İordaniya hakimiyyəti son saatlarda hər hansı potensial təhlükə aşkarlamadığını və Əqəbədəki beynəlxalq hava limanının və ya dəniz limanının təxliyəsi barədə sərəncam vermədiyini bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə İordaniyanın dövlət informasiya agentliyi hökumət rəsmisinə istinadən məlumat yayıb.
Rəsmi Əmmanın bu bəyanatı ABŞ-nin İordaniyadakı səfirliyinin daha əvvəl yaydığı xəbərdarlıqdan sonra verilib.
Amerika səfirliyi öz vətəndaşlarına "konkret və etibarlı təhlükə" səbəbindən Əqəbə hava limanına və dəniz limanına səyahətdən çəkinməyi tövsiyə edib.
"Reuters" agentliyi də Əqəbə limanlarını idarə edən şirkətin baş direktoruna istinadən xəbər verir ki, dəniz limanı adi rejimdə fəaliyyətini davam etdirir və heç bir təxliyə həyata keçirilməyib.
Lakin ABŞ-nin Əmmandakı səfirliyi isə israrla bildirib ki, yaranmış birbaşa təhlükə ilə əlaqədar İordaniya hakimiyyəti Əqəbə beynəlxalq hava limanını və dəniz limanını təxliyə edib.
Qeyd edək ki, strateji əhəmiyyətli liman şəhəri olan Əqəbə krallığın cənubunda, Qırmızı dənizin Əqəbə körfəzi sahilində, İsrailin Eylat şəhəri ilə üzbəüz yerləşir.
ABŞ səfirliyi xəbərdarlığında vurğulayıb: “Biz ABŞ vətəndaşlarına limana və hava limanına getməkdən qəti şəkildə çəkinməyi tövsiyə edirik. İordaniya hakimiyyətinin göstərişlərinə əməl etmək mütləqdir. Biz həmçinin İordaniyada yerləşən hərbi bazalara baş çəkməməyi də tövsiyə edirik”.
Xatırladaq ki, iyulun 18-də ABŞ hakimiyyəti dünya miqyasında öz vətəndaşları üçün qlobal xəbərdarlıq dərc edib.
Amerika vətəndaşlarına xüsusi ehtiyat nümayiş etdirmək çağırışı edilib:
“Yaxın Şərqdə artan gərginlik İran tərəfindən dəstəklənən terror qruplaşmalarının ölkəmizdən kənarda ABŞ-la bağlı obyektlərə zərbə endirməyə cəhd göstərməsi riskini xeyli artırır”.
Musavat.com






