ABŞ Nümayəndələr Palatasının spikeri Qrenlandiyaya hərbi müdaxiləni istisna edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Mayk Conson Qrenlandiya məsələsinin diplomatik yoll həll olunmasını istədiyini deyib.
Palata spikerinin sözlərinə görə, Qrenlandiyadakı vəziyyət güc tətbiq etməyi tələb etmir, çünki regionda əhali azdır və istənilən hərəkət danışıqlara əsaslanmalıdır. Conson vurğulayıb ki, diplomatiya bu cür məsələlərin həlli üçün ən yaxşı yoldur.
O, həmçinin Donald Trampın son açıqlamalarına münasibət bildirərək qeyd edib ki, bunlar Qərb müttəfiqlərinin diqqətini regionun strateji əhəmiyyətinə cəlb etmək məqsədi daşıyır. Conson qeyd edib ki, Böyük Britaniya və digər ABŞ tərəfdaşları artıq bu ərazidə aktivdir və onun fikrincə, bu cür açıqlamalar Aİ ölkələrinə Qrenlandiyanın əhəmiyyətini xatırlatmaq məqsədi daşıyır.
Dövlət katibi Marko Rubio daha əvvəl ABŞ-ın Qrenlandiyanı ələ keçirməkdə deyil, əldə etməkdə maraqlı olduğunu bildirmişdi.
Bu arada prezident Donald Tramp bildirib ki, ABŞ Qrenlandiyada "Qızıl günbəz" raketdən müdafiə sistemi quraşdıracaq və bunun tikintisi 1 trilyon dollara başa gələcək.
Tramp xatırladıb ki, ABŞ bir əsr yarımdan çoxdur ki, Qrenlandiyanı əldə etməyə çalışır. O, bu torpaq sahəsinin strateji əhəmiyyət kəsb etdiyini bildirib.
Tramp qeyd edib ki, heç kim bu müqəddəs torpaq sahəsinə müdaxilə etməyə cəsarət etməyəcək.
Trampın sözlərinə görə, Vaşinqton adanın ABŞ-yə mümkün ilhaqı ilə bağlı dərhal Danimarka və bir neçə Avropa ölkəsi ilə danışıqlara başlamaq niyyətindədir. O, həmçinin Danimarka, Norveç, Fransa, Almaniya və Birləşmiş Krallıq da daxil olmaqla bir neçə Avropa ölkəsinə yeni ticarət tariflərinin tətbiq olunduğunu elan edib. Tarif 1 fevraldan etibarən 10% olacaq və 1 iyundan etibarən 25%-ə qədər artacaq. O bildirib ki, bu tədbirlər Qrenlandiyanın transfer müqaviləsi imzalanana qədər qüvvədə qalacaq.
Dünən axşam Trampın torpaq iddiaları ilə bağlı Kopenhagendə kütləvi etiraz aksiyası keçirilib. Bir neçə min insan küçələrə çıxaraq Trampın açıqlamalarından, o cümlədən danimarkalıların adadan "çıxması" çağırışından narazılığını bildirib.
Musavat.com






