Milli banklarımızdan birində problem yaranmışdı, zəhmətkeşlərin axırıncı qəpik-quruşlarını da hansısa ünvanlara köçürürdülər. Xalq dəhşət narahat olmuşdu.
Soruşa bilərsiniz ki, pulumuz yoxdursa, niyə narahat oluruq, bankda problem cəhənnəmə yaransın. Ancaq birdən pulu olmayanlara kredit borcu yazılsa? Hesabımızda milyonlar peyda olsa və biz bu haram vəsaitlərin əlində qalsaq?
Yəni hardan baxsan bu ölkədə kasıbın işi zordur. Varlıya nə var ki? Haram pullar qazanırlar, o üzdən heç veclərinə deyil. Hardan gəlir, hara gedir, bəzən xəbərləri belə olmur.
Yeri gəlmişkən, biz uşaq olanda bu temada bir gözəl pritça var idi, orta məktəbdə keçirdilər, indiki kimi uşaqların baş-beynini boş-boş rəqəmlərlə doldurmurdular. Qısa süjeti belə idi: bir yeniyetmə olur, atası onu işləməyə, pul qazanmağa vadar etmək istəyir. Lakin ana oğluna qıymır, işə göndərmir, öz xərcliyindən uşağa verir, deyir atana bunu göstər, denən qazancım bu qədər oldu. Ata axşam gələndə söhbət bu cür olur, ata heç nə demir, pulu uşaqdan alır, atır ocağa, uşaq isə hər hansı reaksiya vermir. Bir-iki gün əhvalat belə təkrarlanandan sonra uşaq nəhayət işləyir, özü qazanır. Axşam ata pulu yenə ocağa atanda uşaq əli yana-yana pulları çıxarmağa çalışır. O zaman ata deyir: “Bax, indi anladım ki, bu pulu özün qazanmısan”.
Prinsipcə, karbohidrogen gəlirləri elə həmin “müftə” qazanclar silsiləsindəndir, ona görə hökumət bu pulları harda “yandırsa” xalqın vecinə deyildir.
Qayıdaq bankın əhvalatına. Ordan müştərilərə fısqırıq bir izahat gəlmişdi ki, bəs, 3-cü tərəflə anlaşılmazlıq yaranıb, sistemdə problem çıxıb, pullarınız bu üzdən silinir.
Əcəb söhbətdir. 3-cü tərəf kimdir, nədir? Belə tragikomik izahat ola bilərmi? Belə bazar iqtisadiyyatı, maliyyə sistemi harda var?
Əlbəttə, “sistemin problemli olduğunu” çoxdan bilirik, buna söz yoxdur, ancaq bankla müştəri arasında 3-cü tərəf olmamalıdır axı. Sanki məhəbbət üçbucağı-zad qurublar, əğyar araya girib pulları çəkir.
Bəlkə 3-cü tərəf Ermənistandır, pulları çəkirlər? Zarafat eləmirəm. Axı lap bugünlərdə xəbər çıxdı, Zəngəzur dəhlizi üzərindən Naxçıvanla bizi birləşdirən internet xətti açılıb. Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birinə internet trafiki ötürməyə başlamışdır. İndi məlum olsa ki, erməni hakerləri bank sisteminə həmin kanalla giriblər, bizim gülməşəkər bankın “3-cü tərəf” adlandırdığı da onlardır, zəhmətkeşlərimizin qəpikləri Köçəryanın cibinə köç etmişdir, buna kim cavab verəcək? Həmin bankda hesabı olan zəhmətkeşi “xarici terrorçu qrupu maliyyələşdirmək” ittihamıyla tutub basmaq mümkün deyildirmi?
Təəssüf ki, mümkündür. Bizdə yalnız yaxşı işlər it zülümü ilə baş tutur, istənilən çirkin fəaliyyət və pis əməli törətmək su içmək qədər asandır. Ara yerdə yalandan özümüzü artistliyə vururuq, guya əyləncəli şəraitdə yaşayırıq.
Artistlik demişkən... Bugünlərdə başqa bir tragikomik əhvalata şahidik: AzDrama-nın aktrisası Mehriban Xanlarova prezidentə müraciət edib, öz işinə qayıtmaq üçün yardım istəyir. Keçən il onun teatrın baş rejissoru Mehriban Ələkbərzadə ilə münaqişəsi çıxmışdı, ərizə yazıb işdən getmişdi. İndi deyir məni məcbur ediblər, qayıdıb təzədən teatrda işləmək istəyirəm, lakin buna icazə verilmir.
Mən həyatımda cəmi bir-iki dəfə çaşıb AzDramada tamaşaya baxmışam, onda da aktyorlar elə pafosla qışqırışırdılar ki, az qala qorxudan sarılıq olmuşduq. Yəni, mənim bu teatr, onun artistləri, rəhbərliyi, tamaşası-filanı barədə rəyim, mövqeyim sıfırdır. O üzdən, bu davada kim haqlıdır, bilmirəm. Ancaq bütün hallarda hadisə, yuxarıda yazdığım kimi, tragikomikdir. Niyə? Çünki hamının artistlik elədiyi ölkədə artist işsiz qalıb.
Yəqin burda da 3-cü tərəf vardır.






