Müğənni Nura Suri sənətçilərin səhnə obrazı, peşəkar hazırlığı və özünəinamı ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Musavat.com xəbər verir ki, sənətçi sosial şəbəkədə etdiyi paylaşımda mühüm tədbirlərdə ifaçının yalnız geyiminin deyil, bütün səhnə obrazının peşəkar komanda tərəfindən ən incə detallarına qədər planlaşdırılmalı olduğunu bildirib.
Nura Suri qeyd edib ki, səhnədə rahat hərəkət etməyə imkan verən ayaqqabı, narahatlıq yaratmayan geyim, hava şəraitinə uyğun saç düzümü və düzgün seçilmiş aksesuarlar əvvəlcədən nəzərə alınmalıdır.
"Obraz yalnız gözəl görünməkdən ibarət deyil. O, sənətçinin enerjisini, rahatlığını və səhnədə özünəinamını da dəstəkləməlidir. Müğənninin yanında çalışan, bunun üçün maaş alan komanda hər detalı düşünməli və sənətçinin işini maksimum rahatlaşdırmalıdır", – deyə o vurğulayıb.
İfaçı müsahibələrə hazırlığın da vacibliyini qeyd edərək bildirib ki, sənətçi kamera qarşısında fikirlərini qısa, aydın və səlis ifadə etməli, görüntüyə mənfi təsir edən vərdişlərdən uzaq durmalıdır.
Nura Surinin sözlərinə görə, psixoloji hazırlıq səhnə uğurunun əsas şərtlərindən biridir:
"Çünki tamaşaçıya keçən ilk şey mahnı yox, sənətçinin enerjisidir. Güclü enerji olan yerdə kiçik qüsurlar belə hiss olunmur".
Müğənni dünya ulduzlarını nümunə göstərərək, Şakiranın tez-tez sadə obrazda səhnəyə çıxmasına baxmayaraq, əsas diqqəti rahatlığına və enerjisinə yönəltdiyini xatırladıb.
Nura Suri paylaşımında "Altın Kelebek" mükafatlandırma mərasimində iştirak edən bəzi azərbaycanlı ifaçıların psixoloji hazırlıq və özünəinam baxımından istənilən səviyyədə olmadığını da bildirib.
Sonda isə o, həmkarlarına belə çağırış edib:
"Geyimdən daha çox səhnədəki rahatlığınıza, özünəinamınıza və tamaşaçıya ötürdüyünüz enerjiyə önəm verin. Çünki yadda qalan məhz bunlardır".
Könül
Musavat.com






