Musavat.com xəbər verir ki, Airbus şirkəti ən çox satılan A320 ailəsinə aid təyyarələrin “əhəmiyyətli hissəsinin” proqram təminatını təcili şəkildə yeniləmək qərarı verib.
Reuters yazır ki, günəş radiasiyasının yaratdığı texniki risk səbəbindən başlanan bu proses dünyadakı A320 donanmasının yarısına təsir göstərə bilər. Söhbət minlərlə təyyarədən gedir.
Airbus açıqlamasında bildirib ki, A320 tipli bir təyyarədə baş verən son insident zamanı günəş radiasiyası uçuşun idarə olunması üçün həyati əhəmiyyət daşıyan məlumatları korlayıb. Bu, şirkəti bütün donanmada proqram təminatını dəyişməyə məcbur edib.
Bəzi təyyarələr “köhnə versiya” proqram təminatına qaytarılacaq. Hər bir təyyarədə yeniləmə prosesi təxminən iki saat çəkəcək. Qərar elan edilən anda havada təxminən 3 min A320 olduğu bildirilib.
Reuters-in mənbələrinə görə, bu addım Meksikanın Kankun şəhərindən ABŞ-ın Nyuarka istiqamətində uçan A320-də baş verən hadisədən sonra atılıb. Təyyarə qəfil hündürlüyü itirərək sərnişinlərin xəsarət almasına səbəb olub və nəticədə Floridada təcili eniş edib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Musavat.com






