İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müharibə azarkeşləri”nə həyəcanlı çağırış

880 19.07.2026 17:55 Son xəbər A A

“Ətrafımızda müharibələr qızışır. İstənilən müharibənin siyasi, iqtisadi, sosial və ekoloji təsirləri var və bu təsirlər yalnız döyüşən tərəfləri əhatə etmir. Xüsusən müharibələrin xarakteri dəyişdikdən sonra”.

Musavat.com-un məlumatına görə, bu fikirlər hüquqşünas Sahib Məmmədova məxsusdur.

Sosial şəbəkələrdə Rusiya-Ukrayna müharibəsinə aid paylaşımlara, bəzi istifadəçilərin, hətta fikir adamlarının, tanınmış simaların müharibəyə “azarkeşliyi”ni narahatlıqla izləyən S.Məmmədov qeyd edib ki, indiki müharibələr ənənəvi müharibələrdən fərqlidir və bu fərqlilik onun qlobal təsirlərini də artırır:

“Bəzən informasiya müharibəsinin nəticələri daha dağıdıcı olur, nəinki odlu müharibə. Bizdə də məlumat həvəskarları çoxalıb. Məqsədləri də müxtəlifdir. Əslində müharibədən məlumat yayanların müxtəlif məqsədləri ola bilər. Məsələn, baş verənlər barədə izləyiciləri obyektiv məlumatla təmin etmək; müharibənin gedişini təhlil edib proqnozlar vermək; müharibənin bizə təsirləri - mənfi və müsbət - barədə qənaətləri bölüşmək; müharibə edən tərəflərdən birinin informasiya trolu rolunu oynamaq - fərqi yoxdur, sifarişli və ya könüllü şəkildə; tərəflərdən birinin nüfuz agenti - və ya agenti - olub maskalanmaq naminə onu davamlı söymək; insanların əzabından həzz hissini gizlədə bilməmək; sadəcə azarkeşlik və sair”.

SAHİB YENİ.jpeg (76 KB)

Hüquqşünasın fikrincə, hazırda orta statistik sosial şəbəkə istifadəçisini qınamaq da olmur:

“Ordan-burdan əldə etdiyini paylaşıb ən azı “mən də varam” xatırlatması edirlər. Bəs jurnalistlər və ya jurnalistika sahəsində mütəxəssis olanların məqsədi nədir? Bir çoxlarının yaydıqları məlumatlar - əgər ona məlumat demək mümkündürsə - sadəcə ətrafda nə baş verdiyi barədə reallığı anlamayanların futbol azarkeşliyinə oxşayan birtərəfli məlumatlarıdır. Məsələn, “uraa Rusiya batır, dağılır və sair”. Bəs Ukrayna necə? Ölkə artıq darmadağın olub. Kiyev sakininin bir paylaşımını gördüm. “Həyəcan siqnalı” verilib, adam bilir ki, yaxında sığınacaq yoxdur, qorxuya düşən ev heyvanlarını sakitləşdirir, “Titanik” filmində körpəsinə nağıl danışan ananı xatırladır adam…Ukraynada olan Azərbaycan dövlətinin əmlakına ziyan dəyir, biznes sahələri dağılır, səfirlik, konsulluq binaları zərər çəkir - şükür ki, əməkdaşlara ziyan dəyməyib - Rusiyada olan azərbaycanlıların onsuz da günü qara idi, indi vəziyyətləri lap pisləşir. Məsələn, mən hər gün müxtəlif mənbələrdən əldə etdiyim məlumatları toplayıb beynimin imkan verdiyi həddə generasiya edirəm və özümdə qənaətlər formalaşdırıram. Regionumuzda vəziyyət yumşaq desək, yaxşı deyil. Düzünü deyim ki, məsələn, Rusiya-Ukrayna münaribəsi ilə bağlı 2022-ci ildə, müharibə başlayandan 2-3 gün sonra yazdıqlarım - dediklərim, intervülərim, şərhlərim - barədə heç bir qənaətim dəyişməyib. Çalışıram bu mövzu barədə nəsə yazıb orta ağıl sahiblərini, vətənşüvənləri, ora-bura işləyib maskalanmışları qıcıqlandırmayım”.

Sahib Məmmədovun sözlərinə görə, əslində regionda humanitar faciə yaşanır:

“Yeni müharibə aparma qaydaları yeni məhrumiyyətlər gətirib. Təəssüf ki, biz yaxınlığımızda gedən müharibələrə sadəcə seyrçi deyilik. Müharibələrin bizə - ölkəmizə və əhalimizə - kifayət qədər mənfi təsirləri var”.

Ekspert onların bir neçəsini aşağıdakı kimi sadalayıb:

“Soydaşlarımız müharibədə iştirak edir, həlak olurlar və ya xəsarət alaraq sağlamlıqlarını uzun müddətə və ya həmişəlik itirirlər; soydaşlarımızın əmlakına, biznesinə ziyan dəyir - dağılır, məhv olur - və ya dolanışıq vasitələri əllərindən çıxır. Onlar kasıbladıqca burdakı ailələrinin və qohumlarının da sosial vəziyyətləri pisləşir; ölkədə idxal məhsullarının qiymətləri sürətlə artır və bu, hər kəsin cibinə ziyan vurur; nəhayət, milli təhlükəsizliyimizə xələl gətirəcək hallar baş verir və ya verə bilər. Təbii ki, bu, uzun mövzudur, sadəcə, bəzi məqamlara diqqət çəkirəm”.

Hüquqşünas müharibə azarkeşlərinə xitab edib:

“Müharibə idman deyil. Müharibəyə azarkeşlik etməkdənsə, gəlin əmin-amanlıq üçün dua edək! Adrenalin almaq istəyirsinizsə, axşam futbola baxın! Eybi yoxdur, dünyanın ən ermənipərəst dövləti olan Argentinaya azarkeşlik edin! Təki müharibəyə azarkeşlik etməyin!”

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR