İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Sofulu və Bərxudarlını qaytarmaq istəmirlər

1589 19.07.2026 11:17 Siyasət A A

Ermənistanda son günlər Tavuş bölgəsində yerləşən Sofulu və Bərxudarlı kəndləri ətrafında müzakirələr yenidən gündəmə gəlib. Musavat.com yekramos.org-a istinadən xəbər verir ki, keçmiş ombudsman Arman Tatoyan bu barədə xüsusi video-müraciət də yayıb. Onun açıqlaması göstərir ki, Ermənistanın siyasi və ekspert dairələri bu məsələni sadəcə sərhədin delimitasiyası kimi deyil, ölkənin təhlükəsizlik strategiyasının əsas elementlərindən biri hesab edirlər.
Qeyd edək ki, Qazax rayonuna məxsus olan Sofulu və Bərxudarlı kəndləri Ermənistan ərazisi daxilində yerləşən Azərbaycan eksklavlarıdır. 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi zamanı bu kəndlər Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçib. Beynəlxalq səviyyədə isə bu yaşayış məntəqələri Azərbaycanın suveren ərazisi kimi tanınır. Sofulu və Bərxudarlı Qazax rayonunun qərb hissəsində yerləşir. Bu iki kənd bir-birinə bitişik olmaqla yanaşı, Tavuş vilayətində Ermənistanın əsas daxili yollarına yaxın mövqedə yerləşir. Məhz bu coğrafi xüsusiyyət onların strateji əhəmiyyətini artırır.
Anklavlar ləğv olunub - Qazaxın 7 kəndi yeni xəritədə | Axar.Az

Erməni ekspertlərini “qarın ağrısına” salan əsas səbəblərindən biri də budur. Onlar hesab edirlər ki, kəndlərin Azərbaycana qaytarılması Ermənistanın Tavuş bölgəsində nəqliyyat əlaqələrinə, sərhəd xəttinin konfiqurasiyasına və hərbi mövqelərinə təsir göstərə bilər.
Elə keçmiş ombudsman Arman Tatoyan da az qala “timsah gözları” tökərək müraciətində iddia edir ki, Sofulu və Bərxudarlının Azərbaycana qaytarılması nəticəsində Azatamut və Kayan yaşayış məntəqələri arasında əlaqələr çətinləşə bilər. O hesab edir ki, Ermənistan ərazisinin daxilində Azərbaycan suverenliyində olan hissənin yaranması gələcəkdə həmin əraziyə çıxış məsələsini də gündəmə gətirəcək. Tatoyan həmçinin bildirir ki, bu ərazilər yaxınlığından keçən avtomobil yolları, qaz kəmərləri, internet-kommunikasiya xətləri, kənd təsərrüfatı torpaqları və örüş sahələri Ermənistan üçün mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, sərhədin dəyişməsi sərhədyanı icmaların sosial-iqtisadi vəziyyətinə də təsir göstərə bilər.
Azərbaycanın mövqeyi isə bəllidir. Azərbaycan Sofulu və Bərxudarlını, eləcə də Qazax rayonunun digər işğal altında qalmış kəndlərini ölkənin beynəlxalq səviyyədə tanınmış əraziləri hesab edir. Rəsmi Bakı sərhədlərin delimitasiya və demarkasiyasının SSRİ dövrünün hüquqi sənədləri və beynəlxalq hüquq normaları əsasında həyata keçirilməsinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Azərbaycan rəsmilərinin mövqeyinə görə, söhbət yeni ərazi tələbindən deyil, uzun illər işğal altında qalmış Azərbaycan torpaqlarının hüquqi statusunun bərpasından gedir.
Sofulu və Bərxudarlı məsələsinin yenidən gündəmə gəlməsi təsadüfi deyil. Ermənistanda TRIPP layihəsinin təsdiqlənməsi ilə paralel olaraq kommunikasiya xətləri, sərhədlərin delimitasiyası və eksklavlar ətrafında müzakirələr intensivləşib.
Erməni ekspertləri hesab edirlər ki, yeni regional nəqliyyat layihələri fonunda eksklavlar məsələsi də gündəliyin vacib hissəsinə çevriləcək. Buna görə də Ermənistan daxilində bəzi siyasi qüvvələr Sofulu və Bərxudarlının Azərbaycana qaytarılmasını yalnız sərhəd dəyişikliyi deyil, regionda formalaşan yeni geosiyasi düzənin tərkib hissəsi kimi qiymətləndirirlər.
Erməni dairələrinin narahatlığı göstərir ki, məsələ təkcə iki kəndin taleyi ilə məhdudlaşmır. Ermənistan daxilində bu mövzu təhlükəsizlik, kommunikasiya, daxili siyasət və Cənubi Qafqazda dəyişən regional balans kontekstində qiymətləndirilir. Azərbaycan isə bu məsələyə beynəlxalq hüquq və ərazi bütövlüyünün bərpası prizmasından yanaşmaqda davam edəcəyinə şübhə yoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR