İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirildi

526 27.04.2024 16:57 Ölkə A A

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib.

Musavat.com xəbər verir ki, konfrans 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan MR-in 100 illik muxtariyyət tarixindən bəhs edib. O, muxtar respublikanın inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə  çatdırıb. F.Nəcəfli Prezident İlham Əliyevin uğurlu daxili və xaricı siyasəti nəticəsində Azərbaycanın dinamik və hərtərəfli tərəqqisini, o cümlədən Naxçıvan MR-də davamlı inkişaf proseslərini qeyd edib. O, iqlim dəyişikliyinin fəsadlarını, iqlim dəyişmələri fonunda əməyin mühafizəsinin daha da aktuallaşdığını, bu baxımdan hazırda Naxçıvan şəhərində keçirilən bu konfransın önəmini diqqətə çatdırıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi olaraq bu il ölkəmizin COP29-a ev sahibliyi edəcəyini bildirib. Bu missiyaya uyğun olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda  “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini diqqətə çatdırıb. Nazir iqlim dəyişikliyinin əməyin mühafizəsinə müxtəlif yollarla təsir etməsinin işçilərin sağlamlığı və təhlükəsizliyinin təmin olunmasını daha da aktuallaşdırdığını, hazırki konfransın da cəmiyyətin, xüsusilə işəgötürənlərin bu mövzuya diqqətinin daha da artırılmasına xidmət etdiyini bildirib. O, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar 2024-cü il üçün müəyyən etdiyi devizin də “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” olduğunu qeyd edib. 

S.Babayev ölkəmizin BƏT-in 60-a yaxın Konvensiyasını, o cümlədən əməyin mühafizəsi ilə bağlı sənədlərini ratifikasiya etdiyini, sosial sahədə aparılan islahatları, rəqəmsallaşdırma proqramının uğurlarını diqqətə çatdırıb. Əməyin mühafizəsində işəgötürənlərə dəstək məqsədi daşıyan Əməyin Mühafizəsi Mərkəzinin yaradıldığını, əmək sahəsində standartlaşdırma üzrə Texniki Komitənin fəaliyyətini qeyd edib. Əməyin mühafizəsi ilə bağlı işçi və işəgötürənlər arasında aparılan maarifləndirmə işlərinin işğaldan azad edilmiş ərazilərimizi də əhatə etdiyini vurğulayıb. 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Milli Məclisin deputatı Musa Quliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov, Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin rəisi  Muhammed Fatih Alodalı, İslam Əmək Təşkilatının Əmək Mərkəzinin Katibliyinin Baş direktoru Azər Bayramov, BƏT-in Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev çıxış edərək, keçirilən konfransın əhəmiyyətini vurğulayıblar. Daha sonra BƏT-in Əmək Administrasiyasının Əmək Müfəttişliyi və Əməyin Mühafizəsi bölməsinin rəhbəri Yoakim Pintado Nunesin konfrans iştirakçılarına videomüraciəti olub. Tədbirdə əməyin mühafizəsi sahəsində müsbət təcrübəyə malik işəgötürənlər və əmək-sosial hüquqlar barədə ictimai maarifləndirməyə töhfə verən QHT-lər təltif ediliblər. 

 “İqlim dəyişikliyi fonunda əməyin mühafizəsi şəraitinin təmin edilməsində mövcud çağırışlar” və “Naxçıvan MR-də əməyin mühafizəsi sahəsində perspektivlər” mövzularında panel müzakirələr aparılıb.  

Konfransdan sonra “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə olaraq Naxçıvan şəhərində əlilliyi olan şəxslərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Aksiya ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək məqsədi daşıyıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR