ABŞ-ın Virciniya ştatının Hannover dairəsində alkoqol mağazasını alt-üst edən yenotun əslində “təcrübəli” oğru olduğu üzə çıxıb.
Musavat.com xəbər verir ki, heyvana yerli sakinlər tərəfindən Trashed Panda (“Sərxoş panda”) ləqəbi verilib.
Heyvanlara nəzarət xidməti əməkdaşlarının bildirdiyinə görə, bu yenot ticarət mərkəzinə müntəzəm olaraq baş çəkir. O, daha əvvəl də yerli idman zalını və nəqliyyat vasitələrinin qeydiyyatı idarəsini “soyub”. Bütün hallarda yenot əsasən yemək və içkiləri oğurlayıb.
Xidmətin əməkdaşı Samanta Martin bildirib ki, yenot hər dəfə tutulduqdan sonra şəhər mühitində məhv olmaması üçün hadisə yerindən təxminən 1,5 kilometr uzaqlıqdakı meşəyə buraxılır. Lakin “Sərxoş panda” inadkarlıqla yenidən sevdiyi ticarət mərkəzinə qayıdır.
Maraqlıdır ki, yerli sakinlər yenota qarşı qəzəbli deyil. Onların sözlərinə görə, Hannoverdə bəzi insanlar bu yenotdan qat-qat pis davranır.
Musavat.com






