ABŞ Ermənistanda AES tikməyə hazırlaşır.
Hazırda Birləşmiş Ştatlar Ermənistana kiçik və orta ölçülü, mobil atom reaktorları təklif edə bilər ki, belə reaktorlar bir qəsəbəni və ya bir böyük zavodu istilik və elektrik enerjisi ilə təmin edə bilir. Amerika prezidenti Donald Tramp qeyd edib ki, ABŞ administrasiyası Ermənistan üçün nüvə sahəsində “gözəl bir müqavilə” hazırlayır. Bu, real AES tikintisi deyil, daha çox texniki dəstək, kiçik modul reaktorlar və təhlükəsizlik sahəsində əməkdaşlıq kimi başa düşülür. Amma ABŞ-ın nüvə sahəsinə marağını göstərən əhəmiyyətli siqnaldır.

Xatırladaq ki, Ermənistanla Rusiya arasında nüvə-AES əməkdaşlığı Metsamor Atom Elektrik Stansiyası ətrafında formalaşıb. Hazırda Metsamor AES ölkənin elektrik enerjisinin mühüm hissəsini təmin edir və gələcəkdə yeni AES tikintisi planları da gündəmdədir.
Tramp Rusiyanın AES-ni bağlaya bilərmi?
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Musavat.com-a bildirib ki, ABŞ-nin Ermənistanla nüvə sahəsində əməkdaşlıq edəcəyi ilə bağlı verilən açıqlamaları ilk növbədə Rusiyanın Ermənistandan sıxışdırılıb çıxarılması üçün düşünülmüş planın bir hissəsi kimi dəyərləndirmək lazımdır:
“Ermənistanda olan Metsamor AES Ermənistanın mülkiyyətindədir. Sovet İttifaqı dağılandan qısa müddət sonra Ermənistanın bu AES-i işlək halda saxlamağı üçün həm kadr, həm də stansiyanın əsas yanacağı olan uran problemi yarandı. Çünki bunların hamısı hər zaman Rusiya tərəfindən təmin olunurdu. O səbəbdən, AES bağlandı. İllər sonra isə Rusiya ilə AES-in işlədilməsi üçün yenidən müqavilə bağlandı. Hazırda əmlak Ermənistanın olsa da işlətmələr və bütün təminatlar Ruiya tərəfindən qarşılanır. AES faktiki olaraq Rusiyanın obyekti kimi görünür. ABŞ-nin ilk olaraq ölkədə kiçik nüvə modul reaktorları qurmaq istəyi reallaşarsa, bu bir başlanğıc olacaq. Yəni ABŞ-dan AES yanacağı olan uranın Ermənistana qanunu yollarla gətirilməsi, həmçinin nüvə mütəxəssislərinin də gəlişi reallaşacaq”.

Onun fikrincə, bundan sonra etap-etap Rusiyanın əlindən Metsamorun işlədilməsinin çıxarılması prosesi başlanacaq:
“Yəni ABŞ-ın bu planı daha çox Rusiyanın Ermənistanda mövcudluğunun əsəs səbəblərindən birinin aradan qaldırılmasına xidmət edə bilər. Ona görədir ki, ABŞ Ermənistanda hər hansı AES tikmək fikrində olmadığını bildirir. Yəni hələlik Rusiyanı açıq şəkildə qıcıqlandırmaq istəmir. Amma görünən odur ki, bu plan işə düşərsə, bir müddət sonra Ermənistan Rusiya ilə mövcud olan müqavilədən çıxa bilər. Bundan sonra Mestamor AES birdəfəlik bağlanıb yeni AES tikilə də bilər, yaxud ABŞ mövcud AES-i yenidən rekonstruksiya edib, müasir texnologiyalarla qurub işlədə də bilər. Hələlik Rusiyanın bu məsələyə ciddi reaksiyasını görmürük. Düşünürəm ki, onlar prosesi müşahidə edirlər və verilən açıqlamaların nə dərəcə real olub-olmamasını araşdırırlar”.
Cavanşir ABBASLI
Musavat.com






