Bu gün Azərbaycanda fəaliyyət göstərən xəbər platformalarından biri olan “1xeber” fəaliyyətə başlamasının 10 illiyini qeyd edir.
Məlumata görə, platforma 19 iyul 2016-cı il tarixində sosial şəbəkələr üzərindən fəaliyyətə başlayıb. Ötən dövr ərzində “1xeber” sosial, ictimai-siyasi və gündəmdə olan hadisələrin operativ işıqlandırılması, eləcə də vətəndaş müraciətlərinin ictimailəşdirilməsi istiqamətində fəaliyyət göstərdiyini bildirib.
Platformanın yaydığı yubiley müraciətində qeyd olunur ki, fəaliyyətinin əsas prinsipləri operativlik, obyektivlik və ictimai məsuliyyət olub. Bildirilir ki, bu müddətdə qaynar xəttə daxil olan çoxsaylı müraciətlər araşdırılıb, sosial problemlər işıqlandırılıb və aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırılıb.
“1xeber” həmçinin vurğulayıb ki, qazandığı ən böyük uğur oxucuların etimadı və dəstəyidir. Platforma bundan sonra da peşəkar jurnalistika prinsiplərinə sadiq qalaraq fəaliyyətini davam etdirmək niyyətində olduğunu bəyan edib.
Qeyd edək ki, “1xeber” hazırda sosial media və rəqəmsal informasiya məkanında fəaliyyət göstərən xəbər resurslarından biridir.
“Yeni Müsavat” Media Qrupu olaraq “1xeber” kollektivini fəaliyyətinin 10 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, həmkarlarımıza möhkəm cansağlığı, yaradıcılıq uğurları, peşə fəaliyyətlərində yeni nailiyyətlər və davamlı inkişaf arzulayırıq.
Musavat.com






