İnsanlara hürriyət, millətlərə istiqlal!

Anar Əsədlinin məhkəməsində dava düşdü

960 09.01.2026 18:51 Hadisə A A

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Zibeydə Sadıqova vəsatətlər verib.

O, təqsirləndirilən şəxsin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsini xahiş edib. Digər vəsatətində isə Anar Əsədlinin şüşə arxasından çıxarılaraq yanında əyləşməsini xahiş edib.

Ev dustaqlığı ilə bağlı vəsatət təmin edilməyib, amma digər vəsatət təmin edilib.

Prosesin davamında Anar Əsədli dövlət ittihamçısının sualını cavablandırarkən bildirib ki, onun hazırda heç bir zərərçəkənə borcu yoxdur. Etibar Nəsibova isə 3000 dollar borcu qaytarmağı təklif etməsinə baxmayaraq o, pulu qəbul etməyib: "Mənim hazırda heç kimə borcum yoxdur. Bəli, borc almışam və ya seçkilərdə müəyyən vəsait qoyulub. Amma mən onları qaytarmışam. Heç kimə də yalan vəd verməmişəm".

İclasda sədrlik edən hakim siyasətlə maraqlandığını, lakin Anar Əsədlinin adını ilk dəfə eşitdiyini söyləyib.

Anar Əsədli digər sualları cavablandırmaq istəmədiyini deyib.

Prosesin davamında zərərçəkən Oqtay Qasımov ifadə verib. O bildirib ki, Anar Əsədlinin daha çox qazanc əldə edəcəyi vədinə inanaraq ona müxtəlif vaxtlarda 3 dəfə 50 min dollar, ümumilikdə 150 min dollar pul verib: "Anar Əsədli ilə 1997-ci ildən tanışıq. O zaman hələ o, jurnalist kimi çalışırdı. Bizim yaxın münasibətimiz olub. Düzdür ki, birlikdə çörək kəsmişik. 2016-cı ildə İstanbulda ev alğı-satqısına işlərində pul qazanacağımız vədi ilə məndən 50 min dollar pul alıb. Daha sonra 2017-ci ildə bu işlə bağlı daha 50 min pul alıb. 2018-ci ildə isə xəstəxana layihəsinə tenderdə iştirakla bağlı daha 50 min dollar pul alıb. Ondan səs çıxmayanda pulu götürərək Azərbaycana gətirməsini istəmişəm. Elə həmin il 200 min dollarımızı gətirərək "Moskva Univermağı"nda işləyən qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan qohumu Vahid Cəfərovla birgə işə yatırıb. Anar Əsədli 2019-cu ilin fevralında Türkiyə şirkətinə layihə almaqla bağlı dəyəri 7.8 milyon dollar olan tender udduqlarını söyləyərək 1 milyon dollar qazanacağı vədini vermişdi. Övladım Türkiyəyə gedərkən ondan xahiş etdim ki, mənə 6800 dollar vəsait çatdırsın. Amma o çatdırmadı. O, keçən məhkəmə iclasında bildirib ki, guya mənə maddi yardım edib. Bu "uğurlu" iş adamı 2019-cu ildə atasının yası zamanı digər zərərçəkən Etibar Nəsibovdan bir aylığına 5000 dollar borc alıb, üstündən 6 il keçməsinə baxmayaraq hələ də bu pulu qaytarmayıb. Düşünün ki, bu necə iş adamıdır".

Bu zaman Anar Əsədli ilə zərərçəkən arasında mübahisə düşüb və onlar bir-birini təhqir edib.

Hakimin qərarı ilə Anar Əsədli yenidən şüşə qəfəs arxasına salınıb.

O. Qasımov ifadəsinin davamında polisə şikayət etmək niyyəti olmadığını deyib: "Yenə qeyd edirəm, biz ailəliklə yaxın olmuşuq. İstəmirdim məsələ bu yerə gəlsin. Lakin, pulumu geri istəyəndə mənə dedi ki, get əlindən gələni et. Məndə gedib şikayət etdim. Nəticəsi o oldu ki, mənə dəyəri 90 min manat olan ev təklif etdilər. Əvəzində dedilər ki, notariusa gedək. Mən dedim vəkillə gedək, razı olmadılar. Qardaşı ilə vəkili oranı mənə göstərdi. Anarın qardaşına dedim ki, ehtiyacım olan 60 min dolları gətir ver, qalanını razılaşdıraq. Daha sonra məbləğ ödənilmədi".

Vaxt məhdudiyyəti ilə əlaqədar proses fevralın 6-da davam edəcək.

Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsibov və Tamara Allahverdiyeva tanınıb.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR