Avropa İttifaqı İranda baş verən kütləvi etirazlara münasibətini açıq şəkildə ifadə edib.
Musavat.com xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Tehranda və dünyanın müxtəlif şəhərlərində azadlıq tələbi ilə küçələrə çıxan iranlı qadın və kişilərə tam dəstək verdiklərini bəyan edib. O, etirazların zorakılıqla yatırılmasını kəskin şəkildə pisləyib və rəsmi Tehrana birbaşa çağırışlar səsləndirib.
Ursula fon der Leyen X sosial media platformasında yazıb:
“Tehran küçələrində və dünyanın müxtəlif şəhərlərində iranlı qadın və kişilərin azadlıq tələb edən fəryadları eşidilir. Danışmaq, toplaşmaq, səyahət etmək və hər şeydən əvvəl azad yaşamaq azadlığı. Avropa onları tam dəstəkləyir. Biz bu qanuni nümayişlərin qəddarcasına yatırılmasını birmənalı şəkildə pisləyirik. Məsul şəxslər tarixin səhv tərəfində qalacaqlar. Həbsdə olan bütün etirazçıların dərhal azad edilməsinə çağırırıq. Tam internetə çıxışın bərpasına çağırırıq. Və nəhayət, fundamental insan hüquqlarına hörmət etməyə çağırırıq”.
Avropa Komissiyasının bu mövqeyi İranda son günlər yaşanan gərginlik fonunda səsləndirilib. Son bir həftə ərzində ölkədə baş verən hadisələr faktiki olaraq böhranın dərinləşdiyini göstərir.
İranda etiraz dalğası iqtisadi səbəblərlə başlayıb. Riyalın kəskin dəyər itirməsi, qiymətlərin sürətlə artması və sosial vəziyyətin ağırlaşması ilk olaraq Tehran Böyük Bazarı və iri şəhərlərdə narazılığa səbəb olub. Qısa müddət ərzində iqtisadi tələblər siyasi şüarlara çevrilib və etirazlar rejim əleyhinə açıq aksiyalar formasını alıb.
Bir neçə gün ərzində etirazlar paytaxtla məhdudlaşmayaraq ölkənin onlarla şəhərinə yayılıb. Etirazçılar bəzi yerlərdə dövlət rəmzlərini endirib, inzibati binaların qarşısında toplaşıb, küçələrdə açıq şəkildə rejimi hədəf alan şüarlar səsləndiriblər. Ayrı-ayrı bölgələrdə təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar baş verib, silahlı qarşıdurmalar barədə məlumatlar yayılıb.
Hökumətin cavabı sərt olub. Güc strukturları kütləvi həbslərə başlayıb, xüsusi təyinatlı bölmələr şəhərlərə yeridilib. İnsan haqları təşkilatlarının məlumatlarına görə, son günlər onlarla insan həyatını itirib, yüzlərlə, hətta minlərlə şəxs saxlanılıb. Ölənlər arasında mülki şəxslərlə yanaşı, təhlükəsizlik əməkdaşlarının da olduğu bildirilir.
Etirazların genişlənməsi fonunda hakimiyyət informasiya axınını nəzarətə almağa çalışıb. Bir sıra bölgələrdə internetin tam və ya qismən kəsildiyi, sosial şəbəkələrə çıxışın məhdudlaşdırıldığı barədə məlumatlar yayılıb. Bu addım beynəlxalq ictimaiyyət tərəfindən ciddi tənqid olunub və informasiya blokadası kimi qiymətləndirilib.
Son günlərdə ümumi tətillər, mağazaların bağlanması, nəqliyyatın iflic vəziyyətinə düşməsi barədə xəbərlər də yayılıb. Bəzi şəhərlərdə etirazların miqyası o həddə çatıb ki, yerli idarəetmə faktiki olaraq iflic vəziyyətinə düşüb. Hakimiyyət isə baş verənləri “xarici qüvvələrin təxribatı” kimi təqdim edir və təhlükəsizlik tədbirlərini daha da sərtləşdirir.
Məhz belə bir vəziyyətdə Avropa Komissiyasının prezidenti tərəfindən səsləndirilən bəyanat beynəlxalq təzyiqin artdığını göstərir. Ursula fon der Leyenin çağırışı, həbs olunan etirazçıların azad edilməsi, internetin bərpası və fundamental insan hüquqlarına hörmət Avropa İttifaqının İrandakı proseslərə münasibətdə açıq siyasi mövqe tutduğunu ortaya qoyur.
Müşahidəçilərin fikrincə, qarşıdakı günlər İranda vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edəcək. Etirazların genişlənməsi və beynəlxalq reaksiyanın sərtləşməsi Tehran üçün həm daxili, həm də xarici müstəvidə ciddi sınaq kimi qiymətləndirilir.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com






