 11:23 Колумнисты A A

Hərdən özümdən soruşuram ki, Zərdüşt bəyi nə vaxtdan, haradan tanıyıram? Yadıma gəlir ki, AXC-nin yarandığı ilk vaxtlar idi. Bizim institutun böyründə İmam Mustafayevin “Genetika və seleksiya” institutu da vardı. Bir dəfə “dayaq dəstə”mizin iclasını orada keçirdik. Rəhmətlik Elxan Rzayev (rəhmətlik Tofiq Qasımovun bacısı oğlu, AXC NTK-nin üzvü) Zərdüşt bəyi də dəvət etmişdi.

Bilmirəm, riyaziyyatdan-filandandır, yoxsa başqa cəhətdən, diqqətcil adamam. Zərdüşt bəyə də çox diqqət etdim və ilk təəssüratım bu, oldu: təmkinli, mədəni və savadlı bir adam.

İlk dövrlərdə yeni yaranan siyasətimizdə intellektual adamlar kimi daha çox Zərdüşt bəy, Tofiq müəəlim və hətta Leyla xanım (20 Yanvar zamanı məşhur məqaləsi hələ də yadımdadır) seçilirdi, Hikmət Hacızadə və qeyriləri geniş publikaya tanış deyildilər.

Sonra hamımıza məlum hadisələri yaşadıq; parçalanma oldu, Zərdüşt bəy AXC-dən getdi, hərçənd, gərək, etməyəydi bunu.

Bunu da deyən və yazan çox olubdur, mən hətta deyərdim ki, Zərdüşt bəy də tariximizdə daha çox sonradan opponentinə çevrildiyi AXC-nin qurucusu kimi yadda qalacaq. Çox təəssüf, sonradan çox cəhd edilsə də  liberalizm, sosial-demokratiya kimi yeni siyasi cərəyanlar ölkədə nəinki oturuşa, hətta yadda qalan tarix də ola bilmədilər, cəmiyyətimizin siyasi potensialı yalnız yarımillətçi-yarıregionçu, yarıdemokrat-yarıqaragüruhçu bir təşkilatı – keçmiş AXC-i yaratmağa zorla çatdı.           

Mən müdhiş 90-cı illərdə, Yanvardan sonra da Zərdüşt bəyi diqqətdə saxlamağa çalışırdım. Bəlkə nələrisə dəqiq bilmirəm, nələrsə diqqətimdən qaçıb, tamam mümkündür, amma mənə elə gəlir, adam öz keçmiş rəqiblərinə münasibətdə ləyaqətlə davrandı: yenə deyirəm, ola bilsin, bilmədiyim, sezmədiyim nəsə vardı, mən müşhahidəmi deyirəm.

Daha sonra ASDP, “İstiqlal” oldu, hətta şəxsi tanışlığımız da baş tutdu və məmin diqqətimi başqa nələr çəkdi?

Birincisi, məndən bu gün də soruşsalar ki, bizim Azərbaycanın siyasətində iki ziyalının adını çəkə bilərsənmi, dərhal Əbülfəz bəyi və Zərdüşt bəyi dəyərdim.

Rica edirəm, səbrli olun. Bilirəm, çoxuna qəribə, hətta paradoksal görünəcək, amma icazə verin, heç olmasa, öz simpatiyamızı-anti-patiyamızı özümüz müəyyən edək! Mən bunu birinci dəfə demirəm, söhbətlərdə daim belə demişəm və çoxu elə təəccüb edir ki, sanki Şimal qütbü ilə Cənub qütbünü yanaşı qoyuram!..

Özümçün heç bir paradoks-filan yoxdur. Əbülfəz bəy də çox dərin və savadlı adam idi, tipik Şərq intellektualı idi. İndinin özündə dünyada, bilirsiz, nə qədər belə maraqlı adam var! Siyasət düşərgəmizdə Quranı, Məhəmməd peyğəmbəri onun qədər duyan ikinci adam görməmişəm. Hələ sufizmi–filanı demirəm, hansı haqqında hətta Şopenhauer yazırdı ki, İslam fəlsəfəsində dəyərli bir şey varsa, o, da sufizmdir...

Zərdüşt bəy bir az fərqlidir, şərqşünas, filoloq–ərəbşünas olsa da, adam daha çox Avropa tipli intellektual və ziyalıdır. Hər şey bir yana, bizim müxalifətçilərimiz arasında Hüqonu, Sveyqi nəinki oxuyan, hətta hiss edən ikinci adam varmı? Onlardan kimsə Dantenin “İlahi komeiya”sını heç əlində tutubmu? Zərdüşt bəy Danteni rus dilində filankəsin tərcüməsində oxumağa üstünlük vediyini deyir. Biİirsinizmi, bu, təkcə mükəmməl rus dili də yox, hətta çox incə bir filoloji duyum tələb edir...

Belədəsə, mən Əbülfəz bəy-Zərdüşt bəy problemini bu iki adamın öz öhdəsinə buraxardım, bu məsələdə heç vaxt tərəf olmağa çalışmamışam və indi də fikrim yox, çünki siyasətdir və ən azı “iki qoçun başı bir qazanda qaynamaz “ məsəli var. Həm də bəzən düşünürəm ki, problem kaş, bunda olaydı, çox təəssüf, siyasətimizdə bundan da qəliz problemlər oldu və hələ də var...

İki adam tanıyrıdım ki, milli hərəkatımızın uğurzsuzluqlarını daim böyük ağrılarla yaşayırdılar. Biri Zərdüşt bəy, digəri isə rəhmətlik Tofiq müəllim idi. Yazı onsuz da Zərdüşt bəy haqqındadır, ona görə də Tofiq müəllimlə bağlı ikicə cümlə deyim.

Bir dəfə Tofiq müəllimlə “Müsavat”ın qərargahından çıxıb “İçərişəhər” metrosunadək piyada getdik. İnanmazsınız, Tofiq müəllim bütün yolboyu danışdı, imkan vermədi ki, mən də bir kəlmə deyim! Amma incimirdim, çünki dediklərində subyektiv, mübahisəli məqamlar çox olsa da insan həqiqətən də yanırdı...

Eyni halı dəfələrlə Zərdüşt bəydə də müşahidə etmişəm: insan danışır, danışırdı... Gizlətmirəm, razılaşmadığım xeyli məqamlar olurdu, amma Zərdüşt bəy də ən azı danışmaq haqqı qazanan insanlardan idi, üstəlik də bir çox məqamlarda həm də çox haqlı idi.

Tofiq müəllimin adını çəkdim, yadıma həm də nə düşdü? Bu ölkədə təəssüf ki, hamı özü üçün çalışıb və çalışır, amma daim yazıram ki, özüm həmişə insanlara onların mənə qarşı münasibətindən asılı olmayan münasibət göstərməyə alışmışam.

Bilirsiz, əvvəllər nəyə heyfslənirdim? Azərbaycan müxalifətində azı daha iki nəfər də vardı ki, onlardan sözün əsl mənasında, gözəl deputat çıxardı. Biri Zərdüşt bəy, digərisə Hikmət bəy idi. 

Onların belə şansı olmadı. Belədəsə, bilirsiniz, daim nə görmüşəm? Baxırdın ki, kimsə parlamentə düşməkçün az–qala, dəridən-qabıqdan çıxırdı və düşürdü də! Amma nə üçün, niyə görə? Yalnız özünə yaxşı təqaüd təmin etməkçünmü? Yoxsa beş il “ağzına su alıb” susmaq üçünmü? Hətta danışıb–danışmamaq da mənim üçün əsas deyil, o qədər siyasi boşboğaz görmüşəm ki, bu yaşımda...

Bir kiçik qeydim olacaq. Rəhmətlik Tofiq Qasımıov bir vaxtlar parlamentin iclaslarında Konstitusiyaya və qanunlara istinad edəndə  zalda gülüşmə qopurdu! Təsəvvür edirsinizmi? Amma deputat Konstitusiyaya və qanunlara, yerli və ya beynəlxalq sənədlərə istinad etməyib, nəyə etməlidir? Hətta indi də bəzisi ən yaxşı halda düşünür ki, guya deputatın işi elə “bəlağətli”, “emosional” çıxışlar etməkdir.

Ən azı vətəndaş kimi deyərdik ki, bizə “bəlağət-filan” lazım deyil, saxlayın bunu “Azadlıq” meydanındakı tədbirləriniz, hansısa qeyri “mitinqləriniz”çün! Problemi fiksə edin, təklifinizi verin, əsas da bunu sona çatdırmağa çalışın! Danışmağa qalsa, sizdən də yaxşı danışanlar var ölkədə! Belədəsə, deputatın birinci funksiyası yeni qanun layihələri hazırlamaq, köhnələrə düzəlişlər təklif etmək deyilmi? Bəla da budur ki, bu illər ərzində parlamentdə yazıçıdan-şairdən tutmuş biznes adamınadək kim desən, olub, əsl siyasət adamından, qanun yaza bilən insanlardan savayı, belələri ya olmayıb, ya da çox az olub! İnsanlar belə hələ başa düşmürlər ki, parlament siyasətçilərin yeridir! Bayırdasa 21-ci əsrdir guya...   

Zərdüşt bəyin bir xüsusiyyəti də yadıma düşdü: onun çox gözəl publisistikası vardı, özü də nə qədər qəribə olsa da, rus dilində! Axır vaxtları deyirəm. “Nedelya” qəzeti vardı, özüm də ora bir-iki kiçik yazı yazmışdım. Zərdüşt bəyin bir rubrikası vardı. Qərəz, köhnə tanışımız-yerlimiz, Moskvada təhsil almış mühəndis xeyli işsiz oldu və bir neçə il köşkdə qəzet satmaqla dolandırdı ailəsini.

Darıxanda onunla söhbət etməyə gedirdim. Yaşlı, keçmiş dənizçi – kapitan vardı. Köşkə tərəf gələndə uzaqdan “Zərdüşt Əlizadə!” qışqırardı, dostum da onunçün saxladığı “Nedelya”nın növbəti nüxsəsini verərdi ona...

Zərdüşt bəyin başqa nəşrlərdəki rus dilindəki yazılarını, eləcə Rasim Ağayevlə yazdığı kitabı da oxumuşam. Bir daha deyirəm, gözəl rusdilli publisistika! Öz dilımizdəki yazıları maraqarsız idimi? “İstiqlal” da çox orijinal nəşrlərdən idi, daim izləməyə çalışırdıq və məşhur bir deyim də vardı: “görək, bu haqda Zərdüşt nə yazır?”...

O ki qaldı siyasətçi Zərdüşt bəyə, öncə bilirsinizmi, nəyi demək istəyirəm? Adam digər “siyasətçi”lərdən, hamımızın arzularını puç edən adamlardan fərqli olaraq heç vaxt avantürist-karyerist olmamışdı, imkanlarını real qiymətləndirən şəxs idi. Bir dəfə danışırdı ki, prezdentliyə namizəd olanda ona ismarışlar gəlirrmiş ki, namizədliyini  götürmə, dəstək olacağıq! Amma Zərdüşt bəy deyirdi ki, özüm də çox qorxdum ki, məndən prezident çıxarmı?..

Sonradan özüm də digər kanallardan öyrəndim ki, Zərdüşt bəyə nəinki Vəzirovun, Mütəllibovun, hətta mərhum prezident Heydər Əliyevin də təklifi olubmuş, amma adam qəbul eməyib ki, bacarmaram! Bəs bizim düşərgənin bəzi “siyasət adamları” nələr etdilər? Biri dedimi ki, yox, bu vəzifə mənlik deyil, bacarmaram! Demədilər, hətta əksinə...

Daha nələr yadımda qalıb? Birincisi, Zərdüşt bəy daim deyirdi ki,  türkçülüyü çox qabartmaq lazım deyil, ölkədə etnik qarşıdurmalar yaşanar. Səhv deyirdimi? Özümüz müstəqilliyin ilk illərində buna əmin olmadıqmı? Həqiqətən insanlarımızın qəliz psixologiyası vardı! Elə adamlar olurdu ki, məsələn, biz özümüzə ləzgi (inciməsinlər, misalçün yazıram!) deyəcəyik, amma siz özünüzə türk deməyin söyləyirdilər!..

İkincisi, Zərdüşt bəy deyirdi ki, qonşuluğumuzda iki qorxulu dövlət – Rusiya və İran var, ehtiyatlı olmalıyıq! Səhv deyirdimi?

Üçüncüsü, Zərdüşt bəy daim qeyd edirdi ki, MBD Rusiya ilə digər keçmiş sovet respublikaları arasında “mədəni boşanma” modelidir! Səhv deyirdimi?..

Dördüncüsü, adam deyirdi ki, Qarabağ probleminin də yeganə həll yolu var: “Vətən müharibəsi senarisi”! Axırda bu, olmadımı?..

Kimsə qətiyyən inciməsin, demirəm ki, Zərdüşt bəydən savayı bütün bunları deyənlər, yazanlar yox idi! Yox, vardı! Hətta daha arqumentli deyənlər, yazanlar vardı! Amma onlar da yaxşı halda “daxili müxalifət” hesab olunur, belədəsə, QRU–nun, TSRU-nun “agentləri” sayılırdılar...  

Əlbəttə, bir mühüm detalı da qeyd etməmək olmur. Hamının bildiyi çox məşhur deyim var ki, siyasət mümkün olanın sənətidir.

Amma bunun da başqa tərəfini nəzərə almamaq olmur: siyasət və ya siyasətçilər daim “mümkün olanın çərçivəsi”ndə qalsalar Dünyada heç nə dəyişməz və bunu Veber kimi nəhəng də yazırdı!

Tarixdə hərdən “mümkün olanın sərhədləri”ni genişləndirməyə ehtiyac yaranır. Ona görə də daim kimsə risk etmək məcburiyyətindədi, bir daha deyirəm: siyasətdə bəzən nələrisə çox ciddi dəyişmək zərurəti yaranır və buna görə adamlar nəinki “geosiyasi”, xarici düşmənlər qazanırlar, hətta öz cəmiyyətləri, xalqları onları “başa düşmür”, düşmən, qənim kəsilirlər!

Gülməli olsa da, inanın, insanların çox hələ də nəinki böyük Rəsulzadəni, hətta AXC-ni bağışlamır ki, bəs SSRİ-ni siz dağıtdınız! SSRİ-ni kimin və necə dağıtdığını qoyaq bir tərəfə! Türkmənistanda da SSRİ-ni AXC dağıtdı?..

Daha nə deyim Sizə, Zərdüşt bəy? Fikirləşirəm ki, doğrudanmı 80 il keçdi? Həm də bir siyasi nəsillə aparılan “savaşı” da anlaya bilmirəm. Görürsən, elə birisinə orden-medal verirlər ki, adam ona salam verməyi  az qala, özü üçün həqarət sayır! Nə etmək olar? Bağışlayın ki, bizlər də -nisbətən cavan siyasi nəsil də bunu dəyişmək üçün heç nə edə bilmədik.

Bilirəm, ad gününüzə də hələ var. Qəsdən tələsdim, çünki heç kimə etibar yoxdur, hətta Tanrının özünə də. Belədəsə, bilirsizmi, hamımızın qismətinə nə yazıldı? Üzücü, boğucu tənhalıq: nə yamanmış, bu millətin kini-küdurəti?..

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости