İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya çökdükcə, dünya üçün daha böyük təhlükə yaradır: Kreml "nüvə düyməsi"ni yenidən "sülh masası"na gətirir

1236 19.07.2026 16:15 Analitika A A

Ukrayna müharibəsi həm siyasi-diplomatik, həm maliyyə-iqtisadi, həm də hərbi-strateji müstəvidə eyni vaxtda yeni fazaya keçid etməyə başlayıb... ABŞ prezidenti Donald Tramp mümkün sülh razılaşmasına hələ də ümid etsə də, Kreml buna paralel şəkildə nüvə faktorunu yenidən ön plana çıxartmağa çalışır...

ABŞ prezidenti Donald Tramp Ukrayna savaşının dayandırılması üçün növbəti dəfə "sülh pəncərəsi" açmağa çalışır. Rəsmi Kiyev Ağ Ev sahibinin bu yeni təşəbbüsünü prezident Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putin ilə Türkiyədə görüşməyə hazır olduğunu bəyan etməklə, dəstəkləyib. Ancaq Kreml nə qədər qəribə də olsa, bütün bunlara Ukrayna paytaxtı Kiyevə ağır və çoxsaylı raket zərbələri, eləcə də, nüvə faktorunu növbəti dəfə ön plana çıxartmaqla, reaksiya verib.

Məsələ ondadır ki, ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsini özünün prezidentlik müddəti başa çatana qədər dayandırmaq niyyətində olduğunu bir daha bəyan edib. Yəni, əvvəllər ən qısa müddətdə Ukrayna savaşını dayandıra biləcəyini iddia edən Ağ Ev sahibinin bu dəfə zaman intervalını ciddi şəkildə artırması onun Rusiya prezidenti Vladimir Putin artıq qətiyyən güvənmədiyni də göstərir. Və bu baxımdan, Rusiyanın həm enerji sektorunda üzləşdiyi böyük çətinliklər, həm də hərbi-strateji davranışlarını maksimum səviyyədə sərtləşdirməsi Ukrayna savaşının hazırda yeni, eləcə də, olduqca mürəkkəb mərhələyə daxil olduğunu təsdiqləyir.

25c1a25d-cab8-4b91-ae7b-b57d4060d9a0.jpg (162 KB)

Belə anlaşılır ki, münaqişə tərəfləri həm mümkün siyasi razılaşma üçün müəyyən imkanlar axtarırlar. Ancaq eyni zamanda, həm də "sülh masası"nda öz mövqelərini gücləndirmək məqsədilə hərbi və geopolitik təzyiq alətlərini də daha aktiv vəziyyətdə saxlamağa çalışırlar. Və bu, onu göstərir ki, münaqişə tərəfləri "sülh masası"nda müzakirə ediləcək şərt-tələbləri məhz savaş meydanı üzərindən diqtə etməyə üstünlük verirlər.

Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibi Donald Trampın fikrincə, Rusiya prezidenti Vladimir Putin sülh razılaşmasına hazırdır. Ona görə də, Ukrayna münaqişəsinin dayandırılması üzrə anlaşma yaxın vaxtlarda əldə oluna bilər. Ağ Ev sahibinin bu bəyanatı Ukrayna müharibəsinin uzanmasının ABŞ-ın geostrateji maraqlarına uyğun olmadığını göstərir. Və ona görə də, prezident Donald Trampın bu barədə yeni təşəbbüsü Ağ Evin siyasi-diplomatik prosesə növbəti dəfə impuls vermək cəhdi kimi də qəbul edilə bilər.

Digər tərəfdən, Rusiyadakı ölkədaxili vəziyyətlə bağlı verilən son mesajlar Kremlin hərbi və iqtisadi potensialının əvvəlki qədər sabit və ümidverici olmadığını göstərir. Belə ki, "Reuters" agentliyinin məlumatına görə, Ukraynanın son aylarda reallaşdırdığı uzaqmənzilli zərbələrin nəticəsində Rusiyanin neft emalı infrastrukturunun təxminən 40-50 faizi ən azı yaxın vaxtlarda tam gücü ilə fəaliyyət göstərə bilməyəcək. Və bu səbəbdən də Rusiyanın neft şirkətləri Hindistanın neft emalı müəssisələrindən əlavə benzin tədarükü xahiş ediblər.

895423b1-9072-4425-adc3-5c356c02157b.jpg (186 KB)

Maraqlıdır ki, son məlumatlara görə, artıq Hindistandan Rusiyaya ən azı bir partiya benzin göndərilib və yeni tədarüklərlə bağlı danışıqlar isə hələ davam edir. Halbuki, Hindistanın dövlət neft şirkətləri ixracı əhəmiyyətli dərəcədə artırmaq üçün kifayət qədər sərbəst ehtiyatlarının olmadığını da bildiriblər. Və bu baxımdan, yaranmış mövcud vəziyyət Ukraynanın enerji infrastrukturuna qarşı tətbiq etdiyi yeni taktikanın Rusiya iqtisadiyyatı üçün olduqca ciddi problemlər yaratmağa başladığını göstərir.

Belə anlaşılır ki, Kreml ölkədaxili yanacaq balansını qorumaq üçün neft ixrac etdiyi ölkələrdən idxal müraciətinə məcbur qalıb. Əgər, belə vəziyyət davam edərsə, bu, Rusiya üçün uzunmüddətli müharibənin iqtisadi yükünün getdikcə, daha da ağırlaşdığını göstərən önəmli faktor kimi qəbul oluna bilər. Və bu baxımdan, Kremlin yaxın vaxtlarda "sülh masası"nda Rusiyanın neoimperialist şərtlərini əvvəlki kimi israrla diqtə etməyə çalışması o qədər də asan olmayacaq.

Digər tərəfdən, bütün bunlara paralel olaraq, Baltikyanı regionda da təhlükəsizliklə bağlı gərginlik artır. Belə ki, Litva kəşfiyyatı Rusiyanın Baltikyanı ölkələrin və Avropanın önəmli infrastruktur obyektlərinə qarşı hücum xarakterli təxribat planları hazırladığı barədə ciddi xəbərdarlıqlar edib. Və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, belə iddialar Avropa cəmiyyətini daha genişmiqyaslı hərbiləşməyə hazırlamaq məqsədi daşıyan növbəti "qorxu kampaniyası"dır.

14fa6ef5-3793-4ccf-83c5-3ef248df422d.jpg (309 KB)

Eyni zamanda, Kremlin daha sərt mesajı isə Rusiya prezidentinin köməkçisi Nikolay Patruşevdən gəlib. Onun sözlərinə görə, Rusiyanın dəniz əsaslı strateji nüvə qüvvələri artıq tam döyüş hazırlığı vəziyyətindədir və istənilən şəraitdə qarşıya qoyulan vəzifələri yerinə yetirməyə qadirdir. Və Nikolay Patruşev bu qüvvələrin Rusiyanın nüvə üçlüyünün əsas tərkib elementlərindən biri olaraq, strateji çəkindirmə missiyasını davam etdirdiyini vurğulayıb.

Ancaq bununla belə, beynəlxalq təşkilatlar və digər nüvə dövlətləri tərəfindən qlobal nüvə təhlükəsinin səviyyəsinin dəyişdirilməsi barədə hər hansı rəsmi təsdiq verilməyib. Bu isə onu göstərir ki, Nikolay Patruşevin "nüvə bəyanatı" daha çox siyasi-psixoloji təsir məqsədi daşıyan strateji mesaj kimi qiymətləndirilərsə, daha məntiqli olar. Və bu baxımdan, Kremlin indiki situasiyada, Rusiyanın hərbi potensialının tükənməkdə olmasını məhz nüvə faktoru üzərindən təhdidlər ilə kompensasiya etməyə çalışdığını da düşünmək mümkündür.

Göründüyü kimi, Ukrayna müharibəsi həm siyasi-diplomatik, həm maliyyə-iqtisadi, həm də hərbi-strateji müstəvidə eyni vaxtda yeni bir fazaya keçid etməyə başlayıb. ABŞ prezidenti Donald Tramp mümkün razılaşmaya ümid ifadə etsə də, Kreml buna paralel şəkildə nüvə faktorunu yenidən ön plana çıxartmağa çalışır. Eyni zamanda, Rusiya enerji sektorundakı problemlərini aradan qaldırmağa da cəhd göstərir. Və Qərbin təhlükəsizlik narahatlığını isə həm qlobal məkana, həm də ölkədaxili auditoriyaya informasiya müharibəsinin tərkib hissəsi kimi təqdim edir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR