İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda “Stepanakert əməliyyatı” - Bakıdan REAKSİYA

1045 16.07.2026 13:16 Siyasət A A

Ekspert: "Biz sayıqlığımızı itirməməliyik"

 

İyunun 7-də keçirilmiş parlament seçkilərində baş nazir Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının təkrar qələbə qazanması Ermənistanda Qarabağda ləğv edilmiş qondarma rejimin qalıqlarına ciddi zərbə vurub. Seçkilərdə revanşist müxalifətin məğlub olması Qarabağdan qaçıb Ermənistanda gizlənən separatçı dəstə üzvlərini daha da pərakəndə duruma salıb.
Robert Köçəryanın, ya da Samvel Karapetyanın timsalında hakimiyyətə gələcəyinə, ermənilərin kütləvi Qarabağa köçürüləcəyinə və uydurma rejimin fəaliyyətini bərpa edəcəyinə dair xülyalara son qoyulub. Bunun ilk təsiri özünü qondarma rejimin “parlament”inin sədri adlandıran Aşot Danielyanın “istefa verməsində” göstərdi. Samvel Şahramanyandan sonra başsız qalmış separatçı ünsürlərə müvəqqəti olaraq Danielyan rəhbərlik edirdi. Lakin parlament seçkilərində “Qarabağ hərəkatı”na son qoymağı təklif edən və Azərbaycanla sülh müqaviləsinin tərəfdarı olan Nikol Paşinyanın qələbəsi separatçıların son ümidlərinə nöqtə qoydu. Real vəziyyəti nəzərə alan Aşot Danielyan boş yerə vaxt itirməyin mənasız olduğunu anlayıb, iyulun 2-də qondarma postundan istefa verdi. Bununla, qondarma rejimin qalıqları arasında pərakəndəlik daha da artıb.
“Hraparak” qəzetinin yazdığına görə, “parlament”in “Azad Vətən” Partiyası adlı separatçı dəstə üzvlərinin heç biri Paşinyanın hədəfinə çevrilməmək üçün uydurma qurumun “rəhbərliyinə” öz namizədliyini irəli sürmək istəmir.

Hüquqşünas Sahib Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, Paşinyan öz hakimiyyətini möhkəmləndirməkdə davam edir: “İndi Ermənistanın düşməni yoxdur. Azərbaycanla münasibətlərin yaxşı istiqamətdə inkişafı onun Türkiyə və Pakistanla da münasibətlərində müsbət dinamikaya səbəb olub. Nəticədə Paşınyanın apardığı siyasət Ermənistanın düşmən saydığı dövlətləri neytrallaşdıra bilib. Bir-birinə düşmən olan dövlət və ittifaqlarla dostuq və əməkdaşlıq münasibətləri qurub və hamısından faydalanır. Həm Ermənistan, həm də şəxsi hakimiyyətini möhkəmlədirmək üçün... Keçirdiyi seçkilərə də Rusiyadan başqa heç bir dövlətdən etiraz gəlmədi. Avropa İttifaqı isə seçkiləri demokratik və ədalətli adlandırdı. Əslində isə Paşinyan seçkiləri öz rəqiblərinə qarşı misli görünməmiş təzyiqlərlə keçirmişdi”.
S.Məmmədov qeyd edib ki, Rusiyanın da etirazının arxasında məlum səbəblər dururdu: “Ona görə xəbərdaredici tədbir olaraq “çiyələk və qaysı sanksiyası” tətbiq etmişdi. Paşinyan Rusiyaya etdiyi son səfərdə deyəsən onları da razı sala bildi. Belə olan halda Ermənistandakı müxalifətə qarşı repressiyaları davam etdirmək Paşinyana daha asan olacaq. Separatçılar da müxalifət qanadına aiddir və bu baxımdan onlar da təzyiqlərə məruz qalacaq. Qondarma və artıq olmayan qurumun qondarma rəhbərlərinin istefaları da bununla bağlıdır”.
Azərbaycanın münasibətinə gəldikdə, hüquqşünas bildirib ki, biz arxayınlaşa bilmərik: “Paşinyan və ya qeyrisi çox qısa müddətdə separatizmi canladıra bilər, əgər buna fürsət yaranarsa... Mən dəfələrlə qeyd etmişəm, indidə də qətiyyətlə deyirəm ki, ən qatı revanşist Paşinyanın özüdür. Ona görə də bizi pərən-pərən düşmüş separatçı qalıqları deyil, Paşinyan hakimiyyətinin o qədər də sülhyönümlü olmayan fəaliyyətləri narahat etməlidir. Ermənistan işğal dövründə yalnız təmas xəttində deyil, Azərbaycanın daxilində də cəbhə açmaq istəyirdi və bu istiqamətdə cəhdləri də var idi. Bu proses indi də davam edir. Ermənistan sülhdən dəm vurub silahlanmada davam edir. Özü də elə silahlarla ki, o silahlarla müharibə yalnız döyüş əməliyyatı zonalarında olmayacaq. Əlbəttə, Azərbaycan bütün hallarda Ermənistana cavab verəcək gücdədir və heç zaman şansları olmayacaq. Amma biz cəhdlərdən danışırıq və görünün budur ki, Paşinyan hökuməti vaxt uzatmaqla məşğuldur”.
Azərbaycan və Ermənistan delimitasiya işlərinə dair təlimat layihələrinin  mətnlərini razılaşdırıb Azərbaycan və Ermənistan tərəfləri delimitasiya  işlərinin həyata keçirilməsi qaydasına dair təlimat layihələrinin  mətnlərini razılaşdırıb və mübadilə ...

S.Məmmədov bu il sülhə doğru hər hansı ciddi addım gözləmədiyini qeyd edib: “Bildiyimiz kimi, Azərbaycan üçün ən prinsipial məsələlər Azərbaycanın ərazi bütövlüyünün sözdə yox konstitusiya səviyyəsində tanınmasıdır. Bu il baş verməyəcək. Sərhədlərin delmitasiyası və demarkasiyası istiqamətində ciddi irəliləyiş yoxdur. Zəngəzur dəhlizi ilə bağlı hələlik real addımlar atılmayıb. Ermənistanda Azərbaycan xalqına qarşı nifrət hissinin azaldırlmasına yönələn heç bir işlər görülmür. Separatçı qalıqların sıxışdırlması isə Paşinyana rəqiblərini sıradan çıxarmaq üçün lazımdı. “Qarabağ kartı” Paşinyan üçün təhlükəlidir. O kartı öz cibində (əlində yox) saxlamaq istəyir. Biz sayıqlığımızı itirməməliyik. Ermənistanla bağlı beynəlxalq müstəvidə fəal işin səngiməsi və ya səngidilməsi də o qədər də yaxşı əlamət deyil. Ermənistan hakimiyyətinin loyallığı fonunda Ermənistan QHT-lərinin, erməni lobbisinin və erməniçiliyi dəstəkləyənlərin anti-Azərbaycan fəaliyyəti daha da sürətli davam edir”.

E.Paşasoy,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR