Xocalı soyqırımı zamanı girov götürülən qadınlardan biri – Əliyeva Svetlana Cavanşir qızı ilə bağlı ürəkdağlayan detallar illər keçsə də, yaddaşlardan silinmir.
Musavat.com bildirir ki, 1958-ci ildə Xocalı şəhərində anadan olan Svetlana Əliyeva 1992-ci il fevralın 26-da baş verən Xocalı faciəsi zamanı anası Əliyeva Xavər Yusif qızı ilə birlikdə şəhərdən çıxmağa çalışarkən ermənilər tərəfindən girov götürülərək Xankəndiyə aparılıb.
Atası Cavanşir Əliyevin sözlərinə görə, fevralın 25-dən 26-na keçən gecə həyat yoldaşı və qızı əsir düşüb. Həmin dövrdə Ağdam özünümüdafiə batalyonunun komandiri Allahverdi Bağırov Svetlananın sağ olması barədə məlumat əldə etmişdi. Hətta erməni tərəfinin nümayəndələrinin onun üç gün ərzində qaytarılacağına dair vədlər verdiyi də bildirilir. Lakin Allahverdi Bağırovun daha sonra şəhid olması bu ümidləri yarımçıq qoyub.

Məlumata görə, əsir və girovların dəyişdirilməsi prosesində vasitəçilik edən Yuxarı Yağlıvənd kənd sakini Əhəd Kazımov radio əlaqəsi vasitəsilə Svetlananın sağ olduğunu öyrənib. O, Xocalıdan aparılan digər girovlarla birlikdə Svetlananın Xankəndidə internat məktəbində saxlanıldığını da təsdiqləyib.
1992-ci ilin mart ayında əsirlikdən məlumat gətirən şəxslərdən biri – Mingəçevirdə yaşayan Eyvazov Əli də Svetlananın Xankəndidə polis nəzarətində saxlandığını bildirib. Onu azad etmək üçün göstərilən bütün cəhdlər isə nəticəsiz qalıb.
Svetlana Əliyevanın taleyi Xocalı faciəsində itkin düşən yüzlərlə insanın acı və naməlum aqibətinin simvoluna çevrilib.
Şahanə Rəhimli
Musavat.com






