İnsanlara hürriyət, millətlərə istiqlal!

“Batmaq mövsümü” başladı

501 17.06.2026 08:50 Ölkə A A

Bəzi çimərliklərdə giriş haqqı 50 AZN təşkil edir...

İyunun 15-i rəsmi olaraq dəniz mövsümünün açıldığı tarixdir. Təəssüf ki, bu tarixlə bağlı sosial şəbəkələrdə “Batmaq mövsümü başladı” kimi adamı qorxudan ifadə işlədilir. Çünki xüsusilə iyun-avqust aylarında suda boğulma (batma) hadisələri artır. Hava isinən kimi insanlar çaylara, göllərə və dənizə üz tutur, amma təhlükəsizlik qaydalarına əməl olunmadıqda risk ciddi şəkildə yüksəlir.

Mütəxəssislərin fikrincə, əsas risk faktorları bir neçə istiqamətdə cəmləşir. İlk növbədə, vətəndaşların nəzarətsiz və qadağan olunmuş ərazilərdə çimməsi ciddi təhlükə yaradır. Belə yerlərdə xilasedici xidmətin olmaması hər hansı qəza zamanı müdaxiləni çətinləşdirir.

Digər mühüm risk isə üzmə bacarığının zəif olmasıdır. Bir çox hallarda insanlar öz imkanlarını düzgün qiymətləndirmədən dərin sulara daxil olur və nəticədə faciə ilə üzləşirlər. Bununla yanaşı, spirtli içki qəbul etdikdən sonra suya girmək də ölüm hallarının əsas səbəblərindən biri kimi göstərilir.

Çaylarda güclü axın, göllərdə gözlənilməz dərinlik dəyişiklikləri və dənizdə dalğalı hava şəraiti də təhlükəni artıran amillər sırasındadır. Xüsusilə küləkli günlərdə dənizə girmək riskli hesab olunur.

Mütəxəssislər vətəndaşlara yalnız rəsmi və nəzarət olunan çimərliklərdən istifadə etməyi, uşaqları nəzarətsiz buraxmamağı və təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirlər. Qeyd olunur ki, sadə ehtiyat tədbirləri ilə yay mövsümündə baş verən faciələrin qarşısını almaq mümkündür.

Xidmət rəsmisi: Çimərliklərdə təhlükəsizlik tədbirləri iyunun 15-dək  yekunlaşacaq - AZƏRTAC

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hər il çimərlik mövsümü başlamazdan əvvəl Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərliklərdə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu il də kifayət qədər təhlükəsizlik tədbirləri görülüb: “Belə ki, artıq aprel ayından etibarən nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən sahilboyu ərazilərdə yerli icra nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib.

Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və təhlükəli sahələrin müəyyən edilməsidir. Bununla yanaşı, xidmətin nəzarət etdiyi çimərliklərdə və İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr, sualtı təmizləmə işləri aparılıb.

Dənizdə üzmə sahələrini müəyyən edən nişanlar, habelə çimərlik ərazilərində vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr quraşdırılıb.

Bundan başqa, bilirsiniz ki, son illər çimərliklərdə vətəndaşların sayı müəyyən qədər artıb. Məhz bu məqamı nəzərə alaraq, biz vətəndaşların təhlükəsizliyinin daha səmərəli təşkili məqsədilə xidmətdə vakant matros-xilasedici vəzifələri üzrə müsabiqə elan etmişik.

Xidmətin balansında olan texnika və vasitələr, o cümlədən axtarış-xilasetmə əməliyyatlarında istifadəsi nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilib və xidmət may ayının 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir".

A.Əlilinin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq vətəndaşlara maarifləndirici məlumatlar verilir: “Lakin Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, hələ də bəzi vətəndaşlar çimərlik olmayan, nəzarətsiz sahələrdən, eyni zamanda bölgələrimizdə suvarma kanalları, süni göllər, çaylar, su anbarları və digər bu kimi su obyektlərindən istifadə edirlər ki, bu da sonda acı nəticələrə səbəb olur.

Bildiririk ki, nəzarətsiz çimərliklər, habelə bölgələrimizdə qeyd etdiyim çimərlik məqsədli olmayan su hövzələri dibinin qeyri-bərabərliyi, sürətli axın, məhdud görünüş və digər təhlükəli xüsusiyyətlərə malik olduğundan bu hövzələrdən istifadə edənlərin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır. Odur ki, diqqətli olmalıyıq, yalnız və yalnız xilasedicilərin fəaliyyət göstərdiyi çimərliklərdən istifadə etməliyik.

Nəzarət olunan çimərliklərdə xidmət aparan xilasedicilərin çağırış və göstərişlərinə sözsüz əməl edilməlidir. Eyni zamanda maarifləndirici lövhələrin tələblərinə də sözsüz əməl olunmalıdır. Belə ki, yadda saxlamalıyıq ki, çimərliklərdə xoş vaxt keçirmək üçün hava şəraiti və günün saatları da olduqca önəmlidir.

Bildiririk ki, küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda çimərliklərdə suya girmək qadağandır. Habelə qızmar günəş altında fasiləsiz qalmaq və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir.

Həmçinin spirtli içki qəbul edərək sərxoş halda suya girmək, suda kobud hərəkətlər etmək, üzmə sahələrini müəyyən edən nişanları keçərək dənizin dərin hissələrinə üzmək, çimərlik ərazisinə su nəqliyyatı vasitələri ilə daxil olmaq, çimərlikdə balıq ovlamaq qadağandır. Yadda saxlamaq lazımdır ki, 13 yaşınadək uşaqlar yalnız valideynlərinin müşayiəti ilə çimərlikdən istifadə etməli və çimərlik ərazisində nəzarətsiz qoyulmamalıdır.

Çimərliklərdə təhlükəsiz istirahət üçün tövsiyə olunan vaxt səhər saat 09:00-dan axşam saat 20:00-dəkdir. Unutmayaq ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112 qaynar telefon xəttinə zəng edin".

Bəzi məşhur çimərliklərin giriş qiymətləri də  açıqlanıb. (mənbə: milli.az)

“Amburan Beach Club”da giriş haqqı həftəiçi 25 AZN, həftəsonu isə 35 AZN-dir. Qiymətə çimərlik, hovuzlar, şezlonq, çətir və dəsmaldan istifadə daxildir. 9 yaşadək uşaqlar üçün giriş pulsuzdur.

“White Beach Club”da giriş həftəiçi 35 AZN, həftəsonu 50 AZN təşkil edir. Ziyarətçilər çimərlikdən, şezlonq və çətirlərdən, həmçinin duş və soyunub-geyinmə otaqlarından istifadə edə bilirlər.

“Bilgah Beach Hotel”də gündəlik giriş həftəiçi 35-45 AZN-dir. Qiymət günün növünə və mövsümə görə fərqlənə bilər. Bu məbləğə özəl çimərlik, hovuz və istirahət zonalarından istifadə daxildir.

“Dalga Beach Aquapark Resort”da giriş həftəiçi 25-35 AZN, həftəsonu isə 45-50 AZN-dir. Qiymətə çimərlik, hovuz və akvapark xidmətləri daxildir.

“Dream Beach” ən sərfəli seçimlərdən biri hesab olunur. Burada giriş həftəiçi 20 AZN, həftəsonu isə 30 AZN arasında dəyişir.

“Mambo Beach Club”da giriş qiyməti həftəiçi 25 AZN, həftəsonu isə 30 AZN təşkil edir. Qiymətə çimərlik, hovuz və şezlonqdan istifadə daxildir.

“Sea Breeze Beach”də isə giriş haqqı 50 manatdır. Qiymətə dəsmal, bu ərazidəki hovuzlar və çimərlik daxildir. Ziyarətçilər çimərlik, şezlonq və ümumi istirahət zonalarından yararlana bilirlər.

Qeyd edək ki, qiymətlər mövsüm ərzində, xüsusilə həftəsonları və xüsusi tədbirlər zamanı dəyişə bilər. Buna görə də istirahətə yollanmadan əvvəl çimərliklə əlaqə saxlayaraq son qiymətləri dəqiqləşdirmək tövsiyə olunur.

Şahanə RƏHİMLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR