Telefonda danışarkən fərqinə varmadan irəli-geri gəzmək bir çox insanda müşahidə olunan adi davranışdır. Psixoloqlar bildirirlər ki, bunun səbəbi beynin düşünmə prosesi ilə bədən hərəkətləri arasında olan əlaqədir.
Stanford Universitetinin tədqiqatçıları Marily Oppezzo və Daniel Schwartzın apardıqları araşdırmaya görə, yerimək yaradıcı düşünmə qabiliyyətini gücləndirə bilər. Tədqiqat zamanı iştirakçıların oturarkən və yeriyərkən zehni performansı müqayisə olunub.
Araşdırmanın nəticələrinə əsasən, iştirakçıların 81 faizi yaradıcılıq testlərində yeriyərkən daha yüksək nəticə göstərib. Tədqiqatçılar qeyd edirlər ki, hərəkət etmək yeni ideyaların formalaşmasına, sözlərin seçilməsinə və fikirlərin daha rahat təşkil edilməsinə kömək edir.
Bununla yanaşı, mütəxəssislər vurğulayırlar ki, bu təsir yalnız yaradıcı düşünmə tələb edən tapşırıqlarda özünü göstərir. Yeganə düzgün cavabın tələb olunduğu və yüksək diqqət tələb edən tapşırıqlarda yeriməyin eyni dərəcədə üstünlük yaratdığı müəyyən edilməyib.
Psixoloqların sözlərinə görə, telefonda danışarkən gəzmək hər zaman stress və ya narahatlığın əlaməti kimi qiymətləndirilməməlidir. Bu davranış əksər hallarda beynin düşünmə prosesini dəstəkləyən təbii reaksiyadır.
"Nature" jurnalında dərc olunmuş digər araşdırma da danışıq zamanı jest və bədən hərəkətlərinin düşünmə prosesinin ayrılmaz hissəsi olduğunu göstərir. Araşdırma zamanı müəyyən edilib ki, doğuşdan görmə məhdudiyyəti olan insanlar, hətta qarşı tərəf də görmə məhdudiyyətli olduqda belə, danışarkən əl-qol hərəkətlərindən istifadə edirlər. Bu isə bədən hərəkətlərinin təkcə ünsiyyət üçün deyil, düşünmə prosesini dəstəkləyən təbii mexanizm olduğunu göstərir.//Demokrat.az






