İnsanlara hürriyət, millətlərə istiqlal!

Məzun oyunları

550 12.06.2026 17:19 Yazarlar A A

1986-1990-cı illərin bir statistikası var, kimə lazım olsa xırdalıqlarına qədər internetdə tapa bilər, orda keçmiş SSRİ-nin müttəfiq 15 respublikasının kitab çapı, kitab almaq, oxumaq barədə göstəriciləri verilibdir. Məsələn, SSRİ-də guya xalqın çoxlu kitab oxuduğu, savadlı olması barədə mif var, həmin statistikanın əsasən uydurma olduğunu biz rəsmi məlumat olmadan da bilirdik. Sovetlər adətən kimsənin oxumadığı, siyasi senzuradan keçən klassik ədəbiyyatı milyonlarla tirajla buraxırdı, camaat da alıb qoyurdu şkafa – bəzək əşyası sifətində. Azərbaycan SSR-də bütün sovet hökuməti müddətində cəmi 8 min adda bədii ədəbiyyat kitabı buraxılmışdı, bunu da 70 ilə böləndə ortalama ilə 111 kitab düşürdü. Örnək üçün, hazırda tək “Qanun” nəşriyyatı ildə bəlkə 365 adda kitab buraxır.

Ancaq o statistikada bizim üçün acı nəticələr başqa respublikalarla müqayisədə daha kəskin ortaya çıxırdı. Azərbaycan SSR əhalisi kitab alışı, oxunması üzrə yalnız Orta Asiyanın Türkmənistan, Tacikistan kimi regionlarından qabaqda idi, o da çox cüzi şəkildə. Məsələn, 1986-cı ildə əhalinin hər 100 nəfərinə kitab çapı rəqəmi Azərbaycanda 244 ədəd idisə, Türkmənistanda 243 olmuşdu. Gürcüstanda bu rəqəm 472, Ermənistanda 353, Moldovada 407, Belarusda 520, Estoniyada isə... 1073 ədəd idi!

Bu kədərli hesabatı niyə xatırladım? Təzəlikcə xəbər lentində gördüm: Türkmənistanda Azərbaycan mədəniyyəti günləri keçirilib, tədbir çərçivəsində Arkadağ şəhərində “Azərbaycan kitabı stendi” yaradılmışdır. Həmin tragikomik stendin önündə isə bir neçə türkmən kolxozçu övrət deyəsən birbaşa pambıq tarlasından gəlib, heç saçından yaylığı açmağa imkan tapmadan hansısa ədəbiyyatımızı dəhşətli maraqla oxuyurdular. Yəqin onların Saparmurat müəllimin “Ruhnamə” və Qurbanqulu müəllimin isə “Dərman bitkilərimiz” əsərlərindən sonra üçüncü oxuduqları kitab məhz Azərbaycan kitabı idi.

Görəsən bu cür anekdotvari tədbirlər pul silməkdən, gözdən pərdə asmaqdan başqa nəyə yarayır? Bizim özümüz öz kitablarımızı oxumuruqsa, türkmənlərin nəyinə gərəkdir?

Mədəniyyət naziri təzəlikcə maraqlı anons vermişdi, deyir, kəndlərdəki kitabxana sistemini vahidləşdirmək, mərkəzləşdirmək planımız var. Belə başa düşdüm ki, orta məktəblərin kitabxana fondu kənd kitabxanaları ilə birləşdiriləcək, hamı istifadə edəcək.

Əslində, çox məntiqli və düzgün addım kimi görünür, çünki bir neçə il qabaq rayon və kəndlərdəki kitabxana və kitabxanaçılar kütləvi “soyqırıma” uğrayandan bu sahədə ciddi boşluq var. Ancaq balaca Mamedin özü məktəb kitabxanasının qapısını ildə cəmi 2 dəfə - sentyabrda və iyunda açırsa, Mamedin atası Fətullah kişinin, yaxud anası Gülbadam xalanın ordan kitab götürüb oxuyacağına hansı sarsaq inanar? 5-6 il qabaq Bakıdakı məktəbin kitabxanasından bədii ədəbiyyat götürüb oxumaq istəyən qohum uşağına kitabxanaçı heç bir səbəb göstərmədən rədd cavabı vermişdi.

Saxtakarlığımızın miqyası hüdud tanımır. Uşaqlar arasını açmadıqları dərslikləri payızda necə almışdılarsa, eləcə torbada aparıb məktəbə qaytardılar, bəlkə onlar artıq çürüyüblər, basdıran yoxdur. Kurs kitablarının, test toplularının canı sağ olsun...

Ən tragikomik bayram isə məzun törənidir. Elə 11-cilər var ki, guya eyni sinifin şagirdləridir, ancaq bir-birinin üzünü birinci və axırıncı dəfə elə bu mənasını tam itirmiş, fiaskoya uğramış “Məzuniyyət törənində” görürlər. 13 iyunda. Bu şənbə.

Hələ musiqi, rəqs-zad da nəzərdə tutulur. Repetitorların, kurs, hazırlıq işlədənlərin əvəzinə məktəb direktorları, sinif rəhbərləri, müəllimlər Yallı gedəcəklər.

Hərçənd, utanmasan oynamağa nə var?
P.S. Yazını bitirəndə ağlıma gəldi ki, “məzun” sözü faktiki, az qala “məzlum” sözü kimi səslənir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR