Təxminən 50 min tibb bacısı, planlaşdırılan miqrasiya sərtləşdirmələri nəticəsində Birləşmiş Krallığı tərk edə bilər.
Musavat.com xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Qəzetin Kral Tibb Bacılığı Kollecinin (RCN) araşdırmasına istinadən yazdığına görə, bu, İngiltərənin Milli Səhiyyə Xidmətini indiyə qədərki ən böyük kadr böhranı ilə üz-üzə qoya bilər.
Kir Starmer hökumətinin təklif etdiyi dəyişikliklər səhiyyə sistemində çalışan xarici vətəndaşlar arasında ciddi narahatlıq yaradıb. Hakimiyyətin planları, o cümlədən, xarici işçilər üçün ixtisas tələblərinin artırılmasını və bütün növ vizaların verilməsi zamanı ingilis dili biliklərinə dair qaydaların sərtləşdirilməsini nəzərdə tutur.
RCN-in sorğusunun nəticələrinə görə, daimi yaşayış icazəsi olmayan əməkdaşların 60%-i bildirib ki, dəyişikliklər onların Böyük Britaniyada qalmaq planlarına “çox böyük ehtimalla” təsir göstərəcək. Həmkarlar ittifaqının hesablamalarına görə, bu, təxminən 46 min mütəxəssisin ölkədən getməsi ilə nəticələnə bilər. RCN nümayəndələri həmçinin qeyd edirlər ki, tibb bacılarının kütləvi şəkildə ölkəni tərk etməsi pasiyentlərin təhlükəsizliyini risk altına qoyacaq. Araşdırmada 5 mindən çox xarici mənşəli tibb bacısı iştirak edib.
Nəşrin yazdığına görə, hazırda Böyük Britaniyada təhsili xaricdə almış 200 mindən artıq tibb bacısı çalışır ki, bu da ümumi sayın təxminən dörddə birini təşkil edir.
17 noyabrda Böyük Britaniya hökuməti sığınacaq axtaran şəxslərlə bağlı siyasətin sərtləşdirilməsi planlarını açıqladı. Sənədə əsasən, ölkədə qanunsuz yaşayan şəxslər üçün daimi qalma hüququ əldə etmək müddəti dörd dəfə artırılaraq 20 ilə çatdırılacaq. Eyni zamanda, sığınacaq axtaran şəxsə dərhal verilən ilkin qalma müddəti 5 ildən 2,5 ilə endiriləcək. Əgər miqrantın doğma ölkəsi geri qayıtmaq üçün təhlükəsiz hesab edilərsə, onun Böyük Britaniyada qalması üçün artıq hüquqi əsas qalmayacaq.
Qanunsuz immiqrasiya problemi Böyük Britaniya Avropa İttifaqından çıxdıqdan sonra daha da kəskinləşib. 2018-ci ildən bəri La-Manş boğazı vasitəsilə şişmə qayıqlarla krallığa 185 mindən çox qeyri-qanuni miqrant daxil olub. Ötən ilin iyulunda keçirilmiş parlament seçkilərindən sonra formalaşan Leyborist Partiyasının hökuməti, qanunsuz miqrantların ölkəyə daxil olmasının qarşısını almaq üçün Aİ dövlətləri ilə əməkdaşlığı gücləndirməyi vəd edib.
Musavat.com






