İnsanlara hürriyət, millətlərə istiqlal!

Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...

586 27.04.2024 16:18 Ölkə A A

Bu günlərdə Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qaçırılıb. Məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Bildirilir ki, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxs tərəfindən qaçırılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, faktla bağlı Goranboy Rayon Polis Şöbəsinə müraciət daxil olub. Araşdırmalar zamanı yetkinlik yaşına çatmayan şəxsin evlənmək məqsədilə Şəmkir rayonuna getməsi məlum olub. Goranboy və Şəmkir Rayon Polis şöbələrinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəxsin yeri müəyyən edilərək ailəsinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, az öncə Sabirabadda azyaşlı övladını zorla ərə vermək istəyən ata həbs edilmişdi.

Bəs belə sərt tədbirlər niyə nəticə vermir? Həbs də təsirli deyilsə, nə etməli? Ölkədə azyaşlı qızları gəlin etmək kimi iyrənc ənənə niyə bitmir? Günahkar kimdir – valideyn, cəmiyyət, yoxsa dövlət?

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı “Yeni Müsavat”a danışıb:

lale55.jpg (40 KB)

“Əslində həbs olunduğu deyən şəxslər heç də uzun müddətli cəza almırlar. Adətən qarşı tərəf şikayətindən imtina edir, razılığa gəlirlər, hansı ki, burda qohumluq, dostluq, yerlilik prinsipləri əsas götürülür. Eləcə də bəzi səbəblər olur ki, şikayət geri götürülür. Bəzən isə həbs cəzasını pul cəzası ilə əvəzləşdirirlər. Yəni, əslində ciddi formada cəzalar tətbiq edilmir deyə bu cür hallar aradan qalxmır. Bu baxımdan hesab edirəm ki, bu məsələ ilə bağlı cəzalar sərtləşdirilməlidir.

Cərimə ilə yaxa qurtaracağını düşünən şəxs əməlindən əl çəkərmi? Əlbəttə ki, xeyr. Düşünür ki, etdiyi əməlin qarşılığında ən pis halda 1000-2000 manat cərimə ödəyəcək və bununla da yaxasını qurtaracaq.

Bu həm də digərləri üçün də pis nümunədir. İnsanlar görür ki, ciddi cəzalar yoxdur eyni addımı atırlar və atacaqlar da.

Azyaşlının qaçırılması adam oğurluğudur və bununla bağlı qanunlarımız nə deyirsə, sözsüz, qeyri-şərtsiz yerinə yetirilməldir. Əgər qanun deyirsə ki, şəxs əməlinə görə 4 il həbs cəzası çəkməlidir, deməli bu yerinə yetirilməlidir, sonradan heç bir güzəştə, pul ilə əvəzləşməyə gedilməməlidir. İnsan oğurluğu cinayətdir və bu cinayətin cəzası var bu cəza da istisnasız olaraq, heç bir ayrı-seçkilik olmadan yerinə yetirilməlidir.
Daha bir məsələ, biz bu günə qədər qızını erkən yaşda ərə verən hansısa ata və ya ananın, eləcə də oğlanın həbs olunduğunu eşitmişikmi? Şəxsən mən elə bir halla rastlaşmamışam. Sadəcə müəyyən cərimələr olur, vəssalam, hüquq mühafizə orqanlarının bununla da işi bitmiş olur”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə qeyd etdi ki, bu məsələdə maariflənməyə böyük ehtiyac var:

kamis-12-900x633.jpg (81 KB)

"Maarifçiliyin kökündə ailələr ilə görüşlər, insanların şüuruna təsir edə biləcək alətlər, vasitələr olmalıdır. Bu olmadığı təqdirdə hər zaman ciddi problemlərlə qarşılaşacağıq.

Nə qədər də ənənə qanundan üstün tutulacaq, vəziyyət belə də davam edəcək. Məsələn, əgər bir uşağın şüurunu çox kiçik yaşlardan formalaşdırırlar ki, gələcəkdə ərə getməsi üçün indidən ona cehiz yığırlar, həmin uşaq oyuncağının cehizlə əvəzlənməsini, nə zamansa ona əlinin çatmasını gözləyir.

Bu gün qanunların tətbiqetmə mexanizminin necə həyata keçiriləcəyi məlum deyil. Məsələn, sığınacağımıza yerləşdirilən azyaşlı qızın dediklərindən məlum olmuşdu ki, erkən yaşda nişanlanıb və bu nişanlılıq dövründə oğlan ona qarşı seksual hərəkətlər edib. Qanunvericilik də buna imkan verir ki, qızın ərizəsi nəticəsində biz bunu sübut etmək üçün hüquq mühafizə orqanlarına müraciət edək. Qızla birlikdə gedib, bu müraciəti etdik. Nə baş verdi? Fakt tapılmadığından müraciət rədd edildi, tədqiqat yarımçıq buraxıldı. Çünki oğlan gedib demişdi ki, bütün bunlar qızın fantaziyasıdır. Demək ki, bu problemin həlli üçün digər üsullar tapıb, həyata keçirməliyik".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR