Avropa ölkələri Ukrayna müharibəsinin sona çatdırılması və qitənin yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması prosesindən kənarda qalmamaq üçün diplomatik hücuma keçib.
Musavat.com xəbər verir ki, "Bloomberg" və "Reuters" agentliklərinin yaydığı məlumata görə, Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonne 3 fevral 2026-cı il tarixində Moskvaya məxfi səfər edərək Kremlin yüksək rütbəli rəsmiləri, o cümlədən Rusiya liderinin köməkçisi Yuri Uşakovla görüşüb. Səfərin əsas məqsədi Rusiyanı inandırmaqdır ki, Avropanın təhlükəsizliyinə dair hər hansı bir qərar avropalıların birbaşa iştirakı olmadan qəbul edilə bilməz və Avropa İttifaqı (Aİ) öz maraqlarının nəzərə alınmadığı heç bir sülh sazişini "kor-koranə" imzalamayacaq.
Diplomatik mənbələr bildirir ki, Bonnenin bu missiyası həm də Donald Tramp administrasiyasının Ukrayna ilə bağlı apardığı ikitərəfli (ABŞ-Rusiya) danışıqlara Avropanın "viza" vermək cəhdidir. Avropalı liderlər narahatdırlar ki, Vaşinqton və Moskva arasında əldə oluna biləcək razılaşma Avropanın strateji maraqlarını zərbə altına qoya bilər. Buna görə də Paris, Berlin və digər müttəfiqlər sülh masasında mütləq şəkildə "əlahiddə yer" tələb edirlər. Fransa tərəfi bu təmasların Ukrayna Prezidenti Vladimir Zelenski və digər müttəfiqlərlə tam şəffaflıq şəraitində aparıldığını vurğulasa da, Moskvanın bu təşəbbüsə hələlik ehtiyatla yanaşdığı və yaxın vaxtlarda müzakirələrin yeni mərhələsinin başlayacağı gözlənilir.
Musavat.com






