Rusiyanın Valday şəhəri və ətraf ərazilərin sakinləri prezident Vladimir Putinin Valdaydakı iqamətgahına guya dron hücumu ilə bağlı yayılan məlumatları təsdiqləmədiklərini bildiriblər.
Musavat.com xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, son günlərdə bölgədə pilotsuz uçuş aparatlarının fəaliyyəti müşahidə olunmayıb.
Sakinlərdən biri bildirib ki, 29 dekabr gecəsi nə dronların səsi, nə partlayış, nə də fövqəladə hadisə ilə bağlı hər hansı əlamət olub. Onun sözlərinə görə, ertəsi gün də şəhərdə bu mövzuda heç bir müzakirə aparılmayıb və sosial şəbəkələrdə də dron hücumu ilə bağlı paylaşımlar görünməyib.
Qeyd olunur ki, təxminən 14 min əhalisi olan Valdayda hər hansı fövqəladə hadisə adətən çox tez yayılır. Sakinlər bildirirlər ki, Putinin iqamətgaha gəlişi zamanı helikopterlərin səsi adətən hamı tərəfindən hiss olunur. Buna baxmayaraq, nə yerli forumlarda, nə də sosial şəbəkələrdə dron hücumu ilə bağlı məlumatlara rast gəlinməyib.
Novqorod vilayətinin digər sakinləri də bildiriblər ki, regional hakimiyyət orqanları dron təhlükəsi ilə bağlı əhaliyə hər hansı rəsmi xəbərdarlıq etməyib. Onlar xatırladıblar ki, daha əvvəl Novqorodda “Akron” zavoduna hücum zamanı partlayış səsləri bütün şəhərdə eşidilmişdi və bu hadisə dərhal məlum olmuşdu.
Musavat.com






