ABŞ prezidenti Donald Trampın administrasiyasının İrana qarşı 13 gün davam edən intensiv hava zərbələrindən sonra bombardmanlara gözlənilmədən fasilə verməsi beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Ağ Ev bu qərarı diplomatik təşəbbüslərlə əsaslandırsa da, "Reuters", "The Wall Street Journal", "Associated Press" və digər nüfuzlu Qərb media qurumlarının yaydığı məlumatlarda ABŞ-nin yüksək dəqiqlikli raket və sursat ehtiyatlarının sürətlə azalmasının da mühüm rol oynadığı iddia edilir.
Bu məlumatlar həqiqətən Pentaqonun üzləşdiyi problemlərin göstəricisidir, yoxsa Donald Trampın həm ölkə daxilində, həm də beynəlxalq aləmdə siyasi nüfuzuna zərbə vurmağa hesablanmış informasiya kampaniyasının tərkib hissəsidir? Xüsusilə nəzərə alsaq ki, Tramp uzun illərdir ABŞ-nin aparıcı media qurumlarını "saxta xəbər" yaymaqda ittiham edir və onlarla açıq qarşıdurma yaşayır. Bəs yayılan məlumatların arxasında nə dayanır? ABŞ həqiqətənmi silah ehtiyatları baxımından çətin vəziyyətə düşüb, yoxsa burada siyasi və informasiya mübarizəsinin elementləri daha çoxdur?
Mövzu ilə bağlı professor Qabil Hüseynli Musavat.com-a danışıb.

Professor yayılan məlumatların real göründüyünü deyib:
"ABŞ-nin həmin raketlər üçün yüksək dəqiqlikli silah-sursat ehtiyatının tükənməkdə olduğu barədə məlumatlara mən bir neçə mənbədə rast gəlmişəm. Və etiraf etməliyəm ki, bu məlumatlara inanmağa əsas görürəm. Düzdür, istehsal prosesi davam edir, yeni sifarişlər verilir və müdafiə sənayesi fəaliyyətini dayandırmayıb. Ancaq bildirilir ki, xüsusilə "Tomahawk" və digər yüksək dəqiqlikli raketlər üçün zəruri olan sursat ehtiyatları tükənmək üzrədir".
Qabil Hüseynlinin sözlərinə görə, artıq ABŞ-nin "Patriot" hava hücumundan müdafiə sistemlərindən istifadəsində də qənaət rejiminə keçdiyi barədə məlumatlar yayılır:
"Bu gün belə bir məlumat da yayılıb ki, ABŞ İranın atdığı bütün raketlərə "Patriot" sistemləri ilə cavab vermir. Əksinə, təhlükə səviyyəsi qiymətləndirilir, hansı raketin həqiqətən təhlükə yaratdığı müəyyənləşdirilir və yalnız seçilmiş hədəflərə qarşı "Patriot" raketlərindən istifadə olunur. Yəni ABŞ-nin ciddi qənaət rejiminə keçdiyi barədə iddialar da səsləndirilir".
Q.Hüseynli hesab edir ki, ABŞ-nin daha ehtiyatlı davranmasının başqa səbəbləri də var. Onun fikrincə, Vaşinqtonla İsrail arasında bu hərbi əməliyyatlarla bağlı müəyyən fikir ayrılıqları yaranıb:
"Belə iddialar var ki, İsrail ABŞ-nin İrana qarşı həyata keçirdiyi bu hücumları tam şəkildə dəstəkləmir, lakin bunun səbəblərini də açıq izah etmir. Eyni zamanda, İsrailin hərbi əməliyyatlarda birbaşa iştirak etməməsinin Vaşinqtonda narazılıq doğurduğu bildirilir. Məhz bu amil də ABŞ-ni daha ehtiyatlı davranmağa və hərbi addımlarını daha dəqiq hesablamasına vadar edir. Digər tərəfdən qeyd olunur ki, ABŞ hazırda eyni vaxtda bir neçə istiqamətdə öhdəlik daşıyır. Rusiya-Ukrayna müharibəsi fonunda silah ehtiyatlarının bir hissəsi Avropa ölkələrinə və Ukraynaya göndərilir. Bu da ABŞ-nin öz silah arsenalında müəyyən qıtlıq yaranmasına səbəb olur. Məhz buna görə də Vaşinqton həm silahların satılması, həm onların ehtiyatda saxlanılması, həm də döyüş əməliyyatlarında istifadəsi məsələsinə son dərəcə ehtiyatla yanaşmaq məcburiyyətində qalıb".
Professor ABŞ daxilində Donald Trampa qarşı etirazların artdığını da diqqətə çatdırıb:
"Məsələn, dünən ABŞ ordusunun bir zabiti əlində "Tramp, istefaya get!" yazılmış plakatla Ağ Evin yaxınlığında etiraz aksiyası keçirib və demək olar ki, Ağ Evin son pillələrinə qədər irəliləyib. O, həmin plakatı bir müddət havada saxlayıb. Bu zaman Ağ Evin ətrafına toplaşan insanların da onun çağırışını alqışlaması və dəstəkləməsi diqqət çəkib. Bir sözlə, Trampın ətrafındakı siyasi vəziyyət heç də ürəkaçan görünmür. Demək olar ki, onun ətrafındakı siyasi həlqə getdikcə daralır və ona qarşı impiçment məsələsi əvvəlkindən daha real görünməyə başlayır. Üstəlik, payızda keçiriləcək seçkilər də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ehtimallar var ki, Respublikaçılar Partiyası həm Konqres, həm də Senat seçkilərində ciddi itkilərlə üzləşə bilər. Bu baş verərsə, Donald Trampın siyasi mövqeləri daha da zəifləyəcək. Beləliklə, bir müddət əvvəl Trampı dəstəkləyənlərin sayı çox idisə, indi onu tənqid edənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb".

Hərbi ekspert Ədalət Verdiyev isə qeyd edib ki, ABŞ-nin silah ehtiyatlarının tükənməsi ilə bağlı iddialar reallığı tam əks etdirmir:
"ABŞ hazırda dünyanın ən böyük hərbi potensialına malik olan və ən yaxın rəqiblərindən bir neçə dəfə üstün imkanlara sahib olan ölkədir. Digər tərəfdən isə, təbii ki, əgər müharibə davam edibsə və müəyyən günlərdə fasilələr yaranıbsa, bu müharibədə istifadə olunan sursatların ehtiyatının azalması da təbii haldır. Amma bu, yalnız ABŞ üçün keçərli deyil. Nəzərə alsaq ki, ABŞ indiyədək əlində olan aviadaşıyıcılardan cəmi ikisini, özü də bir-birini əvəz etmək şərti ilə döyüş əməliyyatlarına cəlb edib. Halbuki ABŞ-nin ümumilikdə 11 aviadaşıyıcısı var. Digər tərəfdən, ABŞ-nin daha geniş imkanlara malik qitələrarası ballistik raketləri və çox ağır bombaları da mövcuddur ki, onlardan indiyədək İrana qarşı bir dəfə də olsun istifadə etməyib".
Ədalət Verdiyevin fikrincə, ABŞ prezidenti Donald Trampın media ilə, hətta müttəfiq ölkələrin rəhbərlərilə münasibətlərində zaman-zaman sərgilədiyi sərt və qeyri-adekvat ritorika da informasiya fonuna təsir göstərir:
"Buna görə də bir çox media qurumu, mənim bildiyimə görə yalnız "Fox News" istisna olmaqla, qalanları ABŞ-nin apardığı bu müharibədə Donald Trampı bir qədər zəif göstərməyə çalışırlar. Amma reallıqda bölgədə vəziyyət tamamilə fərqlidir. Bölgədə görünən mənzərə ondan ibarətdir ki, həm Körfəz ölkələri, həm Türkiyə, həm Pakistan, həm Qətər, həm də Oman ABŞ-ni bu müharibədən çəkindirməyə, problemi daha çox danışıqlar masasında həll etməyə çağırırlar. ABŞ-nin də normal münasibətlər saxladığı az sayda ölkələr var ki, onların xahişlərini bir neçə dəfə ardıcıl olaraq görməzlikdən gələ, yəni geri çevirə bilmir. Buna görə də zaman-zaman ABŞ danışıqlarda da iştirak edəcək, fasilələr və atəşkəslər də olacaq".
Bununla belə, Ə.Verdiyev hesab edir ki, ABŞ İranla birbaşa və ya dolayısı danışıqlardan imtina etmədən, eyni zamanda SEPAH-ın təxribat xarakterli addımlarına da cavab vermək niyyətindədir:
"Daha əvvəlki günlərdə də biz hadisələrin məhz bu ssenari üzrə inkişaf etdiyini görmüşük. İranın seçkili hakimiyyətini təmsil edən prezident, xarici işlər naziri və parlament sədri atəşkəsə razılıq verdikləri halda, SEPAH-ın kiçik bir təxribatı ABŞ-nin növbəti zərbələr endirməsinə səbəb olub və bu da danışıqlar prosesini pozub. İndiki vəziyyətdə SEPAH-ın fəaliyyəti daha çox İsrailin maraqlarına uyğun gəlir. Beləliklə, ABŞ-nin silah ehtiyatlarının tükəndiyi və yaxud da ciddi şəkildə azaldığı barədə iddialar həqiqəti əks etdirmir. Təbii ki, ehtiyatlarda müəyyən azalma var. Lakin bu, mövcud beynəlxalq qlobal medianın Donald Trampa qarşı formalaşdırdığı antipatiyanın nəticəsi kimi də qiymətləndirilməlidir. ABŞ dünyada silah istehsalı sahəsində ən böyük imkanlara malik ölkədir. Həmin ehtiyatları ən sürətlə bərpa edə bilən silah istehsalçıları da məhz ABŞ-də yerləşir və onlar bu sifarişləri bir neçə ay, hətta illər əvvəl qəbul ediblər. İstehsal prosesinin genişləndirilməsi üçün kifayət qədər böyük imkanlar yaradılıb, yeni zavodlar, fabriklər və istehsal sahələri istifadəyə verilib və onlar hazırda istehsalı davam etdirirlər. Üstəlik, ABŞ-nin əlavə silah-sursat əldə etmək üçün kifayət qədər çox sayda müttəfiqi var. Çünki həmin ölkələrə daha əvvəl ABŞ tərəfindən böyük həcmdə silah ixrac olunub. Amma İranın belə müttəfiqləri yoxdur. Ümumiyyətlə, İran bu gün demək olar ki, hərbi müttəfiqlər baxımından bölgədə tamamilə tək qalıb".
Xalidə Gəray
Musavat.com






