Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə görə məhkum edilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın apellyasiya şikayətinə baxılacağı tarix müəyyənləşib.
Musavat.com xəbər verir ki, bu barədə saytımıza vəkil Hikmət Əliyev məlumat verib. Vəkilin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilk məhkəmə iclası iyulun 22-nə təyin olunub. İşə hakim Elnur Nuriyevin sədrliyi ilə baxılacaq.
Hikmət Əliyev müvəkkilinin səhhəti ilə bağlı sualı da cavablandırıb:
"Bir uşağı xəstə olan dörd övlad anası həbsdədirsə, məlum məsələdir ki, vəziyyəti necə olar. Amma kəskin bir hal mövcud deyil".
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.
İttihama görə, İlduzə Hacıyeva avtomobili ilə dönmə əməliyyatı həyata keçirərkən arxadan gələn nəqliyyat vasitəsinin qarşısına çıxıb. Nəticədə həmin avtomobil idarəetməni itirərək qəzaya uğrayıb. Hadisə nəticəsində bir nəfər həyatını itirib, daha bir nəfər isə ağır xəsarət alıb.
İlkin istintaq dövründə İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilsə də, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə yekun ittiham irəli sürülüb.
İndi isə onun barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Şahanə Rəhimli
Musavat.com






