Çinlə Azərbaycan arasında birbaşa aviareyslərin açılması turizm və iqtisadi əlaqələrdə yeni mərhələ vəd edir. Gələn ilin mayından etibarən "China Eastern Airlines" vasitəsilə istifadəyə veriləcək yeni hava xəttinin ölkəyə turist axınını nə dərəcədə artıracağı, bunun turizm sektoruna və biznes mühitinə hansı töhfələri verəcəyi maraq doğurur.

Yeni reyslər Azərbaycanı Çin bazarı üçün daha əlçatan edəcəkmi? Bu addım iki ölkə arasında ticarət və investisiya əlaqələrinin genişlənməsinə necə təsir edəcək? Bəs çinli turistləri Azərbaycana cəlb etmək üçün təkcə birbaşa uçuşlar kifayət edəcəkmi?
Liberal iqtisadçılar Birliyinin sədri Akif Nəsirli Musavat.com-a deyib ki, birbaşa aviareyslərin açılması iki ölkə arasında iqtisadi və humanitar əlaqələrin inkişafı baxımından mühüm addımdır: “Birbaşa uçuşların başlaması ilk növbədə səyahət müddətini və xərclərini azaldacaq, bu da həm turistlərin, həm də işgüzar səfərlərin sayının artmasına müsbət təsir göstərə bilər. Xüsusilə, böyük turizm bazarına malik olan Çindən Azərbaycana gələn turistlərin sayının mərhələli şəkildə artacağı gözlənilir. Bununla yanaşı, bu addım yalnız turizm deyil, həm də ticarət, logistika və investisiya əlaqələrinin inkişafına əlavə imkanlar yaradacaq. İş adamlarının qarşılıqlı səfərlərinin asanlaşması yeni əməkdaşlıqların qurulmasına, sərmayələrin cəlb edilməsinə və biznes əlaqələrinin genişlənməsinə müsbət təsir göstərə bilər. Azərbaycanın Orta Dəhlizdə yerləşməsi və Çinlə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi baxımından bu cür nəqliyyat bağlantıları xüsusi əhəmiyyət daşıyır”.

İqtisadçı əlavə edib ki, bununla belə birbaşa reyslərin açılması özlüyündə kifayət deyil: “Çinli turistlərin Azərbaycana marağının davamlı şəkildə artması üçün ölkənin həmin bazarda daha fəal tanıdılması vacibdir. Çin dilində turizm platformalarının yaradılması, rəqəmsal reklam kampaniyalarının genişləndirilməsi, turizm sərgilərində aktiv iştirak, bələdçi və xidmət sektorunda Çin dilini bilən kadrların hazırlanması, həmçinin Çin turistlərinin gözləntilərinə uyğun xidmət keyfiyyətinin artırılması mühüm amillərdir. Eyni zamanda, viza prosedurlarının mümkün qədər sadələşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi və Çin turistlərinin üstünlük verdiyi ödəniş sistemlərinin tətbiqi də onların Azərbaycanı seçməsinə müsbət təsir göstərə bilər. Nəticə etibarilə, birbaşa aviareyslər mühüm başlanğıcdır və Azərbaycanı Çin bazarı üçün daha əlçatan edəcək. Lakin bu potensialın tam reallaşması üçün nəqliyyat imkanları ilə yanaşı, güclü marketinq strategiyası, turizm infrastrukturunun inkişafı və biznes mühitinin daha da təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. Bu yanaşma həm turist axınının artmasına, həm də iki ölkə arasında iqtisadi əməkdaşlığın daha sürətlə genişlənməsinə şərait yarada bilər”.
Afaq Mirayiq,
Musavat.com






