Sülh sazişinin imzalanması yubandıqca, Kreml və əlaltıları bundan istifadə etməyə çalışacaqlar - regionda kritik dövr
Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəticələri Nikol Paşinyana təkbaşına hökumət qurmaq səlahiyyəti versə də, yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı referendum keçirmək üçün konstitusiya çoxluğu yoxdur. Bu isə sosial mediada bir çox emosional və ziddiyyətli reaksiyalara səbəb olub. Bəziləri iddia edir ki, bu vəziyyətdə hətta Azərbaycan Ermənistan Konstitusiyasında dəyişiklik tələbindən imtina etməyə məcbur olacaq. Bir qisim isə hesab edir ki, revanşistlərin üst-üstə 40 faizədək səs alması onu göstərir ki, ümumiyyətlə, Ermənistanla sülhə ehtiyac yoxdur. Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılması tələbindən Azərbaycanın mümkün təzyiqlərlə vaz keçəcəyi, əlbəttə, ciddi söhbət deyil.
Bu barədə Rusiyanın müxalif “Meduza” saytının təhlili də maraq doğurur. Təhlildə bildirilir ki, Rusiyanın bundan sonra İrəvana qarşı iqtisadi təzyiq metodlarından istifadə etməsinin mənası qalmır. Çünki Ermənistan parlamentində Rusiyayönlü müxalifət nəzərəçarpacaq dərəcədə gücləndi. 2018-ci ildə hakimiyyətə gəldikdən bəri ilk dəfə olaraq Paşinyanın partiyası konstitusiya çoxluğuna sahib olmadı.
“Bu, indi xüsusilə vacibdir, çünki müxalifətin səsləri olmadan Ermənistan hökuməti Azərbaycanla sülhə son maneə olan konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirə bilməyəcək. Bakı sənədin preambulasından Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşdirilməsi ilə bağlı qətnaməyə əsaslanan Ermənistanın müstəqillik bəyannaməsinə istinadın çıxarılmasını tələb edir. Əgər Bakı israr etsə, Paşinyan Moskvanın xeyli təsir gücünə malik olduğu Rusiyapərəst müxalifətlə danışıqlar aparmaq məcburiyyətində qalacaq” - deyə, məqalədə deyilir.
Maraqlıdır ki, Paşinyan müxalifətə qarşı artıq təzyiqlərə başlayıb. O, sosial mediada yayımladığı videomüraciətdə Samvel Karapetyan, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan, Serj Sərkisyan və iş adamı Qaqik Tsarukyanı ölkədən buraxılmayacağını deyib. “Seçki kampaniyası zamanı da demişdim ki, Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma belə bir fürsətiniz olmayacaq”, - deyə Paşinyan bildirib.
Göründüyü kimi, bölgədə dayanıqlı sülh üçün mürəkkəb vəziyyət yaranıb. Bəs bu qeyri-müəyyən vəziyyətdən tərəflər necə çıxacaq? “B” variantı nə ola bilər?

Elxan Şahinoğlu
Siyasi ekspert Elxan Şahinoğlunun fikrincə, rəsmi Bakı Paşinyanın partiyasının parlament seçkisində qələbəsindən sonra artıq ilk addımını atıb. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin iyunun 14-də ilk dəfə Ermənistanın Dilican şəhərinə səfər edərək, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşünə bu aspektdən yanaşmaq lazımdır. “Rəsmi Bakı İrəvanla sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında zəruri dəyişikliyin həyata keçirilməsini istəyir. Ancaq indi vəziyyət elədir ki, Paşinyan qələbəsinə rəğmən, parlamentdə konstitusiya dəyişikliyini referenduma çıxaracaq qədər səsə malik deyil. Hətta bu mümkün olsa belə, Paşinyana səs verən ermənilərin avtomatik konstitusiya dəyişikliyinə səs verəcəyini proqnozlaşdırmaq çətindir. Misal üçün, ermənilərin əksəriyyəti referendumda konstitusiya dəyişikliyinin əleyhinə səs versə, bu həm Paşinyanın mövqeyini zəiflədəcək, həm də Azərbaycanla sülh prosesinə zərbə olacaq. Bu gedişat Azərbaycanın da maraqlarına cavab vermir” deyə, ekspert belə şərh edib.
Onun bildirdiyinə görə, belə olan halda Bakı ilə İrəvan arasında məsləhətləşmələrin intensivləşdirilməsinə və sülh sazişinin imzalanması yollarının daha detallı müzakirəsinə ehtiyac var: “Çünki sülh sazişinin imzalanması yubandıqca, bundan Kreml və onun Ermənistandakı əlaltıları vəziyyəti gərginləşdirmək üçün istifadə etməyə çalışacaqlar. Buradan da Tramp Azərbaycan və Ermənistan liderlərini yaxın həftələrdə Vaşinqtonda qəbul etmək istəyir. O, ötən ilin avqustunda Ağ Evdə paraflanan sülh sazişinin imzalanmasında maraqlıdır”.

Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, konstitusion çoxluq və ya “sabit çoxluq” üçün səslərin 54 faizini toplamaq lazımdır. Onun fikrincə, bunu təmin etməyin iki hüquqi yolu var: “Birinci yol odur ki, I turda hökuməti formalaşdırmaq mümkün olmasa, II tur ən çox səs toplayan iki partiya arasında keçirilir və sadə səs çoxluğu ilə qalib gələn partiya konstitusion çoxluğu təmin edir. İkinci yol isə budur ki, I turda qalib olan partiya, yaxud partiyaların yaratdığı koalisiyalar hökuməti formalaşdıra bilirsə, "sabit çoxluğu" təmin etmək üçün əlavə bonuslar - mandat yerləri alır. Lakin partiya, yaxud koalisiya qüvvələri seçicilərin 50 faizindən çoxunu qazandığı halda bu, mümkündür".
Siyasi təhlilçinin sözlərinə görə, hakim “Vətəndaş müqaviləsi” Partiyası hökuməti formalaşdıra biləcək qədər mandat əldə etdiyi üçün II tur keçirilməyəcək, lakin səslərin 50 faizdən azını (49,82 faiz) qazandığı üçün “sabit çoxluğun” təmin edilməsi imkanından yararlana bilmir: “Bu, hökumətin təkbaşına qurulmasına, qanunların qəbul edilməsinə maneə olmasa da, bir sıra mühüm məsələlərə dair, məsələn, konstitusiya islahatları ilə bağlı referendumun keçirilməsi kimi, qərarların verilməsində problemə çevrilir. Bu kontekstdə Paşinyanın komandasının qələbəsi müəyyən itkilər hesabına, xüsusilə parlamentdə "sabit çoxluğun" olmaması baxımından başa gəldi. Və seçkidən sonra regionun gələcəyinin inşa edilməsi üçün bir nömrəli məsələ olan konstitusiyanın dəyişdirilməsində çətinliklər yarana bilər. Hərçənd bunun da çıxış yolu var: parlamentdən qərarı çıxmasa, o zaman “xalqın imzası” ilə referendumun keçirilməsi baş tuta bilər".
Onun qənaətinə görə, istisna deyil ki, Paşinyan hakimiyyəti cari dövrdə əsas diqqətini hökuməti formalaşdırmağa və referenduma ayıracaq: “Buna paralel olaraq, "kulis danışıqları" ilə əks-cəbhədəki deputatları öz yanına çəkmək istiqamətində də işləyəcək. Daha uzaq perspektivdə isə Ermənistan hakimiyyətinin konstitusion çoxluğu əldə etmək naminə növbədənkənar seçkilərə getməsi də ssenarilər arasındadır".
Qeyd edək ki, iyunun 16-da Ermənistan parlamentinin fəaliyyət müddəti başa çatan tərkibinin son dördgünlük iclası başlayıb. Müxalifət iyunun 16-da başlayan iclasda iştirak etmir.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”






