Azərbaycanın Özbəkistandakı yeni səfiri Rəşad Məmmədov bu gün Özbəkistan xarici işlər naziri Baxtiyor Saidova etimadnaməsinin surətini təqdim edib.
Musavat.com xəbər verir ki, səfir “X” hesabında görüş barədə qeydini paylaşıb:
“Görüşümüzdə Azərbaycan ilə Özbəkistan arasında qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyində duran məsələlər, siyasi dialoqun daha da inkişafı, ticarət-iqtisadi, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi ətrafında səmərəli fikir mübadiləsi apardıq. İki ölkəni əsrlərə söykənən qardaşlıq əlaqələri, ortaq tarixi və mədəni köklər, eləcə də qarşılıqlı hörmət birləşdirdiyi qeyd olundu”.
Diplomat vurğulayıb ki, qardaş Özbəkistanda ölkəmizi təmsil etmək onun üçün böyük şərəf və məsuliyyətdir: “Dövlət başçılarımızın qarşılıqlı yüksək etimada əsasında müəyyən etdikləri strateji hədəflərin həyata keçirilməsi, müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi və əməkdaşlığımızın yeni uğurlarla zənginləşdirilməsi istiqamətində səylərimi əsirgəməyəcəyəm”, - deyə səfir qeyd edib.

Nigar Həsənli
Musavat.com






