Avropa İttifaqı 2026-2027-ci illərdə müharibədən sonrakı yenidənqurma və humanitar yardım üçün Suriyaya 722 milyon dollar ayıracaq.
Musavat.com xəbər verir ki, məlumatı Dəməşqdə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen açıqlayıb. Avropa Şurasının prezidenti Antonio Kosta ilə birlikdə o, Suriyaya səfər edib və onun prezidenti Əhməd əl-Şaraa ilə görüşüb.
Livan televiziya kanalı “Əl-Cədid” fon der Lyayenin çıxışını yayıb: "Suriyanın yenidənqurma ehtiyacları çox böyükdür; mən bunu öz gözlərimlə görmüşəm". O, Aİ-nin Suriya ilə əməkdaşlıq müqaviləsini yeniləmək üçün danışıqlara başlamaq niyyətində olduğunu və "yüksək səviyyəli danışıqlar da daxil olmaqla yeni siyasi tərəfdaşlıq proqramına başlayacağını" açıqlayıb.
Mətbuat konfransında fon der Lyayen hökumət qüvvələri ilə kürd silahlıları arasında toqquşmaların baş verdiyi Hələb şəhərində zorakılığın artması ilə bağlı narahatlığını bildirib. O, "bütün tərəflərin dialoqa qayıtmasının vacibliyini" vurğulayıb.
Yerli "Əl Vətən" qəzeti Aİ və Avropa Komissiyası prezidentlərinin səfərini "illərdir davam edən uzaqlaşmadan sonra Suriya ilə Avropa Birliyini bir-birinə daha da yaxınlaşdıran mühüm diplomatik addım" adlandırıb.
Bundan əlavə, fon der Lyayen və Kosta Yaxın Şərq turnesi çərçivəsində Livana da səfər ediblər. Prezident Cozef Aun ilə görüşdə onlar "Livan dövlətinin sabitliyi və çiçəklənməsinə sarsılmaz dəstəklərini" ifadə etdilər. Eyni zamanda Livan lideri Aİ-dən 1,5 milyon suriyalı qaçqının vətənlərinə qayıtmasına kömək etməsini istəyib.
8 yanvarda fon der Leyen və Kosta Əmmanda İordaniya Kralı II Abdullah ilə də görüşüblər. Danışıqlarından sonra iqtisadi tərəfdaşlığı gücləndirmək üçün aprel ayı üçün birgə investisiya konfransı elan edilib. Bəyanatda kral silahlı qüvvələrinə Avropanın dəstəyinin, eləcə də təhlükəsizlik və terrorizmə qarşı mübarizədə əməkdaşlığın vacibliyi vurğulanıb.
Musavat.com






