XX–XXI əsrlərin nəhəng intellektualları - filosof Yurgen Habermas və sosioloq Entoni Giddensin Avropa İttifaqı haqqında yazdıqları kitablar Qərbdə bestsellerə çevrilib.
Habermasın “Ah, Avropa” kitabı birbaşa Avropa dövlətlərinin mövcud siyasi “elitası”na ünvanlanıb.
Böyük filosof yazır: “Siyasi birlik əhalinin başı üzərindən formalaşmış və indiyədək ‘elita’ adlandırılanların layihəsi kimi qalıb. Bu birlik demokratiya defisiti və qanunvericiliyin bürokratik xarakteri şəraitində fəaliyyət göstərir”.
Habermas qeyd edir ki, Avropa əhalisinin böyük hissəsi – 68 faizi Avropa Birliyini dəstəkləmir və onun konstitusiyasının demokratik şəraitdə qəbul olunmasını istəyir.

Habermas
Filosofun fikrincə, “maneçilik əhalidən yox, hökumətlərdən gəlir”.
O, əlavə edir ki, Avropa milli məsələlərlə həddindən artıq məşğul olmaqla öz dəyərlərini getdikcə itirir.
Habermas Avropa Birliyinin köklü problemlərini sadalayaraq bir neçə mühüm məqama toxunur:
Birinci problem – ciddi ittiham xarakterlidir. Filosof bildirir ki, “Avropa dövlətləri – Avropa Birliyinin üzvləri demokratik birlik prosesində demokratik substansiyanı, yəni mahiyyəti itiriblər”.
O, bu vəziyyəti “demokratik defisit” adlandırır.

İkinci problem – Avropa dövlətləri həmrəy şəkildə birləşərək ABŞ-ın qlobal siyasətinə qarşı durmağı bacarmalı idilər. Habermasa görə, ABŞ İraq müharibəsindən çəkindirilməli idi.
Üçüncü problem – Avropa Birliyi “ləyaqətli insanın” sosial standartlarını formalaşdırıb həyata keçirə bilmədi. Halbuki bu model digər ölkələr üçün dünya təsərrüfat fəaliyyətində subyektlər arasında ədalətli tarazlığın təmin olunmasına nümunə ola bilərdi.
Dördüncü problem – “cəmiyyətin daxili həyatında mədəni plüralizmin fundamentalist istiqamətdə ağırlaşmasıdır”. Paris hadisələri və Avropa şəhərlərinin immiqrant məhəllələrində baş verənlər bu problemin real nəticələri kimi xatırladılır. Habermasın qaldırdığı bu məsələ bu gün artıq daha açıq və kəskin şəkildə görünür.

Entoni Giddensin “Avropanı gələcəkdə nə gözləyir?” kitabında isə fərqli, lakin tamamlayıcı mənzərə təqdim olunur. Giddens xatırladır ki, Avropa İttifaqına üzv ölkələrin ümumi əhalisi 500 milyon nəfəri ötür, Avro isə qlobal miqyasda iqtisadi tranzaksiyalarda istifadə olunur. Buna baxmayaraq, Avropa İttifaqı kəskin böhran dövrü yaşayır və bu böhran artıq İttifaqın mövcudluğunu təhlükə altına alır.

Giddens
Böyük sosioloqun fikrincə, bütün qitə üzrə yeni bölücü xətlər açıq şəkildə görünür və bu, Avropa İttifaqının nüfuzuna ciddi zərbə vurur. Giddens hesab edir ki, mövcud durumu yalnız Avro ilə əlaqələndirmək düzgün deyil. Onun fikrincə, Avropa İttifaqı təkcə daxildə deyil, dünyanın böyük hissəsi ilə münasibətlərində də ciddi problemlər yaşayır.
Giddens vurğulayır ki, Avropadakı böhran təkcə valyuta sabitliyi ilə bağlı deyil və artıq bütöv Avropa layihəsi üzərində yenidən düşünməyin vaxtı çatıb.
Mütəxəssislər bu kitabları Avropada baş verən prosesləri anlamaq üçün əvəzsiz mənbə kimi dəyərləndirirlər.

Etibar Əliyev,
sabiq millət vəkili






