Rusiyada bankomatlarda yeni dələduzluq üsulu yayılıb.
Musavat.com xəbər verir ki, bankomatda unudulmuş kimi görünən bank kartına toxunan şəxslər fırıldaqçıların hədəfinə çevrilə bilərlər.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, dələduzlar qəsdən bank kartını bankomatda qoyaraq təsadüfi şəxsləri tələyə salırlar.
Ssenariyə görə, yoldan keçən şəxs bankomatda qalan kartı görərək onu götürür və ya sahibinə qaytarmağa çalışır. Elə bu anda özünü kartın sahibi kimi təqdim edən şəxs və onun əvvəlcədən razılaşdırılmış şahidləri ortaya çıxaraq həmin adamı oğurluqda ittiham edirlər.
Bundan sonra zərərçəkən polisə veriləcəyi ilə hədələnir və məsələni yerində həll etmək üçün ondan pul tələb olunur. Stress və qorxu içində qalan bəzi insanlar isə bu tələblə razılaşırlar.
Rusiya Daxili İşlər Nazirliyi vətəndaşlara bankomatda tapılan yad kartlara toxunmamağı, belə hallarla qarşılaşdıqda isə bank əməkdaşına və ya bankın müştəri xidmətinə məlumat verməyi tövsiyə edir.
Musavat.com






