Tramp administrasiyası Qəzza Sülh Şurasının mandatını digər münaqişələrə genişləndirmək və onu BMT-yə alternativə çevirmək ideyasını müzakirə edir.
Musavat.com xəbər verir ki, məlumatı "The Financial Times" (FT) mənbələrə istinadən yayıb.
Qəzetin mənbələrindən birinin məlumatına görə, Vaşinqton Qəzza zolağını idarə etmək üçün "Sülh Şurası"nı "Qəzzadan başqa münaqişələrlə məşğul olmaq üçün bir növ paralel, qeyri-rəsmi orqan kimi BMT-nin mümkün əvəzedicisi" olaraq nəzərdən keçirir. Qəzetin jurnalistlərinin söhbət etdiyi diplomatların sözlərinə görə, idarəetmə orqanının tərkibi gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunun sessiyası çərçivəsində elan edilə bilər.
FT qeyd edir ki, Qərb və ərəb ölkələri ABŞ-ın bu cür planlarına ehtiyatla reaksiya veriblər. "Region bu ideyadan ehtiyat edir. Bu, normal prosedur deyil", - deyə ərəb diplomatlarından biri qəzetə bildirib.
Ağ Evin mətbuat xidmətinin daha əvvəl yaydığı açıqlamaya görə, Trampın sədrlik etdiyi Qəzza Sülh Şurasına onun xüsusi elçisi Stiven Vitkoff, sahibkar və Trampın kürəkəni Cared Kuşner, Böyük Britaniyanın keçmiş baş naziri (1997-2007) Toni Bleyer, Apollo Global Management investisiya şirkətinin sahibi Mark Rouen, Dünya Bankının prezidenti Ajay Banqa və Trampın milli təhlükəsizlik üzrə müşavirinin müavini Robert Qabriel daxil olacaq.
Musavat.com






