İnsanlara hürriyət, millətlərə istiqlal!

Komitə sədri məcburi köçkünlərlə bağlı qanun layihəsinin detallarını açıqladı  

1009 12.06.2026 16:31 Dünya A A

Milli Məclisin iclasında Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, sənəd barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Bildirib ki, qanun layihəsi olduqca aktual bir məsələnin müzakirəsinə həsr olunub və keçmiş məcburi köçkünlərin ata- baba yurdlarında dayanıqlı məskunlaşmasının hüquqi əsaslarının təkmilləşməsini, işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin statusunun və onlara göstərilən  sosial dəstək mexanizmlərinin tənzimlənməsini nəzərdə tutur:

“Bildiyiniz kimi, Məcburi köçkün soydaşlarımız  uzun illər Azərbaycan  dövlətinin və cəmiyyətinin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. 

Onların  sosial və digər problemlərin həlli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci xanım hörmətli Mehriban Əliyevanın daim  diqqəti mərkəzində olmuşdur.  

Təkcə bir faktı söyləmək kifayətdir ki, Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2004 - 2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanmış, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 11 qanun qəbul edilmişdir. 

Torpaqlarımızın işğal altında olduğu dövrdə Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək istifadəyə verilmişdir.

62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Dövlətimiz tərəfindən məcburi köçkün ailələrinə uzun illər ərzində 

Təhsil və vergi güzəştləri, vahid aylıq müavinət, Ünvanlı sosial yardım, məşğulluq proqramları,

 Tibbi, sosial reabilitasiya və digər  sosial müdafiə mexanizmləri çərçivəsində davamlı    dəstək göstərilib.

Məcburi köçkünlərə  göstərilən diqqət və qayğı torpaqlarımız işğaldan azad olunandan sonra da davam edib. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatdıqdan dərhal sonra işğaldan azad olunmuş ərazilərdə bərpa və  geniş quruculuq işlərinə başlanılıb. Prezident cənab İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmış, 

Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə  

Prezidentin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqlənib”.

Dövlət Proqramı M.Quliyev əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə yenidən qurulmasına, dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi inkişafın təmin olunmasına hədəflənib: “Böyük Qayıdışa dair 1 - ci Dövlət Proqramının

icrasına başlamasından ötən 4 il ərzində bu məqsədlə dövlət büdcəsindın 28 milyard manata yaxın vəsait ayrılıb, Qarabağda və Şərqi Zəngəzurda 40-dan çox yaşayış məntəqəsində keçmiş məcburu köçkunlərin daimi yaşayışı təmin edilib. Hal-hazırda işğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın soydaşımız yaşayır, təhsil alır və işləyir. 8 şəhərin Baş planı, 3 şəhərin Müfəssəl planı və 101 yaşayış məntəqəsi üzrə (kənd və qəsəbə ilə birlikdə) şəhərsalma əsaslandırması təsdiq olunub.

İşğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 3500 km-dən çox olan magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları çəkilərək bərpa edilib, o cümlədən 1400 km-dən çox  yeni yol salınıb, 3 beynəlxalq hava limanı inşa edilib, 7 tunelin tikintisi tam başa çatdırılıb, daha 31 tuneldə qazma işləri yekunlaşdırılıb, həmçinin 392 körpü inşa edilib”.

Komitə sədri bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda tikilən hər ev, hər bina 44 günlük Zəfər savaşımızın qələbə simvoludur: “Müasir dünya şəhərsalma modelinin gözəl nümunəsi olan, ağıllı şəhər və ağıllı kənd konsepsiyası əsasında  yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur şəhidlərimizin əziz ruhuna ünvanlanan, tarixi qələbəmizi əbədiyyətə daşıyan monumental bir abidədir. İşğaldan azad edilmiş bölgəmizdə tikilən hər ev, çəkilən hər yol, salınan hər körpü, həyata keçən hər infrastruktur layihəsi Ali Baş Komandan cənab Prezident İlham Əliyev  başda olmaqla, azərbaycan xalqının dinc dövrdə, quruculuq, abadlıq, tərəqqi cəbhəsində növbəti qələbəsi, müharibə meydanında əldə etdiyimiz qələbənin humanitar siyasətdə, sosial həyatda davamıdır. I Dövlət Proqramının icrası ilə bağlı möhkəm hüquqi baza yaradılıb, qanunvericilikdə müvafiq dəyişiklik edilərək Qarabağda Və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsis edilib, məzunuyyət, vergi, sosial sığorta güzəştləri və imtiyazları müəyyən olunub”. 

Quliyev deyib ki, bu gün müzakirəyə çıxardığımız  Mənzil Məcəlləsinə, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”  Qanunlarına təklif edilən dəyişikliklər də məhz bu sahədə görülən işlərin hüquqi bazasının təkmilləşdirilməsi,

məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini və məcburi köçkün statusunun itirilməsi ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb: “Belə ki, Mənzil Məcəlləsinə ediləcək dəyişiklik nəticəsində yeni institut - “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu” yaranacaq və bu fonda daxil olan yaşayış sahələri məcburi köçkünlərin köçürülməsi və bu sahələrin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaqdır.

Eyni zamanda “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa təklif olunan dəyişikliyə əsasən məcburi köçkün statusunun itirilməsi halları da konkretləşəcəkdir. Yeni təklifə əsasən şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcəkdir.

Həmçinin sözügedən Qanuna təklif olunan dəyişikliyə görə şəxs dövlət tərəfindən təklif olunan həmin yaşayış yerlərindən imtina etdikdə də məcburi köçkün statusunu itirəcəkdir.

Layihədə sosial müdafiə tədbirlərinin müddətinə də aydınlıq gətirilir. Mövcud 3 illik güzəşt müddətinin hesablanması şəxsin statusunu itirdiyi və ya mənzildən imtina etdiyi tarixdən müəyyən ediləcək.

Bundan başqa, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, məcburi köçkünlərin köçürülməsi mexanizmi də dəyişdirilir. Yeni qaydalara əsasən, dövlət öhdəliyi yaşayış sahəsinin təklif edilməsi ilə icra olunmuş hesab ediləcək, bununla da həm məcburi köçkünlərin mənzil hüquqları, həm də üçüncü şəxslərin maraqları arasında balans təmin olunacaq”.

Komitə sədri sonda bir daha vurğuladı ki, müzakirəyə çıxartdığımız bu qanun layihəsi keçmiş məcburi köçkünlərin doğma yurdlarında yenidən məkunlaşmasına dair qəbul edilən qanunların və qərarların məntiqi davamı kimi əhəmiyyətlidir və Böyük Qayıdış prosesində  hüquqi bazanın daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edəcək.

E. Paşasoy,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR