İnsanlara hürriyət, millətlərə istiqlal!

O AN çatdı: Dünya futbolunun hakimiyyət uğrunda savaşı başlayır - ŞAHı kim mat edəcək?

1149 19.07.2026 22:45 İdman A A

İLK YAYIM SAATI: 15:38

Bu gün dünya futbolunun diqqəti ABŞ-yə yönəlib. 38 gün gözlənilən an nəhayət çatdı. ABŞ, Meksika və Kanadada keçirilən 2026-cı il dünya çempionatının final gecəsidir.

WhatsApp Image 2026-07-19 at 15.16.08.jpeg (291 KB)

Saat 23:00-da iki nəhəng futbol ölkəsi - Argentina və İspaniya üz-üzə gələcək.

Hər kəsə bəllidir ki, bu, sadəcə dünya çempionu olmaq uğrunda savaş deyil, eyni zamanda, iki fərqli futbol fəlsəfəsinin, iki nəslin, iki dövrün qarşıdurmasıdır. Bir tərəfdə dünya futbolunun canlı əfsanəsi, karyerasının son mundialını keçirən Lionel Messi, digər tərəfdə isə artıq futbolun gələcəyi adlandırılan 19 yaşlı Lamin Yamal dayanıb. Bütün dünyanın gözü məhz bu duelə dikilib. Çünki finalın taleyini təkcə komandalar deyil, bu iki futbol dahisinin meydandakı qərarları həll edə bilər.

WhatsApp Image 2026-07-19 at 15.16.09.jpeg (68 KB)

Argentina ardıcıl ikinci, ümumilikdə dördüncü dünya çempionluğunu qazanmaq, Messi isə erasını daha bir möhtəşəm zəfərlə başa vurmaq istəyir.

İspaniya 2010-cu ildən sonra ikinci dəfə dünyanın zirvəsinə qalxaraq yeni "qızıl nəsil" dövrünü rəsmiləşdirmək niyyətindədir.

Hər iki ölkənin finala gedən yoluna nəzər salaq:

İspaniya addım-addım zirvəyə yüksəldi. Luis de la Fuente komandası turnirə favoritlər sırasında başlasa da, ilk gündən çempionluq üçün əsas namizəd hesab olunmurdu. Lakin ispanlar hər oyunda bunu dəyişməyi bacardılar. Qrup mərhələsində sabit və inamlı futbol nümayiş etdirən "qırmızı furiya" pley-off mərhələsində daha da gücləndi. 1/16 finalda Avstriya 3:0 hesabı ilə məğlub edildi. 1/8 finalda dünya futbolunun tarix boyu dəyişməyəcək əfsanəsi Kriştiano Ronaldonun Portuqaliyası son dəqiqələrdə vurulan qolla - minimal hesabla mübarizədən kənarlaşdırıldı.

1/4 finalda turnirin ən güclü kollektivlərindən sayılan Belçika 2:1 hesabı ilə məğlub edildi. Burada da son dəqiqələrdə gələn qol öz sözünü dedi.

WhatsApp Image 2026-07-19 at 15.16.08 (2).jpeg (107 KB)

Yarımfinalda isə son dünya çempionatının finalçısı Fransa üzərində gələn 2:0 hesablı inamlı qələbə İspaniyanın çempionluq iddiasını daha da gücləndirdi. İspanlar finala qədər keçirdiyi oyunlarda həm müdafiədə etibarlı görünməyi, həm də topa sahib olma üstünlüyünü qorumağı bacardı. Finala qədər sadəcə qapılarında bir qol görmələri çox sualların cavabıdır. Komanda demək olar ki, hər matçda oyunun tempini özü müəyyənləşdirir.

Argentina isə əvvəlki mundialda olduğu kimi yenə də böyük xarakter göstərdi. Lionel Skaloninin komandası turnirə son dünya çempionu statusunda gəlmişdi. Təbii ki, bütün rəqiblər onları məğlub etmək üçün meydana çıxırdı. Argentina qrup mərhələsini inamla başa vurduqdan sonra pley-offda rəqiblər kifayət qədər zəif görünsə də, Messinin liderlik etdiyi kollektiv bir yolunu tapıb bu çətin sınaqlardan keçə bildi. Təbii ki, burada bu günün özündə də mübahisə doğuran VAR və hakim qərarları da az rol oynamadı...

WhatsApp Image 2026-07-19 at 15.16.09 (1).jpeg (173 KB)

1/16 finalda sürpriz komandalardan sayılan, ilk dəfə mundialda iştirak edən Kabo-Verde 3:2 hesabı ilə məğlub edildi. Daha sonra Misirlə dramatik oyun yaşandı. Afrika təmsilçisi argentinalıları ciddi şəkildə sınağa çəksə də, Messi və komanda yoldaşları 3:2 hesablı qələbə qazanaraq yoluna davam etdi.

1/4 finalda İsveçrə 3:1 hesabı ilə məğlub edildi. Yarımfinal isə əsl döyüşə çevrildi. İngiltərəyə qarşı oyunda Argentina böyük təcrübəsini göstərərək 2:1 hesabı ilə qalib gəldi və ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəldi. Argentina bu mundialda bəzən ideal futbol oynamasa da, qalib gəlməyi bacaran komanda obrazını qorudu.

Yuxarıda qeyd etdiyimiz kimi, bütün diqqətlər axşam Messi ilə Yamalın üzərində olacaq. Bu finalın ən böyük süjeti şübhəsiz ki, məhz Lionel Messi və Lamin Yamalın qarşıdurmasıdır.

Heç kəs şübhə etmir ki, Messi futbol tarixinin ən böyük oyunçularından biridir.Tarixdə hər zaman belə də qalacaq. Dünya çempionluğu, səkkiz "Qızıl top", saysız-hesabsız rekordlar və milyonlarla azarkeş onun adı ətrafında birləşir...

Lakin bu gün onun qarşısında futbolun yeni simvolu dayanacaq. Lamin Yamal artıq Avropa çempionu olub, İspaniya millisinin liderinə çevrilib və dünyanın ən bahalı futbolçuları sırasında yer alır. Bu baxımdan İspaniya-Argentina finalını "taxtın təhvil verilməsi" kimi də düşünmək olar.

FİFAAA.jpg (142 KB)

Əgər Messi qalib gəlsə, futbol tarixinin ən möhtəşəm sonluqlarından biri yazılacaq, əksi olarsa, yəni Yamal kuboku qaldırsa, dünya futbolunda yeni dövrün başlandığı rəsmən elan olunacaq.

Tərəflərin taktiki savaşına gəlincə, turnir boyu topa sahib olmada İspaniya bütün rəqiblər üçün birbaşa üstün görünüb. Öldürücü əks-hücumlar qurmaqda isə Argentina ciddi təhlükədir. Finalın əsas açarı mərkəz xəttində olacaq. İspaniya dediyimiz kimi, topa uzun müddət sahib olmağa çalışan komandadır. Pedri, Rodri və Fermin oyunun ritmini müəyyənləşdirir. Yamal və Niko Uilyams cinahlarda sürət hesabına müdafiəni yarmağa çalışırlar. Argentina isə fərqli futbol oynayır. Skaloninin komandası topu rəqibə verməkdən çəkinmir. Onlar boşluq yaranan kimi sürətli əks-hücumlarla zərbə vururlar. Messi, Xulian Alvares və Enzo Fernandes bu keçidlərin əsas fiqurlarıdır. Əgər İspaniya erkən qol vurarsa, oyuna tam nəzarəti ələ keçirə bilər, yox əgər ilk qolu Argentina vursa, final tamamilə Skaloninin istədiyi ssenari üzrə davam edəcək.

Finalçıların güclü və zəif tərəflərini analiz edək: İspaniyanın əsas üstünlüyü topa nəzarət, gənc futbolçuların yüksək enerjisi və geniş heyət seçimidir. Zəif cəhəti isə sürətli əks-hücumlarda müdafiənin arxasında boşluqların qalmasıdır.

Argentinanın ən böyük üstünlüyü qalib psixologiyası, final təcrübəsi və Lionel Messinin meydanda olmasıdır. Komandanın zəif tərəfi isə yaşlı futbolçuların fiziki yorğunluğu və yüksək tempdə oynayan rəqiblərə qarşı bəzən çətinlik yaşamasıdır.

WhatsApp Image 2026-07-19 at 15.16.08 (1).jpeg (127 KB)

Dünya çempionu olmağa kim daha yaxındır?

Kağız üzərində komandalar arasında böyük fərq yoxdur. İspaniya turnirin ən baxımlı futbolunu oynayan kollektiv hesab edilir. Argentina isə böyük oyunların necə qazanıldığını ən yaxşı bilən komandadır. Əgər final texniki və sürətli futbol üzərində qurularsa, üstünlük İspaniyaya keçə bilər. Əksi olsa, oyun fiziki mübarizə, təcrübə və fərdi ustalıq üzərində qurularsa, Argentina bir addım öndə görünür. Finalın əlavə vaxta, hətta penaltilərə qədər uzana biləcəyi ehtimalı böyük görünür. İstənilən halda, bu gün ABŞ-də keçiriləcək qarşılaşma təkcə 2026-cı ilin dünya çempionunu müəyyənləşdirməyəcək. Bu final həm də futbol tarixində bir dövrün bağlanması, digərinin isə başlanğıcı kimi yadda qala bilər.

Messi öz əfsanəsini daha bir kubokla tamamlayacaq, yoxsa Yamal dünya futbolunun yeni kralı kimi taxta çıxacaq? Bu sualın cavabını yüz milyonlarla azarkeş səbirsizliklə gözləyir...

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR