Azərbaycan daha bir mötəbər beynəlxalq futbol turnirinə ev sahibliyi etməyə hazırlaşır. FİFA-nın təsdiqlədiyi qərara əsasən, 2026-cı ildə ölkəmizdə U-15 dünya çempionatı keçiriləcək. Yarış başlamamış indidən gündəm yaradıb. Belə ki, Ukrayna müharibəsindən sonra beynəlxalq futbolun əsas yarışlarından kənarda qalan Rusiya yığmaları uzun fasilədən sonra ilk dəfə FİFA bayrağı altında keçirilən mundial xarakterli turnirdə öz ölkələrinin bayrağı və himni ilə meydana çıxa biləcəklər. Bu qərar həm futbol, həm də beynəlxalq siyasət müstəvisində geniş müzakirələrə səbəb olub.
Bir tərəfdən FİFA bütün üzv assosiasiyaları yeni yaradılan U-15 dünya çempionatına cəlb etməyə çalışır, digər tərəfdən isə Rusiyanın beynəlxalq arenaya qayıdışı ilə bağlı mübahisələr yenidən gündəmə gəlir. Məhz bu baxımdan, Bakıda keçiriləcək ilk U-15 mundialı indidən dünya futbol ictimaiyyətinin diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Rusiya yığmaları 2022-ci ildən sonra FİFA və UEFA-nın əsas yarışlarından kənarda qalmışdı. 2023-cü ildə FİFA Rusiya U-17 komandalarının beynəlxalq turnirlərə yalnız neytral statusda, bayraqsız və himnsiz qayıtmasına icazə vermişdi.
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-a açıqlamasında bunu Rusiyaya münasibətin dəyişməsi kimi qələmə verilməsinin əleyhinə olduğunu söylədi: “FİFA-nın 2026-cı ildə Azərbaycanda keçiriləcək U-15 dünya çempionatında bütün üzv assosiasiyaların iştirak imkanlarını genişləndirmək qərarının idman çərçivəsindən kənara çıxaraq siyasi müstəvidə də müzakirələrə səbəb olması təbiidir. Xüsusilə Rusiyanın mümkün iştirakı məsələsi son illərdə beynəlxalq idmanda tətbiq edilən məhdudiyyətlər və siyasi qərarların idman sahəsinə təsiri fonunda diqqət çəkir.
Məlumdur ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarından sonra bir sıra beynəlxalq idman təşkilatları Rusiya komandalarının iştirakına məhdudiyyətlər tətbiq etdi. Bu qərarlar əsasən siyasi təzyiq mexanizmi idi və əslində idmanın beynəlxalq münasibətlərdə bir vasitə kimi istifadə olunduğunu göstərirdi. Lakin son dövrdə bəzi qurumlarda yanaşmaların yumşalması və gənc idmançıların siyasi qərarlardan ayrı tutulması ilə bağlı addımların atıldığı müşahidə olunur. FİFA-nın mümkün qərarını da bu kontekstdə qiymətləndirmək lazımdır. Burada əsas məsələ Rusiyaya "yaşıl işıq" yandırılıb-yandırılmaması deyil, beynəlxalq idman strukturlarının siyasi böhranlarla necə davranmasıdır. FİFA özünü qlobal futbol qurumu kimi təqdim edir və uzun müddətdir ki, idmanın bütün ölkələr və xalqlar arasında əlaqə platforması olduğunu vurğulayır. Bu baxımdan, gənclər arasında keçirilən turnirlərin daha inklüziv formatda təşkili ideyası təşkilatın yanaşmasının bir hissəsi kimi görünə bilər.
Bununla yanaşı, Rusiyanın iştirakının siyasi mübahisələr doğurması da təbiidir. Çünki beynəlxalq idman yarışlarında iştirak texniki məsələ deyil, həm də simvolik məna daşıyır. Bayraq, himn və milli komandanın statusu dövlətin beynəlxalq görünürlüyünə təsir edən amillərdir. Məhz buna görə Rusiyanın böyük fasilədən sonra belə bir turnirdə milli atributlarla iştirakı siyasi mesaj kimi də qəbul edilə bilər. Amma onu da qeyd edim ki, idman yarışında iştirakın bərpası avtomatik olaraq siyasi legitimliyin tam bərpası anlamına gəlməməlidir.
Odur ki mən, FİFA-nın yanaşmasını Rusiyaya münasibətdə tam siyasi dönüş kimi deyil, beynəlxalq idman qurumlarının öz fəaliyyət prinsiplərini yenidən balanslaşdırmaq cəhdi kimi qiymətləndirməyin tərəfdarıyam”.
Cavanşir ABBASLI
Musavat.com






