Rusiyanın Primorsk diyarında uzun illər fəaliyyət göstərmiş iri mütəşəkkil cinayətkar qruplaşmanın lideri kimi təqdim olunan Viktor Alekseyenkov Taylandda saxlanılıb. Araşdırma materiallarında onun qohumu və yaxın tərəfdaşı kimi adı keçən şəxs sıradan siyasətçi deyil – “Vahid Rusiya”dan Dövlət Dumasının deputatı, Dumanın Reqlament və fəaliyyətinin təmin edilməsi komissiyasının sədri Viktor Pinskidir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu Taylandın immiqrasiya işləri idarəsinin əməkdaşları Fuket əyalətində xüsusi əməliyyat keçirərək Rusiya vətəndaşı Viktor Alekseyenkovu saxlayıblar. Mənbənin yazdığına görə, o, İnterpol materiallarında “transmilli cinayətkar qruplaşmanın lideri” kimi göstərilir. Hazırda Alekseyenkovun Rusiyaya ekstradisiyası məsələsinə baxılır.
Araşdırmanın diqqətçəkən hissəsi isə Alekseyenkovun Rusiya siyasi dairələri ilə iddia edilən əlaqələridir.
Verilən xəbərə əsasən, Dövlət Dumasının deputatı, Dumanın komissiya sədri Viktor Pinskinin adı Alekseyenkovla bağlı iki cinayət işinin materiallarında keçir.
Mənbələr Alekseyenkov və Pinskinin həm də qohum olduqlarını bildirirlər. Pinski Alekseyenkovun həyat yoldaşının əmisi oğludur.
Söhbət Vladivostok və bütövlükdə Primorsk diyarında onilliklər ərzində fəaliyyət göstərdiyi bildirilən “Alekseyevskiye” cinayətkar birliyindən gedir. İş materiallarında 2000-ci illərdə törədilmiş qətllər, həmçinin torpaq və daşınmaz əmlakın müxtəlif strukturlar vasitəsilə ələ keçirilməsi ilə bağlı epizodların olduğu bildirilir.
Musavat.com






